Musəvinin müşaviri bəyanat verdi; Rəfsəncaninin oğlu istefaya getdi
İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvinin xaricdə yaşayan baş müşaviri Ərdəşir Əmir Ərcmənd jurnalistlərə yeni açıqlama verib.
“Media forum” saytının məlumatına görə, Əmir Ərcmənd deyib ki, hakimiyyət müxalifət liderləri Musəvi və Kərrubinin həbsi ilə bağlı ziddiyyətli xəbərlər yayır: “Heç kəsin, hətta Musəvi və Kərrubi ailələrinin də onların indiki durumundan xəbəri yoxdur. Hakimiyyət də daim yalan danışır, ziddiyyətli bəyanatlar səsləndirir. Tehran prokuroru bildirmişdi ki, müxalifət liderləri və onların xanımları öz evlərindədir. Halbuki Musəvi və Kərrubinin zindana köçürülməsi artıq təsdiq edilib”.
Əmir Ərcmənd hakimiyyətin dinc müxaliflərə qarşı repressiyalarının nəticə vermədiyini bildirib: “Son iki ildə hakimiyyət müxtəlif üsullarla küçə etirazlarını boğmağa çalışsa da, bu niyyəti nəticə verməyib. Onlar etirazları zorakılıqla yatırmağa, zindanları müxaliflərlə doldurmağa, müxalifət liderlərini həbs etməyə, tələbə və jurnalistləri dama basmağa, zindanlarda məhbusları zorlamağa başlasalar da, bu hərəkətlər istənilən nəticəni verməyib. Çünki xalqın da etiraz növləri dəyişib və küçə etirazları ilə məhdudlaşmır”.
Əmir Ərcmənd İran hüquq mühafizə qüvvələri ilə İran İnqilab Keşikçiləri Korpusu (“Sepah”) arasında fərq olduğunu deyib: “Hesab edirəm ki, hüquq mühafizə qüvvələri ilə “Sepah” qüvvələri arasında fərq var. Hüquq mühafizə qüvvələri iqtisadi mənafe güdən bir qrup şəxsdən ibarətdir. Onları ideologiya, milli mənafe və din maraqlandırmır. “Sepah”ın əsas qüvvəsi isə xalqa qoşulmağa hazırdır. Məhz buna görə də bu gün hakimiyyət onlara kifayət qədər etibar etmir, qeyri-rəsmi qurumlara üz tutub. Hakimiyyət daha çox 14 yaşında olan yeniyetmələri silahlandıraraq etirazları yatırmaq üçün küçələrə çıxarır”.
***
Bu arada İranın keçmiş prezidenti, Üləmalar Məclisinin rəhbəri olan ayətullah Haşimi Rəfsəncaninin oğlu Möhsün Haşimi Tehran metropoliteninin rəhbərliyindən istefa verib. Möhsün Haşimi Tehran metropoliteninə 1994-cü ildən rəhbərlik edirdi.
Möhsün Haşimi martın 4-də Tehran meri Məhəmmədbağır Qalibafa məktub yazaraq tutduğu vəzifədən istefa verdiyini bəyan edib.
Möhsün Haşimi Tehran merinə yazdığı məktubunda istefasını hökumətin onunla əməkdaşlıq etməməsi, xarici sanksiyalar və Tehran metrosunun genişləndirilməsi üçün lazım olan vəsaitin ayrılmaması ilə əlaqələndirib.
İranda islahat tərəfdarı olan bəzi qurumlar isə Möhsün Haşiminin vəzifəsindən istefa verməsini son vaxtlar hakimiyyət dairələrində Rəfsəncanilər ailəsinə qarşı artan təzyiqlərlə izah edirlər.