Zeynal Məmmədli: «Dünya projesi olmaq hər hansı konkret əsəri müəllif hüququndan məhrum etmir»
“Azadlıq”ın ötən sayında xəbər verdiyimiz kimi, Türkiyənin “Made in Turkey” şirkəti “Xəzər” telekanalını məhkəməyə verməyə hazırlaşır. Səbəb isə “Xəzər”in Türkiyədə yayımlanan “Cocuklar duymasın” serialını icazəsiz yeni variantda “Aramızda qalsın” adı ilə istehsal etməsidir.
“Cocuklar duymasın”ın prodüsseri Birol Güvən bunu “cinayət” adlandırıb. “Xəzər”in yetkilisi Ramal Hüseynov isə qarşı tərəfin plagiatlıqla bağlı iddialarını qəbul etmir.
Yaranmış problemlə bağlı mütəxəssislərin də fikrini öyrənmək qərarına gəldik. Telemütəxəssis Zeynal Məmmədli deyir ki, əvvəlcə “Xəzər” telekanalının Türkiyədən icazə aldığını güman edib: “Düzü, bu telekanalın bilərəkdən pozuntuya yol verməsinə inanmağım gəlmirdi. Orada təcrübəli, eyni zamanda istər qanunlara, istərsə də etikaya sayğısına şübhə etmədiyim türkiyəli menecerlər çalışır və çətin ki, onlar naşı davranışa yol versinlər. Türkiyə ”ATV”sindən ATV-li Birol Güvən “Xəzər”i plagiatlıqda təqsirləndirir. Hərçənd, Azəri türkcəsi və ifalardan ləzzət aldığını da söyləyir. Vəkillərinin pozuntu gördüyünü və bu işi məhkəməyə daşıyacaqlarını da bildirir. “Xəzər” telekanalından Ramal Hüseynovsa iddia edir ki, “Cocuklar duymasın”ın müəllif hüquqları “ATV”də ola bilməz, çünki söhbət dünya projesindən gedir”.
Ekspertin sözlərinə görə, bu iki açıqlama dəqiq nəticə üçün kifayət etmir. Bununla belə, Zeynal Məmmədli Ramal Hüseynovun ÿhaqlı çıxacağını düşünmür: “Çünki dünya projesi olmaq hər hansı konkret əsəri müəllif hüququndan məhrum etmir. Orijinal ifa, görüntü, musiqi, təcəssüm, quruluş mütləq qorunur. Ümumi ssenariyə əlavə və dəyişiklikləri yaradıcılıq nümunəsi saymaq mümkün olmasa da, bir fikir yaradıcı gerçəkləşdirilmə üsulu olduğu kimi təkrarlanırsa, bu, köçürmə ÿvə pozuntu sayıla bilər. Deməli, məhkəmə perspektivi mümkündür”.
Beynəlxalq təcrübədə bu kimi hallara gəlincə, mütəxəssis deyir ki, etika könüllü öhdəliklərə şamil edilir: “Sözügedən halda söhbət qanun pozuntusundan gedə bilər. Üstəlik, ”Cocuklar duymasın” dizisi efir həyatını bitirməyib və iddialar doğrudursa, “Aramızda qalsın”ı bəzi problemlər gözləyə bilər. Xarici ölkələrdə belə şeylər baş verir. Amma sırf plagiat deyil, daha çox qanuni mənimsəmənin hədləri, kompilyasiya dərəcələrilə bağlı. Azərbaycandakı olay bir az onları aşan kimi görünür…”
Bu arada “Xəzər” telekanalı da qalmaqalla əlaqədar dünən rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, serialın yaradıcılıq məsələləri yerli qanunvericilik çərçivəsində həll olunub: “Xəzər” televiziyasında yayımlanan “Aramızda qalsın” serialı tamamilə Azərbaycanda istehsal edilən layihələrdəndir. Bu serialın məzmunu və cərəyan edən hadisələr Azərbaycanın adət-ənənə və milli-mənəvi dəyərlərinə uyğun mövzulardır. Serial “Xəzər” TV-nin öz studiyalarında maddi-mənəvi əmək sərf edilərək yaradılıb və Azərbaycan tamaşaçısının maraqları nəzərə alınaraq hazırlanır. Serialın ssenarisi, musiqisi, aktyorluq və digər yaradıcılıq məsələləri, habelə bununla bağlı hüquqi məsələlər qanunvericilik çərçivəsində həll edilib və həyata keçirilir.
Onu da qeyd etmək istərdik ki, “Xəzər”in üç illik fəaliyyəti ərzində həyata keçirdiyi layihələr müəlliflik lisenziyası əsasında yayımlanıb və gələcəkdə də bu mövqeyimizi davam etdirmək niyyətindəyik”.