«Orada ölkənin prezidenti xalqla hesablaşmırdı, xalqı susdururdu…»
13 yaşını yenicə tamamlayan Etibar Mahmudov “problem vardı, yoluna qoyuldu” kimi ifadələr seçir. Nitqində diqqətli və bir az da ehtiyatlıdır. Görünür, dediyi sözün məsuliyyətindən qaçmamaq üçün bu cür davranır. Bakı şəhəri, Binəqədi rayonu, Vüqar Əvəzov adına 300 saylı orta məktəbin 7-ci sinif şagirdi Etibar Mahmudovun fikirləri ilə siz də tanış olun…
“Problem vardı, yoluna qoyuldu”
– Təhsil sənin üçün əsasdır, yəqin. Bu yaşda sənin başqa nə qayğın ola bilər ki?! Məktəbdə, fənlər üzrə göstəricin necədir?
– Mənim məktəbdə aldığım təhsildən şikayətim yoxdur. Heç bir fəndən də problemim yoxdur, qiymətlərim də yaxşıdır. Ingilis dilindən bir qədər zəif olduğumdan, müəllimimlə problem yaranmışdı, indi bu problem də yoluna qoyulub.
– Dərslərə diqqət yetirmək çox yaxşıdır, amma məktəbdən kənarda da öyrəniləsi çox dərslər var. Buna kimsə “hobbi” deyir, kimsə də sinifdən kənar məşğuliyyət. Dərslərindən əlavə hansı məşğuliyyətin var?
“Nəsimini oxuyuram və Cavad xanı ideal sayıram”
– Bədii ədəbiyyat oxumağa marağım daha çoxdur. Tarixi əsərləri də oxumağı xoşlayıram. Nəsimini, Xaqanini, Sabiri və başqalarını oxumuşam. Bu əsərlərdə müəlliflərin həyatı olduğu kimi təsvir etmələri, onların gözəl sözləri mənim diqqətimi daha çox çəkir. Nəsiminin dərvişliyi xüsusilə xoşuma gəlib. Dünya ədəbiyyatından Viktor Hüqonun əsərlərindən də oxumuşam.
– Adətən sənin yaşıdların hansısa əsərlər oxuduqda, oradan özunə yaxın olan bir obrazı, surəti ideal olaraq seçir. Səndə belə hal olubmu?
– Əlbəttə. Mən məsələn, Cavad Xanı özümə daha yaxın bilirəm. Çünki o, canını vətən torpağına qurban verdi. O, ruslara demişdi ki, “yalnız mənim meyitimin üstündən Gəncə torpağına ayaq basa bilərsiz”. Mən özüm də gələcəyin əsgəriyəm. Bəzi uşaqlar olur ki, əsgərlikdən yayınırlar. Məncə onlar qorxaqdırlar. Əsgərlik bizə həyatı, kişiliyi, hər əzaba qatlanmağı öyrədir. Ən əsası, əsgərlikdə biz, Cavad Xan kimi, vətən torpağını qorumalıyıq.
“Rep yaxşıdır, onlar sözün düzünü deməkdən qorxmurlar”
– Başqa hansı hobbin var?
– Mən futbola hobbi kimi baxıram. Daha çox xarici futbol oyunlarını izləyirəm. Çünki bizdə futbol zəifdir, maraqsızdır.
– Maraqlıdır, hansı televiziya kanallarını izləyirsən?
– Azərbaycan televiziyalarını izləmirəm. Bu televiziyaları açan kimi, görürsən ki, sanki dilənirlər, müxtəlif verilişlərdə “sms yollayın” deyirlər. Bir də ki, burda maraqlı heç nə görmürəm. Açığı, ona görə də bu televiziyalara baxmıram. Nəyəsə baxmaq lazım olanda, xarici televiziya kanallarına üstünlük verirəm. Hərdən xarici musiqi kanallarını da izləyirəm, musiqiyə də marağım var.
– Hansı musiqilərdən xoşlanırsan?
– Daha çox replərə, “50 Sent”ə, “Cəza”ya, “Host”çulara qulaq asıram.
– Niyə repə çox qulaq asırsan?
– Çünki, onlar həmişə sözün düzünü deyirlər, qorxmurlar, çəkinmirlər. Həyatın reallıqlarını öz mahnılarında gözəl təsvir edirlər.
“Həm bu insanları, həm də bu torpağı qorumaq gərəkdir”
– Internetdən istifadə edirsən?
– Hərdən istifadə edirəm, valideynlərim buna bir qədər məhdudiyyət qoyublar, mən də onlarla razılaşıram.
– Gələcəkdə hansı peşəni seçəcəyini müəyyənləşdirmisən?
– Humanitar fənlərə marağım böyük olduğundan, hüquqşünas olmaq fikrindəyəm. Amma torpaqlarımız işğal altında olduğundan hərbçi olmaq da ürəyimdən keçir.
– Niyə hüquqşünas?
– Çünki, hüquqları tapdalanmış insanları müdafiə etmək arzusundayam. Düzdür, mənim fikrimcə, indi hüquqları tapdalanmış insanların hüquqlarını qoruyanlar var. Bəlkə bu yetərincə deyil, ya da ki, hüquqları pozulanlar bizim cəmiyyətdə daha çoxdur.
“Ərdoğan dünya müsəlmanlarının lideridir”
– Siyasətçilərdən tanıdığın varmı?
– Siyasətlə o qədər də maraqlanmıram. Mənim fikrimcə, hər bir siyasətçi öz siyasətini yeridir. Yaxşı siyasət olarsa, xalq da bunu qəbul edər. Elçibəyi tanıyıram, dünya siyasətçilərindən Ərdoğanı tanıyıram və ona böyük hörmətim var. Ona görə ki, Ərdoğan dünyanın harasında olsa, haqqı tapdanan müsəlmanları həmişə müdafiə edir.
Niyə Misirdə inqilab oldu?
– Qəzet necə, oxuyursanmı?
– Hərdən oxuyuram, informasiyalarla maraqlanıram. Müasir və hərbi texnikalarla, kəşflərlə bağlı informasiyalar məni cəlb edir. Əgər Azərbaycanda da ağıllı, inkişaf etmiş mütəxəssislər olsaydı, Azərbaycan indi Ermənistanı yer üzündən silmiş olardı. Bundan əlavə, torpaqlarımız haqqında məlumatları oxuyuram. Məni düşündürən odur ki, ermənilər niyə bizim torpağımızı alıblar. Ruslar, sovet ordusu niyə bizim müstəqilliyimizi istəmirdi? Niyə görə gəlib Bakını almadılar, Qarabağı aldılar? Əlbəttə, bu suallara özüm də cavab tapıram: yəqin ki, Qarabağ Azərbaycanın gözəl guşəsi olduğundan, sənətkarlar diyarı olduğundan. Bu torpaqların sülh yolu ilə geri qaytarılması üçün hazırda çox danışıqlar gedir, amma nəticə alınmır. Belə olan halda, bir yol qalır: müharibə yolu. Məncə, müharibə olmasa, bu torpaqlar alınmayacaq. Bizim hərbi büdcəmiz Ermənistanın ümumi büdcəsindən çoxdur.
– Son zamanlar mətbuatda gedən bir məlumat var idi ki, orduda bir əsgərimiz 7 əsgəri güllələyərək öldürmüş, sonda da özü intihar etmişdi. Sən də gələcəkdə əsgər olacaqsan, buna münasibətini bilmək istərdik…
– Bəli, bu məlumatı eşitmişəm, səbəbləri isə hələ açıqlamayıblar. Bu hadisə Müdafiə Nazirliyinin ziyanınadır, yəqin ona görə gizlədirlər. Bu məsələyə mənim münasibətim mənfidir. Torpaqlarımızın alınmasına qayıtmaq istərdim, xalq nə vaxt desə ki, torpaqlarımızın alınması zamanıdı, yəqin o zaman da torpaqlarımız alınacaq. Xalq hələ ki, sakit görünür. Amma nə vaxtsa Misir xalqı kimi qalxacaq ayağa.
– Bu hadisələri izləyirsən? Nədən bu hadisələr baş verdi?
– Ölkənin prezidenti xalqla hesablaşmırdı, o, öz siyasətini yeridirdi və xalqı susdururdu.
– Bu hadisələr Azərbaycanda baş verə bilərmi?
– Ola bilərmi?.. Amma deyə bilmərəm, artıq bu sual siyasətə yönəldi. Siyasətə o qədər diqqət yetirmirəm. Onu deyə bilərəm ki, bizdə də haqqı tapdananlar var. Bir də ki, ölkə başçısı xalqla bir olarsa, bu hadisələr heç olmaz. Mən televiziyada “Kollama” adlı bir siyasi filmə baxmışdım. Orada kürdlər türklərlə mübarizə aparırlar. Kürdlər televiziyaya çıxaraq, xalqı canlandırırlar. Bizim xalq hələ ki, sakit görünür, amma nə zamansa qalxa bilər.
“Mən zorakılığı pisləyirəm”
– Etibar, sənin və sənin yaşıdların üçün hansı şəraitin yaradılmasını istəyərdin?
– Mən özümüzü xarici ölkələrdə yaşayan yaşıdlarımla müqayisə edəndə görürəm ki, onlara cəmiyyətdə tam hüquq verilir. Bizdə də bu hüquqlar verilir, amma yararlı deyil. Məsələn, Amerikada atası uşağı döyərsə, uşaq gedir polisə şikayət edir. Ancaq bizdə belə etsək, bizə pis baxarlar. Ümumiyyətlə, mən hər hansı zorakılığı pisləyirəm və bunu qəbul etmirəm.
– Yaşıdların arasında hansı problemləri müşahidə edirsən?
– Bəzi uşaqların nədənsə, təhsilə marağı az olur. Bunun da müxtəlif səbəbləri ola bilər. Elə uşaqlar olur ki, görür çevrəsindəki uşaqlar oxumur, bu zaman o da təsir altına düşür. Belə uşaqlara ailədə nəzarət olmasa, onlar da oxumurlar. Digər tərəfdən, imkansızlıqdan da dərsdən yayınanlar olur. Onlar dərsə vaxtında gələ bilmirlər, bu gün tapıb yediklərini sabah tapıb yeyə bilmirlər.