Adam çox istəyir ki, bir yazıda ölkə siyasətinin sistemləşdirilmiş mənzərəsini versin. Amma reallıq elədir ki, hər media strukturunda ümumi prosesin yalnız bir çalarını qabartmaq olur. Ümumi mənzərə ona görə də natamam qalır. Oxucuda da elə təsəvvür yaranır ki, yazar ya prosesi bütün detalları ilə təsəvvür edə bilmir, ya da qəsdən, bilərəkdən onu təhrif edir.
Əvvəllər adam siyasi mövzu sarıdan kasadlıq çəkirdi. Amma indi mövzu var. Fəqət, onu yazmaq imkanları məhduddur.
Qərəz, yazı gileylə başladı. Amma ötəridir. Bütün giley-güzar bir gün ötüb keçir, yadda əhəmiyyətli şeylər qalır. Elə bizim də istədiyimiz budur ki, siyasətdə də əhəmiyyətli şeylərin ardınca qaçaq. Mən bunu bir neçə dəfə yazmışam. Faktiki olaraq son iki ay təşkilati diskussiyalara, müzakirələrə sərf olundu. Indi elə vaxtdır ki, bizim üçün vaxtdan qiymətli heç nə yoxdur, amma o, hədər gedir.
Bilirəm, bəziləri bununla razılaşmayacaq. Amma bu 20 ildə çox böyük təşkilatlar görmüşəm. Bu təşkilatların təəssüf ki, yalnız adı böyük olur.
Bir vaxt bütün bu prosesləri “siyasi kombinatorika” adlandırmışdım. Ifadə bəzi yazarların elə xoşuna gəlmişdi ki, heç bilmədən kombinatorika nədir, bu ifadəni öz adlarına çıxdılar. Olsun. Mənim başıma belə işlər çox gəlib. Son vaxtlardan olan bir detalı xatırladacam. Ictimai Palata ilə bağlıdır. Onun adını əvvəl Xalq Parlamenti qoymaq istəyirdilər. Bir oxunaqlı qəzet məndən müsahibə götürdü, orada mən Ictimai Palata ifadəsini işlətdim, bəzi ölkələrin təcrübəsini xatırlatdım. Bir müddətdən sonra eşitdim ki, təşkilata Ictimai Palata adını veriblər.
Bunu yazmaqla müəlliflik iddiası açmaq fikrim yoxdur. Sadəcə, axır vaxtlar baxıram, deyirlər ki, filan şey filankəsin ideyasıdır, gərək onunla məsləhətləşək. Dərhal ağlıma gələn elə o olur ki, əcəba, bu nə ideyadır? Elə hər şeyə ideya demək olarmı?
Indi faktiki olaraq biz növbəti iddianı təmin etməklə məşğul oluruq. Amma bir söz deyim. Bədii ssenari ilə siyasi texnologiya arasında böyük fərq var. Siyasi texnoloqlar da ssenari hazırlayırlar. Amma bu kinoda ifadə olunmur, real həyata tətbiq edilir. Həyat isə hər bir kinodan mürəkkəbdir. Siyasətin ssenariləri həm də çoxvariantlığı ilə seçilir. Amma indi oynanılan siyasi ssenariyə baxanda görürsən ki, ortalıqda bir sönük variant var.
Ötən dəfə də yazmışdım ki, siyasi qərara addım-addım getmək lazımdır. Bu prosesdə mən bunu görmürəm. Təşkilat ideya ətrafında yaranmalıdır. Indiki ideya nədir? Deyəcəklər ki, müxalifətin birləşməsi! Amma mən də soruşacam ki, müxalifəti niyə birləşdirmək istəyirsiniz? Əminəm ki, cavabında hərə bir şey deyəcək. Ona görə də ortalıqda amorf bir situasiya yaranıb.
Ən maraqlısı odur ki, indi qüvvədə olan ssenari də yeni deyil, o, 20 ildir oynanılır. Deyə bilərlər ki, məhz birliyə nail ola bilmədiyimizdən heç bir şey alınmır. Amma mən bununla da razılaşmayacam. Ona görə heç nə alınmır ki, insanlar nəyə görə birləşdiklərini bilmirlər!
O da maraqlıdır ki, nədənsə çox ağıllı adamlar da bu ssenarilərə qoşulur. Onlar niyə belə edirlər? Cavab sadədir və o da sualdır: qoşulmayıb nə edəcəklər? Əgər özlərini birləşmə qayğılarından azad etsələr gərək başqa bir iş görsünlər. Amma başqa işləri varmı? Görə bilirlərmi? Bax, məsələ də elə bundadır.
Mənim yadıma bir yazı gəlir. Onu bir filosof yazmışdı. Bu yazı dərhal müxalifət tərəfdarlarının qəzəbinə gəldi. Niyə? Ona görə ki, orada sadə bir fikir vardı: Insanları harasa çağırmamışdan öncə müəyyənləşdirin ki, hara və nə üçün getməyə hazırlaşırsınız?.. Çox doğru fikir idi. Indi eyni sözləri birləşmə ilə bağlı da demək olar: əvvəlcə müəyyən edin ki, nəyə görə birləşmək istəyirsiniz?..
Inanın, bu suala cavab verilsə, bir çox proseslər sürətlənər. Bəzən deyirlər ki, demokratik mühit yaratmaq istəyirik. Amma necə?
Düşünürəm ki, bir sıra işləri görmək lazımdır. Ən başlıca iş isə “Demokratik mühiti necə yaratmalı” sualına cavab verməkdir. 20 ildir ki, bu sualın həndəvərində fırlanırıq, amma onun üzərinə gedə bilmirik, hər seçkidə bu sualdan yan keçməyə, onu görməməyə çalışırıq. Amma bu cür alınmayacaq. Ciddi bir seçki strategiyasına ehtiyac var. Amma onu kim və hansı çətir altında hazırlayacaq? Bax, sual budur?