Zəfər Quliyev: «BMT-də qəbul olunmuş sanksiyalar başqa avtoritar rejimlərə də təsirsiz ötüşməyəcək»
Dünya birliyi yekdilliklə Müəmmər Qəzzafiyə qarşı çıxıb. Artıq BMT Təhlükəsizlik Şurası (TŞ) Liviya diktatoruna qarşı sanksiyalar qəbul edib. Eyni zamanda bu ölkəyə silah satışı qadağan edilib. Eyni zamanda diktatorun və onun hakimiyyətində təmsil olunan şəxslərin bank hesabları dondurulub. TŞ-nin qərarında o da bildirilib ki, Liviyadakı nümayişçilərə qarşı güc işlədilməsinin araşdırılması Beynəlxalq Cəza Məhkəməsinə həvalə olunur. Həmçinin Liviya diktatoruna və onun ailə üzvlərinə ölkədən kənara çıxmaq yasaqlanıb. Qəzzafi hakimiyyətdə olduğu müddətdə bu cür sərt sanksiyalarla üzləşən ilk diktatordur. Onu da qeyd etmək lazımdır ki, qərara BMT TŞ-nin bütün üzvləri, o cümlədən Rusiya və Çin də səs verib.
Bu qərarı ekspertlər başqa avtoritar rejim başçılarına da ünvanlanmış mesaj kimi qiymətləndirir. Yəni, artıq bununla beynəlxalq ictimaiyyət və aparıcı ölkələrin siyasi dairələri öz niyyətlərini gizlətmirlər.
Politoloq Zəfər Quliyevin fikrincə, son vaxtlar açıq bildirilir ki, öz xalqlarına qarşı amansız, qanlı mübarizə aparan rejimlərə münasibətdə dünya daha qəti addımlar atmalıdır. Liviya nümunəsi bütün avtoritar rejimlərə xəbərdarlıqdır: “Bu rejimlərə çatdırmaq istəyirlər ki, 21-ci əsrdə, qloballaşan dünyada köhnə diktator üsulları ilə ölkələri idarə etməyə imkan verilməyəcək. Bu, dünyada yeni siyasi durumun formalaşmasının əlamətidir. Əslində belə davranış xeyli əvvəldən nümayiş etdirilməli idi. Lakin gec də olsa, bunu müsbət qarşılamaq lazımdır”.
Ekspertin sözlərinə görə, artıq diktator rejimləri nəinki öz vətəndaşlarına, eyni zamanda bütün dünyaya təhlükə yaradırlar. Avtoritar rejim rəhbərləri faktiki olaraq dünyanın ümumi davranış qaydalarına, demokratik normalara riayət etmir, qapalı cəmiyyət yaradırlar. Ölkə daxilində istədikləri kimi davranır, eyni zamanda qonşu ölkələrə, hətta bütün dünyaya təhlükə yaradırlar. Ona görə də Qəzzafi rejiminə qarşı bu cür sərt sanksiyaların ortaya qoyulması düzgün addımdır: “Qəzzafinin məsələsini onsuz da xalq özü bir-iki günə həll edəcək. Lakin bütün dünyanın adından bu cür cəzalandırma sanksiyaları ortaya qoyulmalıdır ki, başqa rejimlər də özləri üçün nəticə çıxarsın. Nəzərə alaq ki, inqilab dalğası hələ də dayanmayıb, yeni ölkələri də əhatə edib. Ona görə də BMT-də qəbul olunmuş sanksiyalar başqa avtoritar rejimlərə də təsirsiz ötüşməyəcək. Hər halda onların fikirləşməyə vaxtı var. O cümlədən Azərbaycanda mövcud olan avtoritar rejim də özü üçün nəticə çıxarmalıdır”.
Fizzə