İlham Əliyev Qəzzafinin yolu ilə gedərək Çexiyanı diz çökdürmək istəyir
Çexiyanın xarici işlər naziri Karel Şvartsenberqin bu ilin martında Praqada azərbaycanlı hüquq müdafiəçisi Intiqam Əliyevə insan haqları sahəsində nüfuzlu mükafatın təqdim olunması mərasimi zamanı etdiyi çıxış iki ölkə arasında diplomatik müharibə başladıb. Həmin çıxışında nazir Azərbaycanda “insanları əzən ailə diktaturası”ndan danışmış və Qərbi bu cür hakimiyyətlərə qarşı yumşaq münasibətinə görə tənqid etmişdi. Çexiya mənbələri xəbər verir ki, Şvartsenberqin məhz “Azərbaycanda ailə diktaturası”nın hökm sürdüyünü vurğulamasından qəzəblənən rəsmi Bakı bu ölkəyə neft satışını dayandırıb. Həmçinin öz səfirini Praqadan geri çağırmaqla hədələyir.
“Yeni Müsavat” qəzetinin yazdığına görə, Çexiya xarici işlər naziri, keçmiş dissident K.Şvartsenberqin həmin çıxışına görə rəsmi Bakı əvvəlcə Praqaya etiraz notası verib. Daha sonra K.Şvartsenberqin Cənubi Qafqaz regionuna səfəri çərçivəsində Azərbaycana bu ilin aprelində nəzərdə tutulmuş səfəri ləğv edilib. Məlum olub ki, rəsmi Bakı səfərin baş tutması üçün Şvartsenberqin üzr istəməsini tələb edir. Ancaq Çexiya xarici işlər naziri açıqlama verərək bildirdi ki, üzr istəmək niyyətində deyil.
Çexiya KIV-lərinin xəbərlərinə görə, üzr tələbinin rədd edilməsindən sonra Azərbaycan tərəfi Çexiyaya neft satışını dayandırıb. Çexiya ilə neft satışına dair əməkdaşlıq edən firmalar bildiriblər ki, yeni müqavilə imzalamayacaqlar. Ceskenovnc.cz saytı Çexiya Prezident Administrasiyasının əməkdaşı Vratislav Minaraja istinadən bildirir ki, prezident Miloş Zeman gərginliyi yumşaltmaq üçün işə qarışmağa hazırdır. Miranaj məsələ ilə bağlı artıq Azərbaycan səfiri ilə danışdığını bildirib. Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə də yaxın vaxtlarda Praqa ətrafında prezident Miloş Zemanla görüşəcəyini təsdiqləyir. V.Minaraj təsdiq edib ki, Azərbaycan “ən radikal diplomatik addıma”, yəni səfirini geri çağırmağa da hazır olduğunu çatdırıb.
Azərbaycan hakimiyyətinin bu addımları vaxtilə Liviya lideri Qəzzafinin Isveçrəyə qarşı hədələrini xatırladır. Vaxtilə Qəzzafi oğlunun Isveçrədə yol verdiyi qanun pozuntularına görə cəzalandırılmasına etiraz əlaməti olaraq bu ölkəyə neft satışı dayandıracağı ilə bağlı hədə bəyanatı ilə çıxış etmişdi. Uzun sürən gərginliyin nəticəsində Isveçrə Qəzzafidən üzr istəmiş, yalnız bundan sonra bu ölkəyə neft satışı bərpa olunmuşdu.
Məsələnin rəsmi tərəfinə aydınlıq gətirmək məqsədi ilə ARDNŞ-lə əlaqə saxladıq. Amma suallarımıza təəssüf ki, cavab ala bilmədik. Gün ərzində ARDNŞ-in mətbuat xidmətinə zənglərimiz bir nəticə vermədi.
Politoloq Hikmət Hacızadə hesab edir ki, Çexiya xarici işlər nazirinin bəyanatında qəribə heç nə yoxdur. Nazir Azərbaycan reallıqlarını dilə gətirib: “Düşünürəm ki, çexiyalı nazir Azərbaycan hakimiyyətinin bu cür mövqeyindən sonra fikirlərində daha qətiyyətli şəkildə dayanmalıdır. Və daha sərt bəyanatlar səsləndirərək, Azərbaycan hakimiyyətini yerində otuzdurmalıdır. Mən onun yerində olsaydım belə edərdim”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə bildirdi ki, çexiyalı nazir sadəcə olaraq tədbirdə öz fikirlərini söyləyib. Bu, Çexiya hökumətinin rəsmi mövqeyi sayılmamalıdır: “Azərbaycan hökuməti, deyəsən, öz vətəndaşları ilə Çexiya vətəndaşlarını, hökumətini səhv salıb. Çexiyada fikir azadlığıdır. Insanlar söylədikləri fikirlərə görə təqib olunmurlar. Ona görə Çexiyadan Azərbaycandan üzr istəməyi tələb etmək absurddur”.
Himkət