Palatanın bəyanatında növbədənkənar parlament seçkiləri də tələb olunur
Müxalifətin birləşdiyi İctimai Palata ölkədəki vəziyyətlə əlaqədar hakimiyyəti istefaya çağıran bəyanat qəbul edib. Bəyanatda deyilir:
“Yaşadığımız günlərdə Şimali Afrikada , Yaxın Şərqdə totalitar rejimlərə qarşı baş verən xalq üsyanları və bunların dünyanın fərqli yerlərinə təsirləri bir sıra xalqların və dövlətlərin həyatında böyük sarsıntılara səbəb olmuş, düşüncələrdə və hərəkətlərdə inqilabi dəyişikliklər yaratmışdır. Demokratiya barədə düşüncələrdə və siyasətlərdə şübhə, tərəddüdlərə son qoyulmuşdur. Azad olmayan cəmiyyətlərdə davamlı stabilliyin, tərəqqinin mümkünsüzlüyü təcrübədə təsdiqlənmiş; demokratiyanın yalnız bəlli bir xalqlar qrupu üçün deyil, bütün millətlər və dövlətlər üçün universal dəyər və inkişaf yolu, təhlükəsizliyin qarantı olduğu sübutunu tapmışdır. Bunun əksi olaraq antidemokratik rejim idarəçilik üsul və qaydalarının vətəndaş, xalq və dövlət üçün hansı təhlükəni daşıdığı əyani şəkildə göstərilmişdir. İctimai Palata Misir, Tunis, Liviya və digər ölkələrdə baş verən dinc etirazları alqışlayır, həmin ölkələrdəki korrupsioner ailə -tayfa rejimləri tərəfindən xalqa qarşı silah işlədilməsini və qətlləri pisləyir.
Qlobal demokratikləşmə səylərinin mərhələsi kimi görünən bu proseslər fonunda bir qrup məmur oliqarx ailənin və onların yaxınlarının xalq üzərində ağalığını qoruyub saxlamağa və ölkənin milli sərvətlərini mənimsəmələrinə xidmət edən, siyasi vərdiş və praktikasına görə çağdışı, yarı feodal, antidemokratik rejimlərin tipik nümunələrindən biri olan Azərbaycan hakimiyyətinin mövqeləri ilkin refleksləri və addımları ciddi narahatlıq və hiddət doğurur.
Günümüzün çağırışlarına cavab tapmaq üçün xalqın kollektiv potensialına müraciət etmək və yollar aramaq, dialoq təklif etmək əvəzinə İlham Əliyevin administrasiyasının və rəhbəri olduğu siyasi partiyanın məsul şəxsləri “müxalifət yandırmaq üçün göysatan axtarır”, “ölkədə Yeni Azərbaycan Partiyası ilə danışıqlar aparmaq üçün layiqli siyasi qüvvə yoxdur” kimi, savadsız, səviyyəsiz, siyasi mədəniyyətdən uzaq bəyanatlar verdilər.
Sosial gərginliyi zəiflətmək üçün əhəmiyyətli sosial islahatlara getmək, əmək haqqı, pensiya, təqaüd və s. sosial ödənişləri Azərbaycanın indiki iqtisadi – maliyyə imkanlarına uyğun olaraq ilkin mərhələdə iki dəfə artırmaq əvəzinə suyun, daşıma və sair xidmət haqları nümayişkəranə şəkildə artırıldı. Təhsil haqlarının və digər qiymətlərin artırılmasının müzakirə edildiyi bəyan edildi. İnflyasiya və bahalaşmanın nəticələrini ödəmək əvəzinə, minimum əmək pensiyalarına yüzminlərlə vətəndaş üçün təhqiramiz olan 28 qəpik əlavəsi elan olundu.
Korrupsiya əleyhinə mübarizə adı altında aparılan kosmetik kampaniya korrupsiyaya qarşı çıxış edən əleyhinə təqib kampaniyasına dönüşdü. İqtisadiyyatda, gömrük və vergi sistemində inhisarçılıq və inhisarçılar, iqtisadiyyatın bir neçə şəxsin əlində cəmləşməsi müzakirəyə belə çıxarılmadı. Hamıya və hər kəsə aydın olan korrupsioner məmur-oliqarxlara qarşı hər hansı hətta simvolik tədbirlər görülmədi. KİV- də yüzmilyonlarla manat dəyərində korrupsiya faktları barədə gedən materialların araşdırılması istiqamətində hər hansı addım atılmadı. Əvəzində dövlət tərəfindən 2010- cu ildə sel daşqınından zərərçəkmiş şəxslərə yardım adı ilə ayrılmış milyonlarla manat dövlət vəsaitinin hara və nəyə sərf edildiyini tələb edən Sabirabad sakinlərinin tələblərini araşdırmaq əvəzinə onlara qarşı xüsusi təyinatlı polis qüvvələrinin əməliyyatı keçirildi.
Azərbaycanda insan haqlarının vəziyyətinin simvoluna çevrilən Eynulla Fətullayevin azad olunması haqqında Avropa Məhkəməsi qərarlarını yerinə yetirmək əvəzinə onun əleynə yeni təxribatların hazırlanması xəbərləri gəldi.
Siyasi məhbusları azad etmək əvəzinə, cəmiyyətdə qorxu və vahimə yaratmaq xəttinin davamı olaraq gənclər hərəkatının nümayəndələrindən C. Savalan qondarma ittihamla həbs edildi. Tanınmış vəkil Osman Kazımov məsləkdən uzaqlaşdırıldı.
Televiziya efir məkanı alternativ siyasi mövqelər və fikirlər üçün qapalı saxlanmaqda davam etdirildi.
Kütləvi toplaşma azadlığının təmin edilməsi istiqamətində hər hansı addım atılmadı.
Bütün bunlar Azərbaycandakı siyasi rejimin reallıq hissini itirdiyini, dövrün çağırış və təhdidlərinə adekvat cavab verə bilmədiyini, ölkədə sosial-siyasi sarsıntıları önləyə biləcək qabiliyyətə, bacarığa, intellektual potensiala və ən başlıcası, siyasi iradəyə malik olmadığını, əvvəlki yanlış və irticaçı kursdan imtina etmədiyini, ciddi islahatlara getmək istəmədiyini və bu səbəbdən dövlət üçün təhlükəyə çevrildiyini göstərir.
Orduda son günlərdə kütləvi qətl hadisələrinin artması bu təhlükənin hansı səviyyəyə çatdığının əlamətidir.
İctimai Palata hesab edir ki, vəziyyətin bu cür təhlükəli inkişafının qarşısı vətəndaşların geniş kütlələrinin siyasi və sosial islahatlar tələbləri ilə çıxış etmələri vasitəsi ilə dinc şəkildə, qanuni və sivil formalardan istifadə etməklə alına və real dəyişikliklərə nail oluna bilər.
Təsisindən keçən iki ay ərzində İctimai Palata yuxarıdan formalaşma mərhələsini başa çatdıraraq ölkənin ən güclü alternativ ictimai – siyasi qüvvəsinə çevrilmişdir. Növbəti mərhələ bütün ölkə boyu təşkilatlanmanı həyat keçirməkdən ibarət olacaqdır. Bu mərhələ yaxın bir ay ərzində başa çatdırılacaqdır. İctimai Palata hərəkatın dəyişikliklər və islahatlar paketinin və bu paketin ən mühüm tərkibi kimi Yeni Konstitusiyanın hazırlanması üzərində işləyir. Dəyişiklik və islahat ideyaları cəmiyyətdə geniş şəkildə müzakirə ediləcəkdir.
Haqq, hüquq və ədalət uğrunda hər bir vətəndaş və küll halında xalq öz sözünü açıq şəkildə deməsinin və öz mövqeyini açıq ifadə etməsinin vaxtı gəlib çatmışdır. Bu mövqeyin ifadəsi İctimai Palatanın təşkilatlarına üzv olmaq və ona dəstək verməkdən ibarətdir. Yüz minlərin üzv olduğu, milyonların dəstək verdiyi İctimai Palata hər şeyə qadir olacaqdır.
Yuxarıdakıları qeyd edərək İctimai Palata Azərbaycan hakimiyyətindən aşağıdakı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir:
1. Təcili olaraq ölkədə real sosial – iqtisadi və ictimai – siyasi islahatlar aparılsın;
2. İslahatların həyata keçirilməsinin təminatı kimi növbədənkənar parlament seçkiləri keçirilsin;
3. Nazirlər Kabineti istefaya göndərilsin, nazir və digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin mal varlığı və korrupsiya fəaliyyətlərində iştirakı məsələləri şəffaf şəkildə təhqiq edilsin. Bu təhqiqat başa çatana qədər onların dövlət qulluğu vəzifələrində çalışmaları qadağan edilsin;
4. Sosial ədalətin təmin edilməsi, o cümlədən neft gəlirlərinin və digər milli sərvətlərin ədalətli bölgüsü istiqamətində konkret addımlar atılsın. Bu məqsədlə əmək haqqı, pensiyalar və digər sosial ödənişlərin minimum hədləri iki dəfə artırılsın. Təbii inhisarda olan xidmətlərin 2011- ci ildə qiymətinin artırılmasına və süni bahalaşmaya yol veriməməsinə təminat verilsin;
5. Siyasi məhbuslar azad edilsin;
6. Əsas insan hüquq və azadlıqlarına, o cümlədən sərbəst toplaşma azadlığına, ifadə azadlığına, dini etiqad və vicdan azadlığına qoyulmuş məhdudiyyətlər ləğv edilsin.
Bildirilir ki, irəli sürülən tələblərə hakimiyyətin ən qısa müddətdə münasibət bildirməsi məqsədəuyğun sayılır”.