150 deputat prezidentliyə namizədin açıqlamasına qarşı bəyanat verdi
Mayın 12-də İran parlamentinin 150 deputatı birgə bəyanat yayaraq Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncaninin İsraillə bağlı açıqlamasına etiraz bildirib.
Deputatların Rəfsəncaniyə qarşı bəyanatı onun prezidentliyə namizədliyini irəli sürməsindən bir gün sonraya təsadüf edir.
Rəfsəncani İsraillə bağlı açıqlamasını iki həftə əvvəl jurnalistlərlə söhbətində səsləndirib. O, bu ilin iyununda keçiriləcək prezident seçkisində qalib gələcəyi halda İsrailə qarşı mövqeyinin necə olacağı haqda sualı belə cavablandırıb: “Bizim İsraillə davamız yoxdur və onunla müharibə aparmaq niyyətində deyilik. Ərəblər nə vaxt İsrailə qarşı müharibəyə başlasalar, onda biz onlara kömək göstərərik”.
“Media forum” saytının məlumatına görə, 150 deputatın birgə bəyanatında bildirilir ki, Haşimi Rəfsəncaninin İsraillə bağlı mövqeyi onun İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin əqidə və düşüncələrindən uzaqlaşdığını göstərir: “Bizim İsraillə davamız və müharibəmiz yoxdursa da, İsrailin islam inqilabı durduqca bizimlə davası var. Unutmaq lazım deyil ki, İmam Xomeyni vaxtilə demişdi ki, islam inqilabının qarşısında duran əsas ideyalardan biri İsrailin məhvidir”.
Haşimi Rəfsəncani 1989-1997-ci illərdə İran prezidenti postunu tutub.