Ilham Əliyevin 2005-ci il seçkiləri ərəfəsində etirazçı xalqa işgəncə verən, onu əzən polislərə necə sahibləndiyi haqqında məşhur çıxışı yadınızdadırmı?
2007-ci ildə Polis Akademiyasındakı həmin çıxışında möhtərəm, beynəlxalq təşkilatların ondan belə polislərin cəzalandırılmasını istədiyini demiş, dərhal da əlavə etmişdi: “Mən bunu rədd etdim. Mən dedim ki, bir nəfər də olsun polis işçisi cəzalandırılmayacaq”.
Və belə bir zehniyyətin hakim olduğu ölkədə indi ev heyvanları ilə qəddar rəftara görə cəzaları sərtləşdirirlər, qanunvericiliyə dəyişiklik etməyə hazırlaşırlar.
Bunun adı doğrudanmı, heyvan sevgisidir?
Bu, doğrudanmı yaptokratiyanın içindəki mərhəmətin dışa vurmasıdır?
Inananı daşa dönsün.
Insanlara işgəncə verənlərə sahiblənib heyvanlara işgəncə verənləri ağır cəzalandırmaq adını mərhəmət qoymaq mümkün deyil.
Insanların dilinə, ağzına qıfıl vurub, onu dilsiz-ağızsız, düşünməyən, sorğulamayan məxluqa çevirməyə çalışıb sonra da özünü dilsiz-ağızsız canlıların qeydinə qalırmış kimi göstərməyin adı heyvan sevgisi ola bilməz.
Deyək ki, it boğuşduranlar bundan sonra cəzalandırılacaq, çox gözəl, çox pakizə! Bəs xalqın üstünə sümükqıran itlər göndərmək sərbəstmi olacaq? Buna görə kimsə cəzalandırılmayacaq, hətta onlara sahib çıxılacaq, eləmi?
Deyək ki, xoruz döyüşdürmək işgəncədir, cəzası da ağır cərimələr ödəməkdir. Bəs fikir döyüşdürmək, söz güləşdirmək niyə suçdur bu ölkədə?
Sualları çoxaltmaq olar. Amma nə gərək var?
Qısası budur: ədaləti olmayanların mərhəməti ola bilməz.
Insanları işgəncə ilə, basqı ilə idarə etməyi vərdişə çevirənlərin başqa canlılara canıyananlığı gülüş və ikrah yaradır.
Həm ağa kefin, paşa könlün istəyəndə adamların evini başına uçuracaqsan, həm də ev heyvanlarının haqqını qoruyacaqsan – allah eşqinə, varmı belə komediya?!
Polad necə əridi?
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun açıqlamasını oxudunuzmu, eşitdinizmi?
Dedi ki, “Eurovision” qeyri-ciddi müsabiqədir.
Oysa cəmi bir il əvvələdək biz bunu deyəndə az qalırdılar dar ağacına çəksinlər.
Millət düşməni adlandırılırdıq, vətən xaini elan edilirdik.
Azərbaycanın “Eurovision”dakı qələbəsinin üstünə kölgə salmaqda suçlanırdıq.
Düşmən dəyirmanına su tökməkdə ittiham edilirdik.
“Antimilli ünsür” olurduq, “element” olurduq.
Nə isə ki, sonuncu yarışmadakı məlum qalmaqal (bizdən Rusiyaya bir xal da verilməməsi) bunları əsl həqiqəti dilə gətirməyə məcbur etdi.
Necə deyərlər, “adın nədir Daşdəmir, yumşalarsan yumşalar”.
Bir az dara düşən kimi, bir il əvvələdək yerə-göyə sığdırmadıqları, böyük dəbdəbəyə və təntənəyə çevirdikləri müsabiqəni görün necə yerdən-yerə vurur, qeyri-ciddi adlandırırlar!
Hə, indi Polad Bülbüloğlunun “Eurovision”u qeyri-ciddi adlandırmasından sonra indi hər hansı bir yaptokratın da özündə cəsarət tapıb bu suallara cavab verməsi gərəkir.
Məsələn, cavab verilməlidir ki, keçən il Bakıda bu qeyri-ciddi müsabiqəyə görə yüz milyonlarla manat niyə xərcləənmişdi?
Camaatın evləri niyə başına uçurulmuşdu?
Bir qeyri-ciddi müsabiqədə qalib gəlmək niyə Ilham Əliyevin mədəniyyətə “atalıq qayğısı”nın nəticəsi kimi qələmə verilir, bu qələbədən rejim öz siyasi təbliğat məqsədləri üçün geninə-boluna yararlanırdı?
Cavablarınızı gözləyirik!