Əsgər Ələkbərovun evindən çıxarmaq istədiyi şəxslərin arasında müharibə veteranları da var
Dünən Media Mərkəzində Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Mərkəzinin direktoru Ələkbər Məmmədov mətbuat konfransı keçirib. Tədbir Böyük Dünya Müharibəsi veteranı Leonid Adurovun hüquqlarının pozulmasına həsr olunmuşdu.
Ələkbər Məmmədovun sözlərinə görə, daxili işlər nazirinin müavini Əsgər Ələkbərov Bakının Xətai rayonu, Kamandar Əhmədov küçəsi, ev 1, mənzil 4-də yaşayan Leonid Adurovun mənzilindən çıxarılması barədə bildiriş imzalayıb.
Bu il aprelin 1-dək mənzil boşaldılmalıdır. Bu qərar daha 11 ailəyə aiddir. Onlar arasında DIN veteranları və əməkdaşları, habelə Qarabağ müharibəsinin iştirakçıları var. Adı çəkilən şəxslərin çıxarıldığı ev DIN-in balansındadır. Həm də vətəndaşlar üçün heç bir kompensasiya nəzərdə tutulmur. Leonid Adurov özü kompensasiya verilməsini və ya yeni mənzillə təmin olunmasını tələb edir. Hüquq müdafiəçisi Ələkbər Məmmədov hesab edir ki, bu halda mənzil hüququ pozulub və DIN rəhbərliyinin əməlləri “qanunsuzdur”.
O, müxtəlif instansiyalara şikayət etmək niyyətindədir.
Leonid Adurov oğlu və gəlininin ölümündən sonra onun himayəsində qalan üç nəvəsini böyüdür. Məsələ ilə bağlı DIN-in mətbuat xidmətindən şərh almaq mümkün olmayıb(Turan).