Braziliya prezidenti, xanım Dilma Vana Rusef hökumətə protest aksiyalarına çıxan xalqa belə səsləndi: “Braziliyadakı bu protest aksiyalarının böyüklüyü ölkəmizdəki demokratiyanın gücünün göstəricisidir”.
Xanım Dilma yalnız belə deməklə qalmır, prezident olaraq xalqın istəklərini bir-bir yerinə yetirir. Bütün bunlar prezidentin xalq sevgisinin, sayğısının göstəri-görsənişləridir. Burada istər-istəməz belə demək gərəkir: prezidentlə xalq birdir. Demokratiya ölkəsində, demokratik ortamda başqa cür ola da bilməz.
10 ildən bəri “Azərbaycan prezidenti” olaraq tanınan Ilham Əliyev Brüsseldəki yalanla dolu çıxışında “Biz demokratiyanın inkişafı baxımından bütün öhdəlikləri tam yerinə yetiririk”, deyir. Ölkədəki bütün seçkiləri saxtalaşdıran, korrupsiyanı dövlət siyasətinə çevirən, ölkəni böyük siyasi dustaqlığa dönüşdürən, 150 milyardlıq oğurluğun arxasında dayanan bir başçının bu sayaq çıxışı Braziliya prezidentinin çıxışı kimi doğru-düzgün sayılmalıdır: hərəsi özünə görə.
Braziliya prezidenti ona, onun hökumətinə qarşı çıxan gəncliklə öyündüyünü bildirdi. I.Əliyevsə “Əsgər ölümünə yox!” aksiyasına çıxan Azərbaycan gəncliyini “anti-milli ünsürlər” adlandırmaqla da qalmadı: onları “Molotov” yalanı ilə bir-bir tutdurub dustaq etdirdi.
Bunlar doğru prezidentlə oğru prezident ayrıntı-görsənişləridir. Doğru olan doğruluğuyla xalqa bağlıdır, xalqı sevir. Oğru olan xalqdan qorxur, xalqı yağı gözündə görür. Brüssel çıxışı bunu bir daha göstərdi.
Uzaqları demirəm, Bakıdan 200 km. radiusda irili-xırdalı bir çox yaşayış yerlərində qaz yoxdur. Buna görə Azərbaycan meşələri qırıldıqca qırılır. Milyon illərin keçilməz meşələri 20 illik bir dönəmin qurbanına çevrilib. Bakıdan tutmuş, ən ucqarlaradək ökədə soyqırım gedir – ağac soyqırımı. Bakıdakı ağac soyqırımı da, meşlərdəki soyqırım da korrupsiyanın dövlət siyasətinə çevrilməyinin acınacaqlı görsənişləridir. Birincidə “qaz” çoxluğu, ikincidə qaz yoxluğu başlıca rol oynayır. Ancaq hər ikisində başda duranlar qazanır.
Ölkənin yarısı, bəlkə, yarıdan da çoxu qazsızlıq üzündən meşə-ağac qırğınına girişirkən I.Əliyev üçüncü dönəm seçki uduşu üçün Brüsseldə belə bir çıxışda bulunur: “Bizim 2 trilyon kubmetrlik artıq təsdiqlənmiş qazımız var. Bu, Avropanın qaz xəritəsini dəyişəcək”. Bu, açıq-aydın alverdir, açıq-aydın xalqa, ölkəyə dönüklük faktıdır. Ölkənin ən azı, yarısı qazsızlıqdan meşə-ağac qırğınına girişirkən sən özünün qanunsuz istəyini gerçəkləşdirmək üçün Avropaya 2 trilyon kub metrlik qaz ötürməkdən dəm vurursan. Bununsa arxasında 150 milyardlıq oğurluğu 2 trilyona çatdırmaq istəyi dayanır. Bütün bunlarsa bütövlükdə xalqı, ölkəni, dövləti satmaq deməkdir – satıb pula çevirmək!
Dünyanın hər yerində seçkiöncəsi ölkə başçısı xalqla daha çox yaxınlaşmağa, xalqın istəklərini yerinə yetirməklə özünü xalqa daha çox sevdirməyə çalışır. I.Əliyevdə biz bunun bütünlüklə tərsini görürük. Bu adam xalqı açıq-aydın saymır, üstün dünya gücləri ilə alverə girməklə bu xalqa daha beş il ağalıq etmək istəyində bulunur. Ən azı, seçkiöncəsi ölkədə baş alıb gedən soyğunçuluğa qarşı çıxmaq, qanunçuluq yolunda nələrsə etmək, xalqın dolanışığını yüngülləşdirmə işlərinə baş vurmaq olardı. Göründüyü kimi, ortada bunların biri də yoxdur. Bütün bunlarsa ölkənin başında duran adamla xalq arasındakı uçurumun açıq görsənişidir. Ölkənin üzü bir yana, ölkə başçısının üzü bir yana; bu, ölkə üçün də, onun başında duran kimsə üçün də olduqca acınacaqlı görsənişdir. Keçənlərdən bildiyimiz kimi, belə görsənişlər çox keçmədən uğursuz sonuclara gətirir…
Bu il ölkəmizdə 90 faizədək öyrənci buraxılış sınağından “2″ dəyərləndirməsi ilə çıxdı. Bu yalnız rüşvət axarında dağıdılmış təhsil sisteminin dəyərləndirilməsi deyil, eləcə də 10 illik prezidentliyin dəyərləndirilməsidir – ”2″!