Azərbaycan özülü 1969-dan qoyulmuş uğursuzluq zolağı ilə irəliləməkdədir. Özü də bu zolaqda “Azərbaycan iri addımlarla” irəliləyir. Bunu son günlərin bir faktı bütün çılpaqlığı ilə ortaya qoydu. Orta oxullarda bu ilin iyun ayında keçirilən buraxılış sınaqlarında IX sinif öyrəncilərinin 87,45, XI sinif öyrəncilərinin 60, 71 faizi “2″ alıb. Bu, əliyevçi rejimin tarixdə görünməmiş cinayətlərindən biridir: demək olar, 90 faiz öyrənci sınaqdan ”2″ ilə çıxıb. Bu, sözün gerçək anlamında DƏHŞƏTLI, yerə-göyə sığmaz ölçüdə DƏHŞƏTLI görsənişdir.
Bu yüzdə DOXSAN göstəricisi Əliyevlərin Azərbaycanı hansı uçuruma gətirib çıxardıqlarının parlaq görsənişidir. Bu yüzdə DOXSAN göstəricisi bir də simvolik xarakterlidir: Azərbaycanda yaşayanların yüzdə DOXSANI Əliyevlərin yürütdüyü ANTIMILLI sosial-ekonomik siyasət üzündən yoxsulluq içindədir. Yüzdə onun yaşayışı yüksək, yüzdə DOXSANIN yaşayışı yoxsulluqla çulğaşıq.
Ekspert bilgisinə görə, bircə neft satışından Azərbaycana hər gün 90 milyon dollar gəlir gəlir. Bircə neftdən gündəlik 90 milyon dollar! Yenə ekspert bilgisinə görə, bu, ayda 2,7 milyard, ildə 30 milyard dollardan çoxdur. Bunu adambaşına böləndə gündə 10 dollar, ayda 300 dollar, ildə 3600 dollar deməkdir. Orta oxul direktoru 240 manat aylıq alır.
Bildiyimiz kimi, Azərbaycanın neftdən başqa da bir çox gəlir qaynaqları var: qaz, qızıl-gümüş, dəmir filizi, mərmər, balıq, kürü. Bunlardan sonuncusu, bildiyimiz kimi, daha çox əliyevçi ANTIMILLI rejimi qoruyub saxlama yollarında ən işlək material rolunu oynamaqdadır. Neft, qaz, kürü rejimin başlıca dayaqları yerindədir. Bu yaxınlarda Brüsseldə – Avropanın siyasi başqanlığında çıxış edən I.Əliyev ağalığını daha beş il qoruyub saxlamaq üçün avropalılara belə bir soraq çatdırdı: “Bizim 2 trilyon kub metrlik artıq təsdiqlənmiş qazımız var. Bu, Avropanın xəritəsini dəyişəcək”. “Artıq təsdiqlənmiş” – quşquya yer qoymamaq, avropalıları sonadək inandırıb ələ almaq üçün belə deyir. Qazsızlıq üzündən Azərbaycanda meşələr qırılır, ölkənin fauna-florası dəyişib eybəcərləşir, ekoloji xəritəmiz başqalaşır. Ancaq rejim üçün, rejim başçısı üçün başlıcası bu deyil, Avropanın xəritəsini dəyişib, daha da gözəlləşdirməkdir – ağalığını daha beş il qoruyub saxlamaq üçün!
Azərbaycanda dövlət büdcəsinin, demək olar, 90 faizi, eləcə də eksportun 90 faizi heft-qaz gəlirlərinə bağlıdır. Bundan ötrüsə, bəlli olduğu kimi, yüksək intellekt, dərin düşüncə gərək deyil; Rövnəq Abdullayevsayağı cümlə qurub danışa bilməyənin birini qaldırıb oturdursan neft-qaz baza-bazarının başında, bu yandan o yana neft-qaz axıdıb, o yandan bu yana dollar daşıyıb gətirir. Gözünüzün qabağına iki axın gətirin: gedən neft-qaz, gələn dollar axını. Ancaq… gedən bizdən getsə də, gələn bizə gəlmir! Gələn dövlət büdcəsi adına daha çox bir Ailənin, ona bağlı bir qrupun gəliri deməkdir. Bu isə yüzdə 10 deməkdir. Yüzdə 10 onlar – ölkəni yağıcasına soyub yağmalamaqla varlanmışlar, yüzdə 90 isə sözün gerçək anlamında YERDƏ qalanlardır.
Statistika göstəricilərinə görə, ölkədəki orta oxulların yüzdə 90-nını H.Əliyev adına Fond tikir. Soruşulur: dövlət büdcəsindən Təhsil nazirliyinə ayrılan pullar hara gedir? Axı, o pulların bir çoxu tikinti-təmir işlərinə ayrılır. Təhsil nazirliyinə bağlı tikinti-təmir işlərini başlıca olaraq bəlli Fond aparır. Fondun bir belə pulu hardandır? Çoxdan Ölkədə ikinci prezidentlik statusu daşıyan Fondu təhsilin özü niyə ilgiləndirmir? Yüzdə 90-nı “2″ ilə dəyərləndirilən təhsil sistemi əliyevçi siyasi sistemin öz törəməsidir – buna görə! Onlara təhsilli xalq deyil, təhsilsiz, başqa cür desək, ideyasız, dar düşüncəli, gündəlik dolanışıqdan başqa nəsə düşünməyəcək xalq gərəkdir – yüzdə DOXSANI biliksiz, ”2″ dəyərləndirməli xalq!