Almaniyada hüquq müdafiəçiləri və jurnalistlər keçmiş naziri iki həftədir ki, tənqid atəşinə tutub
Almaniyanın keçmiş xarici işlər naziri Hans-Ditrix Genşerin Heydər Əliyevin 90 illiyilə bağlı tədbirdə iştirakı ona baha başa gəlib. Xeyli vaxtdır ki, alman jurnalistlər bu addımına görə ondan əl çəkmir. Media, eləcə də yerli hüquq müdafiəçiləri onu insan hüquqlarına hörmətsizlik etməkdə günahlandırırlar. Bu qəbildən olan növbəti məqalə Almaniyanın nüfuzlu “Sueddeutsche Zeitung” qəzetində yayımlanıb.
“Genşerin saxta dostları” başlıqlı məqalədə bildirilir ki, Genşer sözügedən yubiley tədbirində Azərbaycandakı avtoritar rejim barədə xoş sözlər işlədib. Bu isə onun Azərbaycan kimi ölkələrlə şübhəli əlaqələrindən xəbər verir.
Müəllif Stefan Braun yazır ki, həmin çıxışıyla əlaqədar səslənən ittihamlar qarşısında Genşer bir müddət sussa da, indi müqavimət göstərməyə başlayıb.
“Human Rights Watch”ın Almaniya üzrə icraçı direktoru Ventsel Mixalski bildirib ki, Genşerin avtoritar rejimlərə xoş münasibət göstərməsi adamı dəhşətə gətirir.
Qeyd edək ki, hüquq müdafiəçiləri və mətbuatı qəzəbləndirən bu olub ki, Genşer həmin tədbirdə Heydər Əliyev haqqında xoş sözlər işlətsə də, Azərbaycanda insan hüquqları sahəsindəki acınacaqlı durumdan bir kəlmə danışmayıb. Əksinə, deyib ki, Azərbaycan demokratiya yolu ilə irəliləyir.
Almaniya Federal hökumətinin insan hüquqları üzrə nümayəndəsi Markus Löninq bildirib ki, Genşerin davranışını başa düşməkdə çətinlik çəkir.
“70-80-ci illərin planları artıq bizim dövrümüzə uyğun gəlmir” deyən Löninq “Sueddeutsche Zeitung”a açıqlamasında Azərbaycandakı vəziyyət barədə bunları deyib: “Azərbaycandakı vəziyyət daha da pisləşib. Amma gənclərin bu vəziyyətə müqaviməti artıb. Amma eyni zamanda, ölkədə gərginlik də artıb”.
Genşer bununla əlaqədar ona ünvanlanan ittihamlar qarşısında sussa da, onlarla razılaşmır, indi özünü müdafiə edir. Iki həftə sonra onun ofisindən “Sueddeutsche Zeitung”a məktub göndərilib. Məktubda özünə haqq qazandırmağa çalışıb.
Siyasət şöbəsi