İstefada olan polkovnik İsa Nəzər oğlu Sadıqov beynəlxalq axtarışa verilib. Bu barədə məlumatı Vesti.az saytına hüquq-mühafizə orqanlarındakı mənbə verib. Məlumata görə, Hərbi Prokurorluğun Xüsusi İstintaq İdarəsində İsa Sadıqov barəsində Cinayət Məcəlləsinin 341.3 (müharibə dövrü və ya döyüş şəraitində və ya hakimiyyət və ya qulluq mövqeyindən sui-istifadə, səlahiyyət həddini aşma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda bu iş üzrə araşdırma aparılır.
2001-ci ildən axtarışda olan və bu yaxınlarda Türkiyədə olan İsa Sadıqov bildirib ki, Azərbaycanda baş verən hadisələri diqqətlə izləyir və tezliklə Bakıya cəlmək niyyətindədir. Onun sözlərinə görə, Milli Şuraya da qoşula bilər.
Bundan başqa, İsa Sadıqov fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsinin üzvüdür.
Xatırladaq ki, İsa Sadıqov 1992-ci ildə müdafiə nazirinin müavini olub, Azərbaycanın qərbindəki hərbi əməliyyatlara rəhbərlik edib.