APA-nın məlumatına görə, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay jurnalistlərə açıqlamasında vurğulayıb ki, ATƏT-in Bakı ofisi prezident seçkiləri ərəfəsində Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyaların iştirakı ilə bir dəyirmi masa təşkil etmək niyyətindədir: “Həmin tədbirin məqsədi seçkilərə hazırlıqları dəyərləndirmək üçün zəmin hazırlamaqdır.
Biz sadəcə zəmin hazırlaya bilərik, görüşə qatıla, vasitəçilik edə bilmərik. Önəmli olanı siyasi partiyaların bir araya gəlib müzakirələr aparmasıdır.
YAP sədrinin müavini Əli Əhmədov məsələyə münasibətində bildirib ki, partiya liderləri arasında siyasi dialoq təşkili insanları düşündürən məsələlər sırasında axırıncı yerdə dayanır.
“Hesab etmirəm ki, YAP və digər partiyalar yalnız ATƏT-in şərtləri daxilində dialoq qurmalıdır. Indi Azərbaycan vətəndaşlarını düşündürən əsas məsələ siyasi partiyaların dialoqu deyil. Bu məsələ bəlkə də insanları düşündürən 20-30 məsələ arasında ən axırıncı yerdə dayanır. ATƏT-in bu məsələyə xüsusi həssaslıq göstərməsinin arxasında nələrin durduğunu mən demək istəmirəm” – deyə Əli Əhmədov bildirib.
Əli Əhmədovun fikirlərindən görünür ki, dialoq məsələsi hakimiyyəti narahat edir və müxtəlif bəhanələrlə bu məsələni ikinci plana keçirmək istəyirlər.
«Açıq debatlarda, dialoqlarda hakimiyyətin deməyə sözü yoxdur»
AXCP sədrinin müavini Nurəddin Məmmədli hesab edir ki, Azərbaycanda demokratiyadan uzaq bir rejim olduğu üçün dialoqlardan, açıq debatlardan hakimiyyət həmişə qaçır”. Hakimiyyət bütün məsələləri öz avtoritar mahiyyətinə uyğun həll edir, beynəlxalq aləm qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir. Birincisi, ATƏT bunların boş vədlərindən yorulduğu üçün konkret iş tələb edir, ikincisi isə hakimiyyətin dialoq prosesində deməyə sözü yoxdur”. Nurəddin Məmmədli onu da əlavə etdi ki, beynəlxalq təşkilatların vasitəçiliyi ilə keçirilən görüşlərdə hakimiyyətin yalanları yerimədiyi üçün, hakimiyyət demokratik prinsiplərdən irəli gələn bütün mexanizmlərdən qaçır. “Əli Əhmədovun fikirləri də, mövcud hakimiyyətin mahiyyətinin göstəricisidir. Bilirlər ki, açıq dialoqlar keçirilsə, qanunlara mürtəce dəyişikliklərin edilməsi, günahsız insanların həbsi, ölkə sərvətlərinin offşor zonalara daşınması və s. neqativ hallarla bağlı cavab verməli olacaqlar”.
İlham Hüseyn