Dünən Əliyevçi rejimin məhkəmə-məzhəkə sistemi ağır xəstəlikdən əziyyət çəkən Zaur Qurbanlı haqqında növbəti ədalətsiz qərar çıxardı, onun haqqında həbs qətimkan tədbirini qüvvədə saxladı. Sabah isə ağır xəstə olan daha bir işıqlı gəncə – Daşqın Məlikova hökm oxunacaq.
Açığı deyim, artıq mənim bu məhkəmə-məzhəkə sistemindən heç bir müsbət gözləntim yoxdur. Ondan nə hüquqi, nə insani heç bir qərar gözləmirəm. Hətta “Vicdan məhbuslarına azadlıq!” şüarı da artıq mənə get-gedə qeyri-ciddi təsir bağışlayır. Öncə Azərbaycan azad olmalıdır. Öncə Azərbaycan azadlığa qovuşmalıdır. Əks halda bu şüar-tələb həmişə qalacaq. Onu səsləndirməkdən dilimiz, yazmaqdan əlimiz qabar olmağa davam edəcək.
Artıq zərrəcə şübhəm yoxdur ki, Azərbaycan azad olmayacaqsa, bu gün həbsdəki dostlarımızdan kiminsə azad edilməsi heç nəyi dəyişə bilməz. “Müqəddəs yer heç vaxt boş qalmır”. Əgər bu gün həbsdən kiminsə azad edilib sabah onun yerinə bir başqasının şərlənərək qandallanmasını istəmiriksə, tək hədəf, tək tələb, tək arzu bütünlükdə Azərbaycanın azadlığı olmalıdır.
Hüquq ayaqlar altında əzilməyə davam etdikcə…
Hakimiyyətlər öz gücünü milli iradədlən deyil, saxtakarlıqdan, zorakılıqdan aldıqca…
Ölkə zəka deyil, zopa gücü ilə idarə olunduqca…
Fərqli fikirlərə, müxtəlifliklərə nifrətlə bəslənən, siyasi qisasçılıq duyğusu ilə yaşayan bu zehniyyət qaldıqca, Zaurların, Daşqınların həyat yolu, mübarizə yolu həmişə həbsxanalardan keçəcək.
Ona görə də azadlıq – vicdan məhbuslarına tələb edilməməlidir.
Azərbaycana azadlıq istənilməlidir.
Yalnız Azərbaycanın azad olacağı təqdirdə bu çirkin, çağdışı, 21-ci əsr üçün utancverici ənənə – insanları haqsız yerə, düşüncələrinə, baxışlarına görə şərləmək, onları dəmir barmaqlıqlar ardında çürütmək, susdurmaq, sındırmaq, məhv etmək ənənəsi bitə bilər!
Adama ən komik gələn bir də odur ki, hakimiyyətdəkilər ölkədə yeni-yeni, “Avropa standartlarına uyğun” xəstəxanaların tikilməsindən bəh-bəhlə danışırlar, amma xəstə insanları da o xəstəxanalar əvəzinə, həbsxanalara göndərirlər. Ilham Əliyev keçənlərdə xalqa müraciət etmişdi ki, sağlamlığınızın qeydinə qalın, ildə ən azı bir dəfə tibbi müayinədən keçin. Soruşmaq lazım gəlir: dünən o müraciət nə idi, bu gün sağlamlığı təhlükə altında olanları müxalifətçidir deyə qandallamaq nə? Onları dörd divar arasında ölüm təhlükəsinə təslim etmək nə?
Bir də bunu unutmamaq gərək: çağdaş dünyada hərbi paradlar-zad bir ölkənin gücünün isbatı deyil (gedin araşdırın, öyrənin, görün dünyada sayğıdəyər yerə sahib, söz və nüfuz yiyəsi olan ölkələrdən hansı axırıncı dəfə nə vaxt hərbi parad keçirib), növbənöv silahları olan bir ölkə hələ güclü ölkə demək deyil. Bu çağda bir ölkəni güclü edən orada fikirlərin rəngarəngliyidir, düşüncə müxtəliflikləridir. Siz fikirdən qorxursunuzsa, atom silahınız olsa belə, nə faydası, kimə gücünüzü göstərə, kimi qorxuda bilərsiniz? Pakistanın nüvə silahı var, hə, nə olsun? Çağdaşlığı olmadığı, uyğarlığı olmadığı üçün hansı gündədir, nəyə qadirdir, dünyada yeri nədir, görürük hamımız.
Biz indi öz xalqına və bütün dünyaya əzələsini deyil, ədalətini göstərənlərin güclü hesab edildiyi bir dünyada yaşayırıq.
Yaşadığımız çağın bu sadə, vazkeçilməz həqiqətini anlamadan bir yerə varmaq mümkün deyil artıq. Ayaqda qalmaq, var olmaq mümkün deyil. Gec, ya tez çöküş qaçılmazdır.
Siz Daşqınları həbs etməklə əzələnizi göstərirsiniz, amma ədalətiniz yoxdursa, belə həbslər özü sonda daşqına çevriləcək – Kür daşqınları kimi, bir gün zülmün, haqsızlığın bəndlərini dağıdıb keçəcək. O gün – bəlkə yaxında deyil, bəlkə heç uzaqda da deyil, fərq etməz, amma əsas odur ki, xəyal deyil o gün.
O gün gəldiyində, ömrüm çatsa, bu gün yazdıqlarımı nöqtə, vergülünə dəymədən üzünüzə oxuya bilsəm keşkə.
Keşkə!