Mehriban Əliyevanın namizədliyini irəli sürənlər xarici qüvvələrlə əlaqədə ittiham olundu
Sevda Xurşudova ittihamlara cavab verdi
İlham Əliyevin xanımı Mehriban Əliyevanın namizədliyini irəli sürən DADP-nin Əlisahib Hüseynov rəhbərlik edən qanadında təmsil olunanların əksəriyyətinin xaricdəki qüvvələrlə əlaqələri var. Bu barədə məlumatı “Yeni Müsavat” qəzeti yayıb. Məlumatda deyilir ki, Mehriban Əliyevanın namizədliyi irəli sürüləndən sonra hüquq-mühafizə orqanları bununla bağlı araşdırmalar aparıblar.
Ilkin araşdırmalar zamanı ortaya çox ilginc faktlar çıxıb. Məsələn, DADP-nin Əlisahib Hüseynov rəhbərlik edən qanadında müavin olan Elşad Əliyevin Irana bağlı olması haqda kifayət qədər məlumatlar əldə edilib. O, hətta iki il öncə Iranın müəyyən dairələrinin dəvəti ilə partiya rəhbərliyini, o cümlədən o zamankı sədr Məmməd Əlizadəni də Irana böyük bir konfransa aparmışdı (Məmməd Əlizadə “Yeni Müsavat”ın sualına cavab olaraq belə bir səfərdə iştirak etdiyini təsdiqləyib). Həmin tədbirdə Iranın sabiq prezidenti Əhmədinejad belə iştirak edib. Iddialar budur ki, Elşad Əliyev Iranla sıx bağlı olan adamdır. Həmçinin hazırda həmin qrupda olan Sevda Xurşudova Gürcüstan doğumludur, “Milyarderlər Ittifaqı”nın üzvü Söyün Sadıqovun yaxın adamıdır. Məlumatda deyilir ki, DADP-dəki xaricə – Irana və Rusiyaya bağlı şəxslərin təftiş edilməsi istiqamətində ciddi işlər gedir. Əgər onların bu təşəbbüsü xaricdən aldıqları təlimat əsasında irəli sürdükləri təsdiqlənərsə, həmin şəxslərin həbsi qaçılmaz olacaq.
Bu arada DADP-nin qurucusu Məmməd Əlizadə “Azadlıq” radiosuna maraqlı açıqlamalar verib. O, bildirib ki, Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi özfəaliyyət ola bilməz. Onun fikrincə, bu işin arxasında hakimiyyətdəki hansısa qrup dayana bilər. “Mən bu məsələni araşdıracağam. Prezident Administrasiyasında və ya digər qurumlarda belə təxribatlar yaradan adamlar olsa, mətbuat konfransı keçirib onların adını açıqlayacağam.
Mən inanmıram ki, kimsə partizanlıq edib özbaşına ortalığa belə bir söz ata. Bunun arxasında kimsə var. Ola bilməz ki, bu məsələ birdən birə ortalığa çıxsın”, – deyə Məmməd Əlizadə vurğulayıb.
DADP-nin Əlisahib Hüseynov rəhbərlik etdiyi qanadının təmsilçisi Sevda Xurşudova isə “Azadlıq”a açıqlamasında ittihamları rədd edib. “DADP-nin hər hansı xarici qüvvə ilə əlaqəsi yoxdur. Şəxsən mən Söyün Sadıqovu tanımıram. Elşad müəllim haqqında deyilənlər də inandırıcı görünmür. Bütün bunlar əsassız məlumatlardır. DADP ilə bağlı hər hansı araşdırma da aparılmır”, deyə Sevda Xurşudova vurğulayıb.
O, daha sonra əlavə edib ki, Mehriban Əliyevanın namizədliyini irəli sürdüklərinə onlara hər hansı təzyiq yoxdur: “Bizə heç kim təzyiq etmir. Niyə də etməlidirlər ki? Bu bizim mövqeyimizdir. Nə qəbahət iş görmüşük ki? Prezident Ilham Əliyev Brüssel səfərində deyib ki, Azərbaycanda çoxsaylı siyasi təşkilatlar fəaliyyət göstərir. Və onların hamısı qarşıdan gələn prezident seçkisində öz namizədilə iştirak etməsinə problem yoxdur. Biz də öz namizədimizi irəli sürmüşük”.
Sevda Xurşudova Məmməd Əlizadənin fikirlərinə də münasibət bildirib: “Burada hər hansı təxribatdan söhbət gedə bilməz. Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi niyə təxribat olmalıdır ki? Bu bizim istəyimizdir, bu DADP-nin mövqeyidir. Biz bu partiyaya Mehriban xanımın adı ilə gəlmişik. Biz DADP-ni Mehriban Əliyevanın partiyası kimi tanışımıq. Indi də qarşıdan gələn prezident seçkisində onun namizədliyinin irəli sürülməsini istəyirik”.
Müsahibimiz deyib ki, Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi ilə birinci ledinin protokol xidmətindən, yaxud da onun rəhbərlik etdiyi Heydər Əliyev Fondundan DADP-yə qarşı hər hansı irad bildirilməyib: “Heç kim bizə irad bildirməyib. Əksinə bir çox insanlar bizim təşəbbüsümüzü dəstəkləyir. Sıralarımız daha da genişlənir”.
Sevda Xurşudova əlavə edib ki, yaxın günlərdə baş verənlərlə bağlı mətbuat konfransı keçirəcəklər: “Mətbuat konfransında bir çox məsələlərə aydınlıq gətirəcəyik. Eyni zamanda orada qurultayımızın vaxtını elan edəcəyik”.
Onun qurultayda da Mehriban Əliyevanın namizədliyinin irəli sürülücəyinə işarə vuracaq: “Qurultayda bütün məsələlərə aydınlıq gələcək. Mehriban xanımın namizədliyi məsələsinə gəlincə, biz belə təşəbbüslə çıxış etmişik. Qurultayda da görərsiniz nə olacaq. Indidən demək istəmirəm”.
Azad