Qeyri-gilas(?) ölkəsi olan Rusiyada bu məhsulun qiyməti gilas ölkəsi(?) olan Azərbaycandan nə az, nə çox, düz 2 dollar ucuzdur. Qeyri-ərik, albalı, xiyar, pomidor, üzüm ölkələrində də vəziyyət Azərbaycana baxanda xeyli yaxşıdır. Bu müqayisəyə həmin qeyri-meyvə(?) ölkə vətəndaşlarının orta əmək haqqı statistikasını əlavə etsəm, ortaya kədərli rəqəmlər çıxar. Odur ki, hər kəsin bildiyi həqiqətlərlə vaxtınızı almaq istəmirəm.
Bəli, Azərbaycanda kilosu 4 manata gilas ala bilən və bilməyənlərin mübarizəsi gedir. Mən niyə gilasın 4 manata, əriyin isə 2 manat 50 qəpiyə olduğunu yazmıram, hesab edirəm ki, bunu uşaqlı-böyüklü hər kəs bilir. Azərbaycanda nə qədər insanın kilosu 4 manata gilas almaq üçün imkanı olduğunu da, hesab edirəm ki, yazmağa ehtiyac yoxdur. Müxalifət və fərqli düşünən insanların qarşılaşdığı məhrumiyyətləri bir qırağa qoyaq və özlərini bu gün bizə milli hakimiyyət kimi sırımağa cəhd edənlərin son 20 ildə təkcə bu sahədə çıxardıqları hoqqaları nəzərdən keçirək…
…Hər kəsə o da bəllidir ki, yüz minlərlə hektarlar bu gün iri məmur-oliqarxların şəxsi mülküdür və burada onların mal-qara sürüləri otlayır. Yeri gəlmişkən, ətin qiymətinin son on ildə 2 dəfə artması da məhz bununla izah edilir. Bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı bütövlükdə monopoliyaya alınıb, insanlar nəsildən-nəslə keçən peşələri ilə çoxdan vidalaşmağa məcbur olublar. Tez-tez Xəzərsahili bölgələrdən gələn intihar xəbərlərini diqqətlə araşdırdıqda onların əksəriyyətinin keçmiş balıqçı olduğu nəzərimizdən qaçmır. Yaxud da götürək, illər uzunu Bakı kəndlərində gül və tərəvəz əkib becərən yerli sakinləri… Iri məmurların bu sahəni də inhisara almasından sonra biz oradan yalnız kriminal xəbərlər eşidirik. Dəhşətli, tükürpədici cinayətlər, bu gün bütün ölkəni bürüyüb. Insanların psixikası pozulub, çarəsizlik, işsizlik, pulsuzluq onları amansız cinayətlər törətməyə sövq edir…
…Qəribə bir vəziyyət yaranıb, 20 ildən sonra rejimin yadına milli olmaq düşüb, özü də gilasın qiymətini qaldırmaqla…
Güman etmək olardı ki, xarici dəstəkdən, ilk növbədə Rusiyanın dəstəyindən məhrum olan iqtidar, daxildə onsuz da narazı xalq üçün bir sıra reveranslar edəcək. Bu olmadı, görünür, iqtidar ərəb inqilabları zamanı rüşvətlə müvəqqəti mübarizənin verdiyi fəsadları unutmayıb. O zaman ölkə əhalisi sanki yuxudan ayıldı, öz-özünə sual verdi: “Mən nə qədər axmaq adam imişəm, bu vaxta qədər həm rüşvət verir, həm də qanunu pozurmuşam”. Lakin bunun ardınca nələrin gələcəyini təsəvvür edən iqtidar vaxtında duyuq düşdü və “yenidən rüşvət” komandası verdi. Yadınızdadırsa bir də sənədsiz evlərin qeydiyyatı məsələsi də vardı.., onu da Rövnəqin buldozerləri ilə “düzəltdilər”.
Ötən yazılarımdan birində yazmışdım ki, hətta avtobusların dayanacaqdan-dayanacağa dayanması belə bu rejimin işinə yaramır. Insanların qayda-qanuna alışması iqtidarı laxlada bilər. Çünki sabah həmin sərnişin JEK-də arayış üçün rüşvət verməkdən imtina edə bilər… Bu, korrupsioner rejimin fəlsəfəsidir…
Gilasın bir manat olması üçün isə, buraxın yol və digər polisləri, nəhəng bir məmur şəbəkəsi öz tamahından keçməlidir. Bu isə, bayaq qeyd etdiyim “avtobus və dayanacaq” məsələsinə oxşayır və mümkün deyil…
Milli Şuranın yaranması,(düşünürəm ki, artıq gizlətməyin yeri deyil – X.Ə.) beynəlxalq aləmdə Əliyev hakimiyyətinə alternativ kimi qəbul edilməsi iqtidarı “milli” olmağa “məcbur” etsə də, o bunu gilasın qiymətini aşağı salmaqla edə bilmir. Hələ bu harasıdır…
Insanlarımızın Irana nə üçün getdiyi yəqin ki, hər kəsə məlumdur. Vətəndaşlarının bu qonşu ölkədə ucuz və keyfiyyətli tibbi xidmətdən yararlanması iqtidara o qədər “antimilli” gəlib ki, hazırda gediş vizasının birdən-birə 100 manata(!) qaldırılması haqda qızğın müzakirələr gedir. Iri məmurlara məxsus özəl klinikalara xəstə yığmanın “milli” həlli, başqa sözlə desək, “pulun yoxdur, yıxıl öl” layihəsi…
Vətəndaşların müalicə ilə bərabər orada doyunca gilas yemək şansından da məhrum olunacağını da yaddan çıxarmayaq…
Xatırladaq ki, Iranda gilasın kilosu bizim pulla… 20 qəpikdir.