Bütün dünyada aparılan savaş Türkiyəyə də sıçrayıb
Azərbaycan məmurlarının Avropa strukturlarında müxtəlif məmurlarla maraqlı və şübhəli işbirliyi faktları bütün qərb mətbuatını ciddi məşğul edən bir problemə çevrilib. Artıq qərb mediası bizim dövlət adamlarının, hətta prezidentin belə təmas saxladığı hər kəsi dərhal şübhə altına alır.
Avropa Şurasının dəhlizlərindən tutmuş Britaniya şahzadəsinin audiensiyasına qədər bütün məqamlar sərt tənqid edilir, bu təmasların arxasında dayanan şübhəli niyyətlər ifşa edilir. Qərb mediası birmənalı olaraq bir fikri təlqin edir ki, bir tərəfində Azərbaycan məmurlarının dayandığı əlaqələrin arxasında hökmən korrupsiya və rüşvətlə bağlı əməliyyatlar, sövdələşmələr vardır. Bütün dünyanın siyasi leksikonuna uğurla daxil olan “kürü diplomatiyası” termininin məhz Azərbaycanla bağlı olduğu da biabırçı bir faktdır.
Amma Azərbaycan məmurları Avropa dəhlizlərində sıxışdırıldıqları kimi Türkiyədə sıxışdırılmırlar, hələ ki. Qardaş ölkədə Azərbaycan “izi” hələ də tüğyan edir. Amma kuluarlarda bu narahatlıq ifadə olunmağa başlayıb. Xüsusilə media quruluşlarında olan ayıq adamlar Türkiyənin dövlət orqanlarındakı “Azərbaycan izi” haqqında söhbətləri genişlətməkdədir. Həm də bu narahatlığı, daha qabarıq şəkildə, AKP-yə yaxınlığı olan insanlar ifadə etməyə başlayıblar. Problem isə həqiqətən də ciddidir. Azərbaycanlı məmurlar Türkiyə parlamentində, Xarici Işlər Nazirliyində, RTÜK (Radio Televizyon Üst Kurulu) kimi ciddi dövlət təsisatlarında dövlətin ana siyasi xətti ilə daban-daban zidd olan qapalı sövdələşmələrə cəhd edirlər. Bu narahatlığı bölüşən insanların yanaşması əsassız deyil. Məsələ burasındadır ki, Türkiyə son illər ərzində regional siyasətin aparıcı oyunçusuna çevrilib. Keçmiş Osmanlı dövlətinin bütün coğrafiyası daxilində geosiyasi münasibətlər Türkiyənin üzərindən qurulur, desək, şişirtmiş olmarıq. Başbakan Erdoğan Avropa və Amerikadakı təmaslarında bu coğrafiyanın siyasi lideri olaraq qəbul edilir və bütün müzakirələr onunla aparılır. Amma Azərbaycanlı məmurlar Azərbaycan dövlətinin mənafeləri naminə deyil, özlərinin korporativ maraqları daxilində olan bütün problemlərlə bağlı məsələləri Türkiyədə orta ranqlı bürokratların qanunsuz müdaxiləsi ilə sahmana salmaq cəhdlərini inadla sürdürürlər. Nəticədə, bir növ, sabotaj yaranır.ÿ
Türkiyə hüquq dövlətidir. Burada ciddi bürokratik sistem var və bu sistem dövlətin ana siyasi xəttinə uyğun fəaliyyətdədir. Amma boş həlqələr hər yerdə var. Təbii ki, həm də Türkiyədə. Məhz bu boş həlqələr bizim məmurların inadlı, şübhəli və şirnikləndirici təklifləri ilə Türkiyənin nüfuzuna xələl gətirən əməliyyatların icrasına baş vururlar. Əlbəttə, bu sahədə bir yığın faktlar var və şübhəsiz, yaxın zamanlarda bu faktlar bomba effekti ilə partlayacaq. Belə hesab olunur ki, bir sonrakı mərhələdə Azərbaycan məmurlarının öz çirkli pullarının təminatını yaratmaqla məşğul olduqları ərəfədə əldə etdikləri “dostluq” əlaqələrinin Türkiyənin daxili və xarici siyasətində yarada biləcəyi yaramaz nəticələrin aradan qaldırılması çox çətin ola bilər. Istər dövlət aparatında, istərsə də ictimai sektorda başbakan Rəcəb Tayyib Ərdoğanın bölgədəki missiyasına təhlükə yarada biləcək bu müdaxilələri cilovlamanın zamanıdır. Görünür, Qərbin siyasi dairələrində “kürü diplomatiyası”nın fəsadlarından yaranan rahatsızlıq Türkiyəni də ciddi narahat etməlidir. Həm də, bu yanlış örnək yalnız Türkiyə və Azərbaycanla bağlı deyil. Ümumiyyətlə, dünyanın avtoritar sistemləri demokratik dünyaya qarşı ideoloji savaş elan etmiş sayılır. Avtoritar sistemlər dünyada “demokratiya böhranı” ilə bağlı uydurmaları sadəcə öz sərhədləri daxilində ictimai rəyə sırımaqlaÿ kifayətlənmirlər. Müasir avtoritarizm klassik diktaturalardan fərqli olaraq korrupsiya üzərinde qurulub. Avtoritar sistemlərin yolsuz və diktator liderləri bütün dünyanı mat qoyacaq qədər nəhəng korrupsiya pullarına nəzarət edirlər. Bu pullar demokratik dəyərlərin tapdalanmasına, hüquq dövlətlərinin daxili və xarici siyasətinə qanunsuz müdaxilələrin təşkil edilməsinə səxavətlə xərclənir. “Kürü diplomatiyası”nın məntiqi də bundan ibarətdir.
Qərbin demokratik toplumu əsrlər boyu yaradılan dəyərlər sisteminə bu çirkli müdaxiləni daha tez fərq edərək ona qarşı dirəniş göstərməyə başlayıb. Türkiyə də öz siyasi sistemini ildən-ilə təkmilləşdirərək demokratik dəyərləri möhkəmləndirməklə məşğul olan dövlətdir. Həm də, bir qədər əvvəl qeyd edildiyi kimi, regionun bir nömrəli oyunçusuna çevrilən dövlətdir. Amma təəssüf ki, “kürü diplomatiyası”nın yarada biləcəyi fəsadlar burada hələ yetərincə dərk edilməyib. Burada “kürü diplomatiyası” üçüncü dərəcəli məmur korpusunu yoluxdurub. Ikinci və ya birinci səviyyədə bu təhlükə hələ ciddi olaraq görünməsə də fəth etdiyi mərhələdə də qorxulu sayıla bilər. Həqiqətən də, sıradan bir azərbaycanlı məmur qanunsuz təklifləri və ya israrları ilə regionun əsas dövlətlərindən birinin ana siyasi xəttinə müdaxilə edə bilirsə, bu, artıq ciddi təhlükə sayıla bilər.
Türkiyə demokratiyası Azərbaycan məmurlarının “kürü diplomatiyası”na yeniləcəkmi? Bunu yaxın zamanlarda görəcəyik.