Leyla Yunus ABŞ diplomatlarına hansı məlumatları təqdim edib?
«Soruşdular ki, korrupsiyaya qarşı mübarizə realdır, yoxsa imitasiyadır»
Hüquq müdafiəçisi Leyla Yunusun ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq və dövlət katibinin köməkçisi Filipp Qordonla görüşdə onlara Azərbaycandakı yüksək vəzifəli məmurlar tərəfindən yol verilmiş hüquq pozuntularına dair dosye təqdim etdiyi barədə məlumat vermişdik. Görüşün detallarını və məmurlarla bağlı dosyedə nələrin yer aldığını öyrənmək üçün hüquq müdafiəçisinə müraciət etdik.
L.Yunus bildirdi ki, diplomatlara təqdim edilən sənəd prezident Ilham Əliyevin 10 fevral 2011-ci il tarixli nitqi ilə başlayır: “Azərbaycan vətəndaşlarına müraciət edən prezident bildirmişdi ki, ”Ölkədə ictimai nəzarət daha da güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır. Mən Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat versinlər ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq”. Biz də prezidentin bu müraciətinə səs verərək bəzi məmurların qanunsuz əməlləri ilə bağlı faktları sənəd şəklində Ilham Əliyevə, Korrupsiyaya qarşı Dövlət Komissiyasının sədri Ramiz Mehdiyevə, Daxili Işlər naziri Ramil Usubova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə göndərdik. Amerikalı diplomatlara da elə bu sənəd təqdim olundu”.
L.Yunusun sözlərinə görə, sənəddə bəhs edilən məmurlardan biri Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdur: “Abutalıbov və komandası tərəfindən vətəndaşların mülkiyyət hüququna qarşı yol verilmiş özbaşınalığa və böyük miqyaslı korrupsiya faktlarına toxunmuşuq. Bildirmişik ki, Abutalıbov və Nəsimi Rayon Icra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev qanunları kobud şəkildə pozaraq Füzuli və Şəmsi Bədəlbəyli küçələrində yaşayan sakinləri öz mənzillərindən zorakılıqla deportasiyaya, qovulmaya, köçürülməyə məruz qoyublar. Indi də Mirzəağa Əliyev küçəsinin sakinləri bu zorakılığa məruz qalıblar. Köçürülmə polis zorakılığı ilə müşayiət olunub ki, bu da ”Polis haqqında” qanuna və Cinayət Məcəlləsinə ziddir.
Bu barədə Prezident Administrasiyasına, Baş Prokurorluğa, Konstitusiya, Ali və Apelyasiya Məhkəmələrinə, DIN, MTN, Ədliyyə Nazirliyi, Bakı meriyası və Nəsimi Rayon Məhkəməsinə müraciətlər göndərilsə də, nə Baş Prokurorluq, nə də Korrupsiyaya qarşı Dövlət Komissiyası bir tədbir görüb.
Biz onların əməllərinin Cinayət Məcəlləsinin hansı maddələrinin təsiri altına düşdüyünü də qeyd etmişik.
Belə olan halda sual yaranır: niyə indiyədək Abutalıbovun, qanunsuzluqların birbaşa icraçısı – Bakı meriyası katibliyinin rəhbəri Zülfalı Ismayılovun, Nəsimi rayon Polis Idarəsinin rəisi, polkovnik Məmməd Mikayılovun, zorakılığa və qanunsuzluğa yol vermiş polis əməkdaşlarının qanunsuz əməlləri hüquqi qiymətini almayıb?!”.
L.Yunus qeyd edib ki, sənəddə başqa məmurların da adı qanunsuz əməllərlə birgə çəkilir: “Görünməmiş maliyyə pozuntusunun miqyasına daha bir misal 5 milyon manatın Dövlət Neft Şirkətindən hansısa Kazımov Rufan Habil oğlunun hesabına köçürülməsidir. Bu məbləğ 511 saylı sərancamda göstərilib. ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev bu işin aqibətini anlayan kimi, maliyyə vəsaiti Bakı Şəhər Icra Hakimiyyətinin hesabına köçürüldü. Bax beləcə dövlət məmurları açıq-aşkar Azərbaycan qanunvericiliyini və beynəlxalq hüququ pozurlar”.
L.Yunusun sözlərinə görə, görüş zamanı diplomatlar ona bir neçə sual ünvanlayıblar: “Sual verdilər ki, korrupsiyaya qarşı mübarizənin real olmasına və imitasiya olmadığına inanırsınızmı. Dedim ki, bu, imitasiyıdır. Soruşdular ki, müsbət nəticə üçün nə dəyişməlidir? Dedim, məhkəmə hakimiyyəti. Müstəqil məhkəmə hakimiyyəti olmayınca, məhkəmələr asılı olduqca heç bir mübarizədən söhbət gedə bilməz. Bildirdim ki, biz prezidentin çağırışına cavab olaraq məmurlarla bağlı müstəqil araşdırma aparmışıq, adlar göstərmişik. Biz Ilham Əliyevin bizlərdən istədiyini etmişik”.
Gültəkin