STEPANAKERT, 1967-CI IL
Erməni ziyalıları cinayətkarları ölümdən qurtardı
Stepanakertdə məhkəmə
Vəkil Abram Solomoniç Kaplan (Bakı şəhərindəki 3 saylı hüquq məsləhətxanasında işləyib): “…Məhkəmə binasından çıxanda bir qrup erməninin bizi izlədiyini gördük. Onlar bizi əhatəyə aldılar. Mənim başımı divara çırpdılar. Və Stepanakerti tərk etməyimiz haqda bizə ultimatum verdilər. Əks təqdirdə yaxınlarımızı məhv eləməklə hədələdilər. Öldürülən Nelsonun atası Movsesyan Benik də onların arasında idi. Mən digər vəkil Əhmədovla birlikdə bizi hədələyənlər barədə hakim S.Rəzzaqova şikayət ərizəsi təqdim etdim. 1967-ci il iyulun 1-də Bakıya qayıtdım. Iyulun 3-də isə hökm oxundu”.
Vəkil Nadir Ibrahimov:
– Mən məhkəmədə dəfələrlə işin tam tədqiq olunmadığı barədə vəsatət qaldırdım. Müttəhimlərə ilkin istintaq vaxtı cəza verildiyini, zorla ifadə verməyə məcbur edildiklərini hakimin diqqətinə çatdırdım. Məni dəfələrlə hədələdilər. Buna görə də mən hökm oxunmamışdan Stepanakerti tərk etdim.
Şahid Zərifə Məmmədovanın ifadəsindən:
– Mən məhkəmənin bütün iclaslarında iştirak etmişdim. Zalda olanların hamısını, demək olar, tanıyırdım. Amma 3 iyulda zalda tamam başqa adamlardı. Milliyyətcə erməni olan bir mayor hamıya göstəriş verirdi. Onun bir neçə dəfə Benik Movsesyanla nəyisə müzakirə etdiyinin də şahidi olmuşdum.
Xananovun ifadəsindən:
– “Müttəhimləri özümüz öldürəcəyik, sonra onları gətirən maşında da yandıracağıq”. Bu sözləri mənə livan ermənisi Con Oqanov dedi. Hələ hökm oxunmamışdı, amma ssenari ona məlum idi.
Güllələnsin!
3 iyul 1967-ci il. Stepanakert. Azərbaycan SSR Ali Məhkəməsinin səyyar iclasının hökmü oxunur:
Ələmşad Xanlar oğlu Məmmədov Azərbaycan SSR CM-nin 94-cü maddəsinin 6-cı bəndi ilə təqsirkar bilinərək ən ağır cəzaya – güllələnmə cəzasına məhkum edilsin.
Ərşad Daşdəmir oğlu Məmmədov Azərbaycan SSR CM-in 94-cü maddəsinin 6-cı bəndi ilə təqsirkar bilinərək ən ağır cəzaya – güllələnmə cəzasına məhkum edilsin.
Hakim hökmü oxuyur. Cəzanın yüngül olduğunu bəhanə edən bir qrup erməni məhkəmə binasını mühasirəyə alır. Əvvəl dustaqları aparan əsgərlərlə, daha sonra narazı adamlarla milis arasında dava düşür. Bir dəstə erməni milisləri dustaq maşınının yanından sıxışdırıb çıxarır. Müttəhimləri daşqalaq edirlər, sonra onların olduğu maşına od vururlar. Hər üç azərbaycanlı maşında yanır. Maşını əhatəyə almış ermənilər onu söndürməyə belə, imkan vermirlər. Ərşad Məmmədov Bakıda dəfn olunur. Dəfn mərasimində Azərbaycan SSR Nazirlər Sovetinin sədri Əlixanov iştirak edir.
Ambarsumyan erməniləri xilas etdi
Stepanakertə Bakıdan DIN-in qoşunları yeridilir. Milislə toqquşmada ölənlər və yaralananlar olur. Nəticədə beş nəfər erməni haqqında ölüm hökmü çıxarılır. Lakin Ermənistan SSR Elmlər Akademiyasının prezidenti Ambarsumyan L.Brejnevə müraciət edir və bundan sonra ölüm hökmü uzunmüddətli həbslə əvəzlənir.
Zöhrab Qəhrəman oğlu Məmmədovun Azərbaycan CM-in 186-cı maddəsi ilə həmin cinayəti etməsi sübut edilmədiyinə görə ona bəraət verilsin. Həmin iş üzrə dərhal həbsdən azad edilsin”.
Hökm oxunub sona çatanda ermənilər məhkəmə binasını daşqalaq etməyə başladılar. Binanın içərisində olan adamların çoxu daş zərbəsinə məruz qaldı. Daşlar insanların üzərinə yağış kimi yağdırılırdı, Milis nəfərləri özlərini elə göstərirdilər ki, guya onlar parka yığılan kütləni sakitləşdirməyə çalışırlar, lakin ermənilər sakitləşmir, daha da qızışırdılar. Qalmaqal salan ermənilərə Yerevandan gələn xüsusi dəstələr rəhbərlik edirdilər.
Kütlə məhkəmə binasının zalına daxil oldu. Konvoyları döyüb kənarlaşdırdılar. Günahı sübuta yetməyən 3 nəfər azərbaycanlını bayıra çıxarıb onları vəhşicəsinə döydülər. Elə bir vəziyyət yaranmışdı ki, hər bir erməni əllərindəki daşla azərbaycanlıları vurmalı idi. Onlar hətta öldürüldükdən sonra da meyitləri təpik və daşla vururdular.
Bundan sonra ermənilər öldürülən azərbaycanlıların meyitlərini gətirdikləri milis maşınına qoyub onları yandırdılar, Stepanakert şəhəri müəyyən müddət kütlənin idarəsinə keçir. Şəhərdə olan azərbaycanlılar isə müvəqqəti olaraq evlərini tərk etmişdilər. Ermənilər, həmçinin azərbaycanlı milislərə də silahlı müqavimət göstərirdilər.
Xüsusi istintaq qrupu
Stepanakertdə baş verən bütün bu hadisələri və həqiqəti aydınlaşdırmaq üçün xüsusi istintaq qrupu yaranır. Xüsusi istintaq qrupuna DTK-nın istintaq şöbəsinin müstəntiqi mayor Ə.B.Arutyunov, baş müstəntiq kapitan A.A.Talanov, müstəntiq baş leytenant R.A.Baxşəliyev daxil olur.
Istintaq işini Moskvanın nəzarəti altında Azərbaycan Respublikası Prokurorluğu aparırdı.
Şahid Məmməd Ağamməd oğlu Məmmədovun ifadəsindən:
– Mən Zərifənin (Ərşadın həyat yoldaşı) xahişi ilə onunla Stepanakertə getdim. Zərifə xala iclas zalına keçə bildi. Mən bayırda qaldım. Bu vaxt parkda 12 minə qədər erməni toplanmışdı, içəridən güllə səsləri gəlməyə başladı. Nə baş verdiyini görə bilmədim. Sonra isə bircə onu gördüm ki, Ələmşadla Ərşadın qana boyanmış meyitlərini maşına apardılar. Zöhrab o vaxt maşında idi. Maşını çevirib yandırdılar.
Sergey Petrosovun ifadəsindən:
– Parka xeyli erməni toplaşmışdı. Benik Movsesyan adlı erməni kimlərəsə göstəriş verirdi. Qərar oxunandan sonra bizi və müttəhimləri daş, taxta atəşinə tutdular. Movsesyan Benikin əlində stulun ayaqları var idi. O, qarşısına çıxanı vururdu. Kütlə içərisindən bizə atəş açmağa başladılar. Müttəhimlər hələ sağ idi. Mən dəmir alətlə başımdan zərbə aldım, huşumu itirdim.
Malimonovun ifadəsindən:
– Ambarsum rus dilində qışqırıb əmrlər verirdi. Atəşi hədəfə, yəni müttəhimləri qoruyanlara atın. Bütün prosesi, hadisələri fotoqraf çəkirdi. Özü də bir yox, bir neçəsi çəkirdi.
Fatma Məmmədovanın ifadəsindən:
– Ermənilər Ərşad, Ələmşad, Zöhrabı işgəncə ilə döyüb öldürdülər. Yaxınlıqda milislər durmuşdu. Mən onlara yaxınlaşıb, buna yol verməməyi, bu vəhşiliyi dayandırmağı xahiş etdim. Onlar mənə “Rədd ol burdan!”, – deyib, yuxarı mərtəbəyə qalxdılar və oradan mənzərəyə tamaşa etməyə başladılar.
Yanğın mühafizə idarəsinin rəisi Saturyan Qugen Avakoviç:
– Bizi yanan meyitləri söndürməyə qoymadılar. Qasımovu vurub huşsuz etmişdilər. Bizə də soyüş, hədə-qorxu yağdırırdılar.
Milis nəfəri Yusif Mehdi oğlu Məmmədov:
– Ermənilər avtomobili çevirib yandıranda Ələmşad və Ərşad ölmüşdülər, ancaq Zöhrab sağ idi. Onun qışqırığı aləmi götürmüşdü.
Paycar Mkrtçyanın izahatından:
– Ernest və başqaları silahlı idilər. Başqalarını tanımıram. Onlar Yerevandan gəlmişdilər.
Asif Məmmədovun izahatından:
– Məni Ernest və Rudik möhkəm döydülər. Mən qan içində idim. Həkimə gedib həm yaralarımı sarıtmaq, həm də döyülməyim barədə arayış almaq istədim. Xəstəxanada mənə nə həkim baxdı, nə də arayış verdi. Məni xəstəxanadan qovdular.
ardı var
Surxay Hüseynli,
Azər Hüseynbala