Bu gün saat 15 radələrində özlərini polis kimi təqdim edən şəxslər tərəfindən Nərimanov rayonunda yerləşən Montin bağında saxlanılan sabiq daxili işlər naziri İsgəndər Həmidov artıq sərbəs buraxılıb. Bu barədə musavat.com-a məlumatı hadisə vaxtı İsgəndər Həmidovu müşayiət edən Eldar Tağıyev verib.
E.Tağıyev xəbər verib ki, İsgəndər Həmidov sərbəst buraxıldıqdan sonra Müsavat Partiyasının qərargahına gedib və orada İctimai Palatanın Koordinasiya Şurasının üzvləri ilə görüşüb. O, saxlanılmasının və sonra baş verən hadisələrin təfərrüatını danışıb.
İsgəndər Həmidov deyib: “Məni zorakılıqla maşına mindirdilər, kobudluqla apardılar. Üstümə tapança çəkdilər. Gözlərimə qara lent bağladılar, hara aparıldığımı bilmədim. Lenti gözlərimdən bir də polis idarəsində açdılar. İdarədə mənə 28 May – Respublika Günü ilə bağlı Novxanıda keçirilən bayram mitinqində etdiyim çıxışla bağlı suallar verdilər. “Niyə o cür çıxış etmisən” dedilər. Mitinqdəki çıxışımın kasetini qoydular, baxdıq. Dedilər, bu cür sözlər deyərkən kimi nəzərdə tuturdun. Sonra məni hədələyərək bildirdilər ki, bir daha mitniqə getməyim, getsəm də danışmayım. Daha sonra protokol tərtib etdilər. İdarədən çıxaranda yenə gözlərimi bağladılar və mən hansı polis idarəsində, harada dindirildiyimi öyrənə bilmədim. Bu barədə mənə heç bir məlumat vermədilər”.
İsgəndər Həmidovun özü isə “Media forum” saytına bunları deyib:
– Gözümü bağlayıb naməlum istiqamətə apardılar. Hiss etdim ki, Daxili İşlər Nazirliyinin hansısa idarəsidir. Mənə dedilər ki, dünən mitinqdə çıxış edib təhqir işlətmisən. Dedim ki, elə şey yoxdur, sübut edin, nəyi, kimi təhqir eləmişəm? Dedilər ki, demisən fahişələrə xalq artisti adı verirlər, şərəfsizlər “Şərəf” ordeni alır. Mən də adlarla dedim ki, filankəslər “Şərəf” ordeni almayıb? Adları çəkdim.
Dedilər ki, növbəti mitinqdə belə çıxış eləmə. Dedim ki, növbəti mitinqdə bundan da sərt çıxış edəcəm. Məni sorğu-sual edən vaxt gözlərim açılmışdı. Məndən izahat alan adam təcrübəli, işini bilən adama oxşayırdı. Sorğu-sual qurtardıqdan sonra isə məni tutulduğum yerə qaytardılar.
***
İsgəndər Həmidovun haraya aparıldığı bilinmir. Bu barədə vəkil Yavər Hüseyn “Yeni Müsavat”a bildirib. Onun dediyinə görə, Daxili İşlər Nazirliyinə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət edib, lakin İsgəndər Həmidovun harada saxlandığı barədə informasiya əldə edə bilməyib: “Haraya müraciət ediriksə, deyirlər, İsgəndər Həmidovun saxlanmasından xəbərsizdirlər”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Yeni Müsavat”a bildirdi ki, onlarda İsgəndər Həmidovun saxlandığı barədə məlumat yoxdur.
***
İsgəndər Həmidovun xanımı həyat yoldaşının saxlanılması ilə bağlı xəbəri təsdiq edib. Rəna Həmidovanın ANS PRESS-ə verdiyi açıqlamaya görə, ona bu gün yaxın tanışlarından biri zəng edərək məlumat verib: “Məndə olan məlumata görə, İsgəndər Həmidov Nərimanov metrosunun yaxınlığında olan çayxanalardan birində olarkən 20-25 nəfər onlara yaxınlaşaraq əl-qollarını bağlayıb və naməlum istiqamətdə aparıblar”.
İsgəndər Həmidovun niyə həbs edilməsi ilə bağlı onda heç bir məlumat yoxdur. R.Həmidovanın sözlərinə görə, onun həbs edilməsi üçün əsas yoxdur. Lakin, güman edir ki, bir gün əvvəl Respublika günü ilə bağlı Novxanıda keçirilən mitinqdə çıxışına görə saxlanıla bilər.
R. Həmidova həmçinin onun adından bəzi saytlarda yalan informasiyalar yazıldığına da aydınlıq gətirdi. “Guya mən İsgəndər Həmidovun evdə olması ilə bağlı açıqlama vermişəm. Bu yalandır, belə söz deməmişəm”.
***
Mayın 29-da sabiq daxili işlər naziri İsgəndər Həmidovun tutulmasının şahidi olan Milli Demokrat Partiyasının üzvü Səfər Hümbətov “Media forum” saytına açıqlama verib. O deyib: “Gündüz saat 2-3 radələrində Nərimanov rayonu ərazisindəki çayxanaların birində İsgəndər Həmidovla çay içirdik. Qəfildən 15-20 nəfər mülki geyimli şəxs yaxınlaşaraq bəzilərimizi yerə, bəzilərimizi stulların üstünə yıxdı. İsgəndər Həmidovun qollarını buraraq naməlum istiqamətə apardılar. Bizlərdən biri İsgəndər bəyin aparılmasına etiraz etdikdə onu yerə yıxıb kürəyinə tapança dirədilər.
İndiyə qədər İsgəndər Həmidovun harada saxlandığı barədə məlumat yoxdur. Vəkil Osman Kazımov, hüquq müdafiəçisi Səidə Qocamanlı bu yöndə araşdırma aparırlar”.
***
Bu gün saat 15 radələrində özlərini polis kimi təqdim edən şəxslər Nərimanov rayonunda yerləşən Montin bağında sabiq daxili işlər naziri İsgəndər Həmidovu saxlayaraq özləri ilə aparıblar. Bu barədə musavat.com-a məlumatı hadisə vaxtı İsgəndər Həmidovu müşayiət edən Eldar Tağıyev məlumat verib.
Onun sözlərinə görə, bir neçə nəfər “bozqurd” çayxanada oturub söhbət etdiyi vaxt onlara yaxınlaşan şəxlər “Polis!” qışqıraraq onları yerə yıxıb, İsgəndər Həmidovun isə qollarını buraraq maşına otuzdurublar. E.Tağıyev onların ya MTN-dən, ya da DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsindən olduqlarını ayırd edə bilmədiklərini deyir.
Güman olunur ki, sabiq daxili işlərinin və keçmiş siyasi məhbusun həbsi dünən Novxanıda keçirilən mitinqdə hakimiyyətin ünvanına səsləndirdiyi sərt ifadələrlə bağlıdır.