Ərəb dünyasındakı demokratiya dalğaları! Indi Azərbaycanın hər yerində hamını ən çox bir soru düşündürür: “Ərəb dünyasını bürüyən demokratiya dalğası Azərbaycana da gəlib çıxacaqmı?”. Gələcək, mənim sevgili yurddaşlarım, gələcək! Inanın, gəlir, yoldadır! Gələcək, çatacaq, Azərbaycanda da demokratik rejim qurulacaq (daha, biryolluq!) 1969-dan əliyevçi yalan-palan siyasətlərinə biryolluq son qoyulacaq!
Əliyevçi rejimin başlıca əlaltılarından olan Fəzail Ağamalı televiziya ekranlarından xalqa yenə yalan danışırdı: “Ərəb ölkələrində başlayan inqilab dalğası gəlib Iranda dayanacaq. 2009-cu ildə Iranda seçkilər antidemokratik keçirilib”. Ərəb ölkələrində şkalanı çoxdan aşan devrim dalğası hansı nədənlər üzündən ortaya çıxıbsa, onların hamısı Azərbaycanda var. Onda necə olur dalğa gəlib Iranda dayanır?
Iranda 2009-cu il seçkisinin antidemokratik keçirildiyi bəllidir. Bəs Azərbaycanda? Azərbaycanda Əliyevlər dönəmi boyunca bütün seçkilərin antidemokratik-yalançı xarakter daşıdığı bəlli deyilmi? Bəllidir! Onda necə olur devrim dalğası gəlib Iranda dayanır?
Rejimin filosof deputatı R.Aslanova deyir: “Mən yaxınlarda ərəb ölkələrindən qayıtmışam. Mən orada yaşanan səfaləti, çətinliyi, daxili parçalanma prosesini, partiyalar arasındakı mübarizəni görmüşəm”. Bütün bu gördüklərindən sonra əliyevçi rejimin nomenklatur filosof-deputatının gəldiyi sonuc budur: devrim dalğası Azərbaycana gələ bilməz. (Gəlsə, qarşısını almaq üçün Kürü daşdırarlar!)
R.Aslanovanın devrim gedən ölkələrdə gördüklərinin hamısı Azərbaycanda var: yaşanan səfalət, çətinlik, parçalanma prosesləri, eləcə də partiyalar arasındakı “mübarizə”. Birincisi, Əliyevlər rejimi yaranışından, təpədən dırnağadək rüşvət, korrupsiya, oğurluq, soyğunçuluq rejimi olduğundan, doğallıqla, Azərbaycanı büsbütün SƏFALƏTƏ bürüyüb – bu baxımdan Azərbaycanda DEVRIM qaçılmazlığa çevrilib! Ikincisi, Əliyevlərin yaratdığı qanunsuzluq rejimi Azərbaycanı çıxılması çox çətin ÇƏTINLIYƏ gətirib çıxarıb – bu baxımdan Azərbaycanda DEVRIM qaçılmazlığa çevrilib. Üçüncüsü, parçalanma prosesləri: əliyevçi rejim antimilli, antidemokratik xarakter daşıdığından, KQB rejimi olaraq ortaya çıxdığından, ölkə içində də, ölkə dışında da başında durduğu xalqla bağlı PARÇALA, AĞALIQ ELƏ!- siyasətlərinə üstünlük verib. Elə buna görə də əliyevçi rejim istər içdə, istərsə də dışda milli maraqlar üzərində qurulan, yaranan bütün birlikləri darmadağın eləyir, belə birliklərin yaranmasına yol vermir – bu baxımdan Azərbaycanda DEVRIM qaçılmazlığa çevrilib!
Ayrıca olaraq, dördüncüsü: əliyevçi diktatura qulluqçusu partiyalar arasındakı “mübarizəni” görüb. Bu diktatura əlaltıları filosof-akademik adı daşısalar belə, ağa-nökər düşüncəsindən uzaqlaşa, ağa-nökər düşüncəsindən yüksəyə qalxa bilmirlər. Hər bir ölkənin uğurlu gələcəyi birbaşa partiyalar arasındakı çarpışmaya bağlıdır. Bunu biz ABŞ başda olmaqla bütün demokratik dünyanın praktikasından görürük. Partiyalararası çarpışmalar ölkənin sağlam gələcəyini stimullaşdırır – Azərbaycanda bunlar olmadığından DEVRIM qaçılmazlığa çevrilib!
Azərbaycanda DEVRIM yetişib! Ilham Əliyevin, eləcə də onun çevrəsinin düşüncəsinə görə, yalan-palanla, antikorrupsiya şousuna baş vurmaqla, zorla, var-dövlətlə hakimiyyəti əldə saxlamaq olar. Onlar hələ də başa düşməyiblər: başında durduqları indiki antimilli, antidemokratik sistem sonuc olaraq onların özlərinin qatı, amansız düşməninə çevrilib. Dünənədək bu sistemlə savaşan yalnız bizlər idiksə, indi Ilham Əliyev başda olmaqla bu sistemi oluşduranların özləri yalandan da olsa, öz sistemləri ilə savaşa çıxıblar! Indiyədək bizi hakimiyyətə qara yaxmaqda suçlayanlar özləri indi bizim dediyimizi deyirsə: DEVRIM, xoş gəldin, xoş gəldin!