Belə bir söz var, deyirlər: müəyyən yaşa qədər sən adın üçün çalışırsan, sonra isə qazandığın ad sənin üçün işləyir.
Milli Şura bu baxımdan istisna oldu. Şura hələ bir iş görmədən cəmiyyətdən dividendlər götürməkdədir. Sağda, solda, yolda, ofisdə nə qədər insandan Milli Şuranın elanına müsbət reaksiyalar görürük.
Təpədən dırnağa qədər tənbəlliyə, ümidsizliyə yenilmiş nə qədər dostların Milli Şuranın elanından sonra gözünə işıq, dizinə təpər gəlib.
Hər şey liderlərin bundan sonra Milli Şuranı adına layiq formada yaşatmasından asılıdır. Bu ideya Azərbaycan xalqının illərdən bəri qəlbində düyünlənən nisgili sökməyə qadirdir. Kifayətdir ki, dürüst, qorxmadan və fədakar mübarizə aparasan.
Azərbaycan hakimiyyəti Milli Şura qarşısında ta tərki-silahdır. Danışan dilləri lal olub: Sən lap qərəzsiz bitərəf ol, hörmətli oxucu, de, mən də bilim, bu hakimiyyətin Əli Kərimli, Isa Qəmbər, Rüstəm Ibrahimbəyov, Eldar Namazov, Lalə Şövkət tablosu önünə çıxaracağı kimi var? Sizinləyəm, kim dura bilər bu mənzərənin önündə? Siyavuşmu, Fəzailmi, yoxsa, Ilham Əliyev özü?
Milli Şuraya nicat kimi baxırlar. Bu çox təbiidir. Ancaq liderlərlə yanaşı, bu ideyanın reallaşması hər bir dəyişiklik istəyən vətəndaşın, fəalın çiyinlərinə yük qoyur.
Hər kəs qabiliyyəti çatan formada Milli Şuranın təməllərinin möhkəmlənməyində əmək xərcləməlidir. Görəcəksiniz, bu ideya gücləndikcə hakimiyyətin azğınlığına çox şahid olacağıq. Milli Şuraya, onun təmsilçilərinə qarşı qarayaxmalar, namərdliklər baş alıb gedəcək. Çünki hakimiyyətin siyasi rəqabət bacarığı yoxdur.
Ilham Əliyev rəqibləri ilə adətən bu halda ürəklə rəqabətə girir: rəqib türmədə olmalıdır, yaxud ev dustağı, maddi-texniki imkanların əlindən alınmış, repressiya olunmuş durumdadırsa. Ancaq analoqsuz iqtisadi inkişaf əlahəzrətin qüdrətini o qədər zəiflədib ki, o hətta siyasi cəhətdən şikəst əleyhdarı ilə də yarışmaq imkanında deyil. Buna görə də hakimiyyət bütün gücünü böhtana, qarayaxmaya, bir sözlə, küçə uşağı olmağa verib.
Belə halda həssaslıq tələb olunur: Hörmətli oxucu, vətəndaş, çalış oyuna düşmə. Sənin Milli Şurada ixtiyari birindən zəhlən gedə bilər, ona inanmaya bilərsən, ancaq bunu da bil ki, Milli Şuranın heç bir təmsilçisi Azərbaycan hakimiyyətindəkilərdən yaman deyil: onlar yetim malı yeməyib, kimsənin mülkünü əlindən almayıb, kiminsə cibinə nəşə atıb şərləməyib.
Qarabağı unutdurub, Qaradağ boyunca Xəzər dənizini hasarlayıb özününkü edib sənə göz dağı verməyib! Bu insanlar tənqid olunmazdı demirəm, olunmalıdır: Ancaq ədaləti gözləməklə və hakimiyyətin qarayaxma xorunda görsənməməklə.
Milli Şura məsələsi dəqiqləşəndən bəri gözəl bir proses də gedir. Hakimiyyət öz çuğullarına Milli Şuraya qarşı milli şüvən kampaniyasına start verib. Onların nə qədər yazıq göründüyünü özlərindən başqa hər kəs görür. Arqumentsiz və ya yalançı dəlillərlə polemikaya girmək, çürük paya ilə qılınc döyüşünə girmək kimidir. Belələri əks tərəfə uzaqbaşı qara-qışqırıqla təsir edə bilərlər. Və indi onların etdiyi də elə şüvənlikdir.
Yəqin, mənlə mübahisə etməyəcəksiniz ki, hakimiyyət dəyişikliyindən Ilham Əliyevdən çox qorxan elə bu zümrədir – çuğullar.
Çünki onları çox alçaq işlərdə istifadə ediblər, onların vasitəsi ilə evlər yıxılıb, neçə igidin ayağının altında quyu qazılıb, neçəsinin kürəyinə bıçaq saplanıb. Bunlara görə o çuğullar düşünür ki, aha, hakimiyyətdəkilər məğlub olandan sonra pis-yaxşı bir statusları olacaq, hətta bu imkanları olacaq ki, kişi kimi həyatının müxalifət dönəminə başlasınlar. Bəs onlar?
Axı dəyişiklikdən sonra onları ifşa gözləyir və bununla da, necə deyərlər, bu dünyalarını da itirirlər, o dünyalarını da.
Sonda bunları ona görə xatırlatdım ki, çuğulların Milli Şuranı gözdən salmasını görüb kefinizi pozmayın.
Bir bəy kimi söz verirəm: hər şey yaxşı olacaq!