«Kür» sorğularına Korrupsiyaya qarşı Mübarizə Idarəsində cavab axtaracaq
May ayında Kür daşqınlarının 3 ili, Qax-Zaqatala zonasında baş vermiş zəlzələnin isə 1 ili tamam oldu. Ötən müddətdə hər iki fəlakətin nəticələrini aradan qaldırmaq istiqamətində görülən işlər, bu işlərə ayrılan vəsaitlər, bölgədəki vəziyyət, mövcud çətinliklərlə bağlı məsələləri araşdıran “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı fövqəladə hallar naziri Kəmaləddin Heydərova rəsmi sorğu göndərib.
Sorğuda tikinti işlərini hansı şirkətlərin həyata keçirdiyini, tenderdə necə qalib gəldiklərini, bir evin tikilməsi üçün nə qədər vəsait xərcləndiyi barədə suallarla yanaşı dövlət büdcəsindən ayrılan 1.1 milyard dolların hara xərclənməsi də burada öz əksini tapıb.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev 1.1 milyard dolların hara xərclənməsiylə bağlı araşdırmalarının davam etdirdiklərini deyir: “Yaxın günlərdə növbəti hesabat olacaq. Biz istəyirdik ki, araşdırmalarımızda bu işə məsul olan Fövqalədə Hallar Nazirliyinin fikirlərini bilək. Nazirliyə sorğu ilə müraciət etdik. Ancaq heç bir cavab gəlmədi”.
Qərargahın koordinatoru deyir ki, evlərin tikilməsiylə bağlı araşdrıma aparıblar və məlum olub ki, ümumilikdə vəsaitin böyük hissəsi korrupsiyanın qurbanı olub: “Bu gün Zaqatalada tikilən evlərin qiyməti orta hesabla 100 min dollar civarındadır. Biz hesab edirik ki, bu real rəqəm deyil. Düşünürük ki, bundan az vəsaitlə daha yaraşıqlı evlər tikmək mümkündür. Hesablamamıza görə, ayrılmış vəsaitin yarıdan çoxu korrupsiyanın qurbanı olub”.
Bu məsələylə bağlı Prezident Administrasiyasından tutmuş FHN-ə qədər müraciət etdiklərini deyən Oqtay Gülalıyev növbəti hesabatdan sonra Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinə üz tutacaqlarını bildirdi: “Biz nazirliyin cavabını gözləyirdik. Əgər hesabatımız hazır olana qədər sorğudakı suallara cavab verilməsə, Koorupsiyaya qarşı Mübarizə Idarəsinə məlumatları göndərəcəyik”.
Hüquqşünas Müzəffər Baxış deyir ki, aparılan araşdırmalar Baş Prokurorluğa göndərilməlidir: “Bu araşdırma nəticəsində Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2 maddəsində cinayət işi qaldırıla bilər. Bu, sübuta yetirilərsə, cinayət, yaxud cinayətin tərkibi də ortaya çıxa bilər. Ola bilər ki, Cinayət Məcəlləsinin 308.2 (vəzifədən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma), 313 (saxtakarlıq), 322 (rəsmi sənədlərin saxtalaşdırılması), 311 (rüşvət vermə) maddələri də əlavə olunsun. Bütün bunlar istintaqın apardığı araşdırma nəticəsində ortaya çıxa bilər. Hər bir halda belə məlumatlar varsa, hökmən Baş Prokurorluğa, yaxud da Baş Prokurorluq yanında Korrupsiya qarşı Mübarizə Idarəsinə müraciət edilməlidir”.
Hüquqşünas Azərbaycan vətəndaşı kimi həqiqətən də o tikintilərdə mənimsəmə faktlarının olduğuna inanır: “Ictimai şüur qəbul edir ki, təbii fəlakətlərlə bağlı ayrılmış pulları mənimsəyirlər. Ancaq mənim inanmağım o demək deyil ki, bu həqiqətdir. Konkret mənimsəmə cinayətlərinə yol vermiş şəxslər sübutlarla ifşa edilməli, cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmalıdır”.
Ramin DEKO