Qobustanda mömünləri qar üstündə namaz qılmağa məcbur etdilər
“Bu allahsız, dinsiz rəhbərlər elə düşünürdülər ki, bizə ibadət etməyə mane olacaqlar”
Fevralın 4-də Qobustan rayonunun mərkəzi Mərəzə qəsəbəsində yerləşən məscidlərdən biri möhürlənib.
Rayon sakinlərinin bildirdiyinə görə, artıq ikinci həftədir ki, Qobustan rayonunun rəsmiləri insanların məscidə gəlib namaz qılmasına imkan vermir: «Ötən həftə qapını qıfıllamışdılar. Xeyli əziyyətdən sonra qapını açmağa və ibadətlə məşğul olmağa imkan tapdıq. Bu dəfə də cümə namazına gələndə gördük ki, məscidin qapısını möhürləyiblər. Öyrəndik ki, məscid İH başçısı İsmayıl Vəliyevin göstərişi ilə möhürlənib».
Məscidin möhürlənmə səbəblərini bilməyən mömünlər Allah ocağının bağlanmasına etiraz ediblər. Etirazları qəbul edilmədikdə isə hamılıqla açıq havada, qar üstündə namaz qılmağa qərar veriblər: «Bu allahsız, dinsiz rəhbərlər elə düşünürdülər ki, bizə ibadət etməyə mane olacaqlar. Biz də məscidin həyətində, qarın üstündə namazımızı qıldıq».
Mərəzə qəsəbəsində havanın həddən artıq soyuq olduğunu və qar yağdığını bildirən mömünlərin dediyinə görə, nə qar, nə də soyuq onlara ibadət etməyə mane olmayıb.
Rayondakı mənbələrdən aldığımız digər məlumata görə, Azərbaycanda inqilab əhval-ruhiyyəsindən narahat olan ölkə rəhbərliyi yerli icra strukturlarına sosial gərginlikdə yaşayan insanların bir yerə toplaşmasına mane olmaq göstərişi verib. Qobustan rayon icra başçısı isə məscidi bağlamaqla insanların bir yerə yığışmasını əngəllədiyini düşünür.
Rayon sakinləri ocaqlar söndürən, evlər yıxan rayon rəhbərliyinin indi də Allah ocağının qapısını möhürləməsindən hiddətləndiklərini söylədilər: «Məscidin möhürlənməsi haramla yaşayan bu insanların əsl kimliyini bir daha göstərdi. Onlar cəzalarını alacaqlar».
Vidadi