«Azərbaycan Gürcüstana iqtisadi dəstək verdiyini önə çəkməklə Qərbin təpkilərindən yaxa qurtarmağa can atır»
Fuad Qəhrəmanlı: «Azərbaycanın demokratikləşməsi Qərbin maraqlarında olan məsələdir»
Qərbin demokratiya və insan haqları ilə bağlı tələblərini yerinə yetirməkdən yayınan hakimiyyət bu təpkilərin təsirini azaltmaq üçün müxtəlif vasitələrə əl atır. ABŞ-da səfərdə olan Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovun Azərbaycanın Gürcüstana yönəlik addımları ilə bağlı səsləndirdiyi fikilərlər də bunu deməyə əsas verir.
SAM rəhbəri Azərbaycanın Gürcüstanın enerji təhlükəsizliyini təmin etməklə, bu ölkəyə sərmayələr qoymaqla onun real müstəqilliyinə şərait yaratdığını deyib.
Cənubi Qafqaz respublikaları arasında Qərbyönlü siyasəti ilə seçilən Gürcüstana iqtisadi dəstək verdiyini önə çəkən Azərbaycan bu yolla Qərbin təpkilərindən yaxa qurtarmağa can atır. Görünür, Azərbaycan rəsmiləri Gürcüstanın xatirinə Azərbaycana güzəştə olunacağına ümid edir. Bu yolla hakimiyyət istəyinə nail ola biləcəkmi?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı seçki ərəfəsində beynəlxalq təzyiqlərin, demokratiya və insan haqları ilə bağlı tələblərin artmasının hakimiyyəti ciddi narahat etdiyini deyir. Bu səbəbdən də təzyiqləri neytllaraşdırmaq üçün hakimiyyət bütün vasitələrə əl atır. Lakin əvvəlki illərdə olduğu kimi enerji kartından istifadə edib Qərbə təsir göstərmək mümkün deyil. Eyni zamanda hakimiyyətin kürü diplomatiyası da beynəlxalq səviyyədə ifşa olunub. Buna görə hakimiyyət bütün imkanlarını səfərbər edib və Amerikanın maraq dairəsində olan məsələləri qabartmaq yolu ilə əhəmiyyətini artırmağa, o cümlədən Gürcüstanın Qərb üçün önəmindən yararlanmağa çalışır: “Gürcüstan Cənubi Qafqazda Qərb üçün mühüm əhəmiyyət daşıyan ölkədir. Gürcüstana Rusiyadan təzyiqlər olanda Azərbaycan bu ölkə üçün qapı rolunu oynayıb. Xüsusilə qazla bağlı Gürcüstana ciddi dəstək vermişdi. Indi başqa yolu qalmayan Azərbaycan hakimiyyəti Gürcüstana görə ona yardım edilməsini istəyir. Qonşu ölkəyə görə demokratiya ilə bağlı təpkilərin azalacağına ümid edir. Lakin bu üsul və vasitələr nəticə verməyəcək”.
F.Qəhrəmanlı nəhəng geopolitik planlar çərçivəsində Azərbaycana Gürcüstana görə dəyər verilmədiyini deyir. Azərbaycanın özünün demokratikləşməsi Qərbin maraqlarında olan məsələdir. Bu baxımdan həmin vasitələr nəticə verməyəcək.
Fizzə