Devrilmiş diktator korrupsiyada ittiham olunur
Misirin Baş Prokurorluğu açıqlama verərək devrilmiş prezident Hüsnü Mübarəkin ölkədə olduğunu bildirib. Prokurorluğun rəsmi nümayəndəsi Adel əs-Səid sabiq prezidentin Misir xaricində olduğu haqda yayılan məlumatların doğru olmadığını söyləyib.
Hazırda Misirin Şarm əl Şeyx şəhərindəki rezidensiyasında məskunlaşan Hüsnü Mübarək istintaqa ifadə vermək üçün Qahirəyə çağırılıb. Devrilmiş diktator korrupsiyada ittiham olunur.
Bundan başqa, Misir Ali Hərbi Şurası keçid hökumətinin baş naziri Əhməd Şəfiqin istefasını qəbul edib. Bu barədə məlumat Misir ordusunun Facebook sosial şəbəkəsində yaradılmış səhifəsində yerləşdirilib. Hökumətə rəhbərlik sabiq nəqliyyat naziri Essam Şərəfə tapşırılıb.
Mübarək rejimi dövründə də baş nazir olan Əhməd Şəfiqin istefasına səbəb Təhrir meydanında hər cümə nümayişlərin keçirilməsi və baş nazirin istefası tələblərinin səslənməsidir. Baş nazir islahatları ləng aparmaqda ittiham olunurdu.
İnformasiya şöbəsi