Hər bir məmurun səfərilə bağlı verdiyi rəy çekistlərin «monitorinqi» ilə müqayisə edilir
Nazirlərin rayonlara səfərləri ciddi nəzarətə götürülüb. Bu barədə qəzetimizə hakimiyyətdəki mənbə məlumat verib. Mənbə bildirib ki, nazirlərin rayonlara səfər etməsi əhali arasındakı narazılığın aradan qaldırılmasına hesablanmışdı. Lakin birinci mərhələdə nazirlər bu görüşlərə laqeyd yanaşırdılar. Bundan sonra nazirlərə tapşırılıb ki, bu səfərlərə ciddi önəm verilməlidir. Bu hakimiyyətə ölkədəki real vəziyyəti bilmək üçün lazımdır.
Məlumatda deyilir ki, nəzarət funksiyası Milli Təhlükəsizlik Nazirliyinə (MTN) tapşırılıb. MTN rayonlarda, eyni zamanda nazirlərin səfərləri ilə bağlı “monitorinq” aparmalı, real vəziyyəti əks etdirən hesabat hazırlamalıdır. Məmurların rayon səfərləri ilə bağlı rəyləri bu hesabatlarla müqayisə ediləcək. Bundan sonra səfərlərin nəticələri qiymətləndiriləcək. Beləliklə də məmurlar səfərlərlə bağlı “yalançı” hesabatlar verə bilməyəcək. Hakimiyyət isə ölkədəki vəziyyəti düzgün qiymətləndirmək imkanı əldə edəcək.
Məlumatlarda o da bildirilir ki, rayonlarda hansı sahələrdən daha çox narazılıq olacaqsa, həmin sahəyə cavabdeh qurumun rəhbərliyi “vurulacaq”. Bir daha qeyd edək ki, bütün bunlar seçkidə xalqın hakimiyyətə itmiş inamını bərpa etmək üçün növbəti tryukdur.