Əli Əlirzayev: «Heydər Əliyevin prezidentliyi dövründə az səlahiyyəti olan adamlar indi yüksək səlahiyyətlər əldə ediblər»
Yeni Azərbaycan Partiyasının ötən gün keçirilən qurultayında keçmiş deputat, Əli Əlirzayev Siyasi Şura üzvlüyündən çıxarılıb. Səbəb kimi onun partiya siyasətinə zidd olan açıqlamaları əsas götürülüb.
Əli Əlirzayev “virtualaz.org”a açıqlamasında bu qərardan xəbərsiz olduğunu və bunun səbəbini aydınlaşdırmağa çalışacağını dedi: Görünür, çoxlu dəyişikliklər baş verib, ancaq mən dəyişməmiş qalmışam. Indi dəyişən adamları təyin etmək lazımdır. Mənim xarakterim 1992-ci ildə olan, Heydər Əliyevə xas olan xarakterdir. Onun vəfatından sonra, onun ideyası öləndən sonra, görünür, mən indiki zaman üçün yaramamışam. Nə edə bilərəm? Günah məndədir ki, bir çox məsələləri öz boynuma götürmüşəm. Əmanətlərin bərpasını tələb etmişəm, gəlirlərin deklarasiyasını tələb etmişəm, iqtisadi inkişafın dinamikasının, hədəflərin ideyasını vermişəm. Gülçülüyün inkişafı ideyasını vermişəm. Əgər partiyanın məqsədi Azərbaycanın iqtisadi inkişafıdırsa, mən də bu yolda mübarizə aparmışam, Azərbaycan xalqının rifahı üçün çalışmışam”.
Əli Əlirzayev bildirdi ki, Heydər Əliyevin prezidentliyi dövründə az səlahiyyəti olan adamlar indi yüksək səlahiyyətlər əldə ediblər. Indi həmin adamlar “köhnə qvardiya”nın YAP-dan uzaqlaşdırılması siyasətini yürüdürlər: “Bəzi adamlar var idi ki, Heydər Əliyevin ətrafında yığışmışdılar, ideya uğrunda mübarizə aparırdılar. Bu ideya da başa çatdı, güclü dövlət yarandı, bundan sonra daha biz qocalmışıq”.
Ə.Əlirzayev bu küskünlüyünə baxmayaraq YAP-ın sıralarını tərk etmək niyyətində olmadığını dedi: “Mən o partiyanı yaratmışam, onun əziyyətini çəkmişəm. Indi də çıxmaq istəmirəm. Siyasi Şuradan çıxarıblar, özləri bilərlər. Hər halda mətbuatı izləyəcəyəm, görüm motiv nədir. Əgər əsas gətirsələr ki, qocalıb, işinin öhdəsindən gələ bilmir, bu başqa məsələ. Ancaq siyasətimizi düz hesab etmirlərsə, mən bu fikirlə razılaşmıram. Çünki YAP-ın siyasəti Heydər Əliyevin siyasətidir. Heydər Əliyevə yaxın adamlardan biri mən olmuşam. O vaxt səhv etmişdimmi mən?”.