Nazir: «Əməkdaşlarımızda ünvanlı yardım kartı aşkarlanarsa, ciddi cəza tədbiri görüləcək»
Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilib. Nazirlikdən APA-ya verilən məlumata görə, müşavirədə nazir Fizuli Ələkbərov bır sıra tapşırıqlar verib. Müşavirədə ünvanlı dövlət sosial yardımının ödənişində kart sisteminin tam tətbiq edilməsi, ünvanlı yardım təyin olunanlara ödəniş kartlarının artıq Əhalinin Sosial Müdafiəsi Mərkəzləri tərəfindən deyil, məhz banklar tərəfindən təqdim olunması, hər hansı mərkəzdə bir ədəd belə kart aşkar edildiyi təqdirdə, ciddi cəza tədbirinin görülməsi üçün tapşırıqlar verib.
Qeyd edək ki, “Azadlıq”ın ötən sayında bu istiqamətdə xəbər dərc edilmişdi. Xəbərdə deyilirdi ki, hüquq-mühafizə orqanları ölkədəki bankomatların yaddaşlarının araşdırarkən cinayət tərkibli xeyli faktlar ortaya çıxarıb.
Araşdırmalar zamanı məlum olub ki, Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin əməkdaşları ayrı-ayrı şəxslərə məxsus kartlar istifadə edərək onlara məxsus yardımları alıblar.
Bu səbəbdən, nazir F.Ələkbərovun məlum çıxışını “Azadlıq”da dərc edilən xəbərə reaksiya kimi də qiymətləndirmək olar.
İnformasiya şöbəsi