Hakimiyyətin üst qatında Naxçıvan «xanı»nın əvəzlənməsi müzakirə mövzusudur; prezident seçkisindən sonra onun əvəzlənəcəyi bildirilir
Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədri Vasif Talıbovun əvəzlənməsi ən yüksək səviyyədə müzakirə mövzusudur. Bu barədə məlumatı virtualaz.org saytı hakimiyyətə yaxın etibarlı mənbəyə istinadən yayıb.
Mənbə bildirib ki, Vasif Talıbovun əvəzlənməsi ideyası hakimiyyətin ən üst qatındakı bütün iri siyasi və qeyri-siyasi fiqurların planları ilə üst-üstə düşür: “Məsələ burasındadır ki, Vasif Talıbov əvvəla, ayrı-ayrı məmurlara münasibətdəki şəxsi mövqeyi, ikincisi isə özünün sərt və bəzən də anlaşılmaz dərəcədə primitiv idarəçilik metodları ilə hakim elitanı özündən narazı salıb. O, Naxçıvanın qapılarını mərkəzi hakimiyyətdə söz sahibi olan bir çox ağırçəkili şəxslərin, o cümlədən əslən Naxçıvandan olan qüdrətli oliqarxların da üzünə çoxdan bağlayıb. Bunu da dərhal sezmək olur ki, Vasif Talıbovun onlarla münasibətləri hazırda çox gərgindir. Vasif Talıbov hətta Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, prezidentin şəxsi mühafizəsinin rəisi, general Bəylər Əyyubov, ARDNŞ prezidenti Rövnəq Abdullayev kimi şəxslərlə toqquşmaqdan da çəkinmir. Buna görə də təsadüfi deyil ki, adıçəkilən şəxslərin heç biri son vaxtlar Naxçıvana gedib-gəlmir. Diqqət etdinizsə, YAP-ın iyunun 7-də keçirilmiş qurultayında da rəsmilərdən, məmurlardan və partiya funksionerlərindən heç kim Vasif Talıbova yaxınlaşmadı. Bu da elitanın Talıbovdan narazılığının nəticəsi və əlamətidir”.
Məlumatda bildirilir ki, hakimiyyət dəhlizlərindəki müzakirələrdə Vasif Talıbovun bu il oktyabrın 16-da keçiriləcək prezident seçkilərindən sonra Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsindən azad olunması təklifləri daha tez-tez səslənir.