Hər gün işıqlar on-on beş dəfə sönür. Əlini kranta uzadırsan, su yerinə yağlı-mazutlu palçıq axır. Hava və allahın verdiyindən bir-iki kilo ruzu almaq üçün evdən çıxırsan, turizm səbəbindən od tutub yanan bazara yaxın düşə bilmirsən. Kor-peşman evə qayıdanda qapıya yapışdırılmış kommunal borc bildirişləriylə qarşılaşırsan. Onları görməzdən gəlib pillələri qalxanda poçtalyon arxadan çağırıb məhkəmədən gələn sifarişli məktubu verir. Iddiaçı tərəfin şər, böhtan dolu cümlələrini heç olmasa indi oxumamaq üçün onu da bir tərəfə qoyursan. Sinoptiklərin xətrinə açdığın tələ-kanaldan bu dəmdə kiflənmiş hava gəlir: “Ölkəmizin analoqsuz inkişafının parlaq nümunəsi olan Qəbələ gündən-günə çiçəklənir”. Şəhərin yerli əhaliyə qətiyyən dəxli olmayan parlaq görüntüləri ilə müşayiət olunan ver-ilişdə qəbələlilərin “xoş və firavan” güzaranından danışılır… “Yetər!” deyə bağırmaq istəyirsən, səsin heç özünə də çatmır…
Biz kimik? Sıradan bir insan… Onlar kimdirlər? Sırasını bilməyənlər. Hər zaman, hər yerdə önümüzə keçib qismətimizi əlimizdən alanlar. Zatən ortada olan şeyi niyə yazıram? Ona görəmi ki, bundan kimlərsə ibrət götürüb insanlığa təşrif etsinlər. Tövbə, əttövbə belə bir iddiam yoxdu, ola da bilməz. Bəs onda niyə görə? Ona görə yazıram ki, danışmaqdan, qışqırmaqdan səsim tutulub. Bunun belə olduğunu hətta Qəbələnin icra hakimiyyətinin başçısının birinci müavini Abil Ağasəfov da bilir, çünki axırıncı səsimi srağagün onunla telefonda danışanda xərcləmişəm…
Hərçənd mən kim, icra hakimiyyəti kim, amma Abil müəllim mənim monoloqumu sona qədər sükutla dinlədi. Hətta mənə elə gəldi ki, dediklərimlə Abil müəllim də ürəyində razıdır. Intəhası, susmaqdan səsi tutulub. Mən deyirdim: “Abil müəllim, əziz qardaşım, Qəbələdə göy atı minib köndələn çapan iqtidar yetiklisi filankəsə niyə yiyəlik eləmirsiniz, onun bu camaatı hansı üsullarla incidib cana doydurduğunu görmürsünüzmü? Evyıxan, ürəkyaxan, xalqın son ümidini ayaqlayıb tapdalayan bu dərdin-illətin bir ilacı, peyvəndi yoxdurmu? Deyilənlərdən şübhəniz varsa, bir sorğu keçirib bütöv qəbələlilərin bu filankəs barəsində fikirlərini öyrənin. Həmin sorğuda yüz sıfır bircə faiz müsbət rəy olsa, mən onda bu sətirləri yazdığım klaviaturanı öz əlimlə gətirib icra hakimiyyətinin zibil qutusuna ataram”. Abil müəllim heç nə deməyib eləcənə susurdu.
Adını çəkməklə dilimə haqsızlıq etmək istəmədiyim məmurun dozanı aşan qudurğanlığında qeyri-adi heç nə yoxdu. Əksinə, bu kimi hallar rejimin ən adi rəftar qaydalarındandır. Amma yenə də olsun, Qəbələdə hər kəsə məlum həmin qismin əməllərinə qiymət verməyə nə deyirsiz, Abil müəllim? Qəbələ camaatı belə bir möcüzəyə sevincdən bayılar. Zatən elələrinin arxası böyükdü, burdan çıxartsalar, aparıb nazir qoyacaqlar. Allah eşqinə, nə qoyurlar qoysunlar, yetər ki, bizdən uzaq olsun, olmazmı? Təbii ki, olmayacaq, çünki bu qədəri Abil müəllimin vəzifəsini aşar…
***
Bir nəfər yaxın günlərdə başçının qəbuluna gəlib kömək istəyir: Qayınatası ağır psixoloji xəstə imiş, artıq ətrafındakılara zərər verəcək təhlükəli bir hala gəlibmiş. Yoxsul evdə ana və iki məktəbli qızdan savayı kimsə yoxdu. Ağırlaşma da məhz yoxsulluq səbəbindən, müalicə gecikdiyindən baş verib. Həkim dərhal xəstəxanaya aparın, deyir. Amma belə bir xəstəni təcili yardımsız, dava-dərmansız Qəbələdən Maştağaya necə aparasan? Başçının qəbulunda olan baş həkim gənci buralara qədər gəldiyi üçün məzəmmət edib günü sabah məsələni həll edəcəyi barədə söz verir. Bazar ertəsi gənc xəstəxanaya gedib göndəriş alır, təcili yardım istəyəndə məmur baş həkim: “Nə təcili yardım? Qəbələnin hər evində bir xəstə var, hərəyə bir təcili yardım verəsi deyilik ki, deyir.
Allah var adamın başınını üstündə, məmurlar qəbul zamanı çox anlayışlı və kövrək olurlar. Nəinki “təcili yardım”, başçılarının yanında canlarını istəsən belə, sevə-sevə çıxardıb verəcəklər. Amma yalnız o zaman və orada, sonrası hekayədi. Bizim gənc bu işlərdə naşı olduğundan xəstəni yerinə çatdırmaq üçün maşın danışmaq əvəzinə baş həkimin qəbuluna gəlib. Olsun, baş həkim iyirmi ildir eyni kürsüdə oturub YAPpokrat andına sədaqətlə xalqı yola verir. Həmin gəncə də qapını göstərib, “buyuracaqsan”, deyib.
Hər an çılğınlaşan ruhi-sinir xəstəsini xalturaya çıxan bir “Jiquli”də altı saata Maştağadakı məlum xəstəxanaya çatdırıblar. Xəstənin tutması tutarkən darısqal salonda çəkilən müsibətlərdən danışmağa lüzum yoxdu. Yalnız yetişdikləri ünvan da bu ölkənin bir parçası olduğuna görə Allah o adamlara imkan və səbir versin…
Bəs indi biz nə edək? Neft ölkəsinin iqtidarı məzlum xalqa “xəstənə özün sahib çıx”, deyir. Biz özümüzə də, xəstələrimizə də sahib çıxmasını bilirik. Bəs sizinkilər? Sizlərə kim sahib çıxacaq? Təcili yardımsız bacarmayacaqsınız, deyilmi? Amma biz yenə də iqtidarımızın təcili islah olunmasına yardım etmək istəyirik: Yeriniz məlum, Maştağada yaxşı həkimlər var…