ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı illik hesabatına rejim funksioneri, deputat Siyavuş Novruzovun reaksiyası belə idi: illərdən bəri dönə-dönə yazdıqlarını yenə yazıblar.
20 ildən bəri Azərbaycana yaratdıqları ideya-düşüncə çıxılmazlığını S.Novruzov özü də bilmədən beləcə doğrulayıb: ABŞ, demokratik dünya illərdir Azərbaycanın demokratiya yoluna çıxmasına çalışır, ancaq… əliyevçi rejim demokratiyadan getdikcə daha da uzaqlaşır.
Bir çox illər qabaq Andreas Qross demişdi: “Beş ildir monitorinq aparırıq, Azərbaycanda durum düzəlmir, düzəlmir”. A.Qross o çağlar bunu da demişdi: “Sizin hakimiyətiniz nə edir? Onlar başa düşmürlər: seçkilər saxtalaşdırılırsa, demək, Qarabağ da sizdən uzaqlaşır”.
Qarabağın bizdən uzaqlaşmasının, daha doğrusu, uzaqlaşdırılmasının bir görsənişi də Ilham Əliyevin Qarabağ qaçqınlarına Bakı yörələrində şəhərciklər salması faktıdır. 1969-dan bu yana Azərbaycana saysız problemlər yaradan Əliyev klanının indiki başçısı 2018-ci ilədək Azərbaycanın bütün problemlərini çözəcəyini bildirir. Indiki siyasi gerçəklikdən çıxış etməklə soruşmaq gərəkir: hansı düşüncəylə, hansı istəklə?
Bir yol yazmışam, bir daha yazıram: ata-oğul Əliyevlər 44 illik hakimiyyətləri boyunca BU GÜNÜ özlərinə götürüb, GƏLƏCƏYI yazıq-yesir günə qoyduqları Azərbaycan xalqına veriblər. Aradan 44 il keçib, onların xalqa verdikləri gələcək eləcə gələcək olaraq qalmaqdadır.
Indi ortaya yeni yalan atılır: 2018-ci il adında gələcək. Yada başqa bir yalançı gələcək düşür: I.Əliyev 2008-ci ildə xalqın yenidən ona səs verməsi üçün 2006-cı ildə demişdi: “Azərbaycan 2008-ci ildə qapılarını demokratiyaya açacaq”. 2008-də yenidən prezident “seçiləndən” sonra o, demokratiyanı ölkədən qovmaq yolu tutdu. Xalqı aldadıb qarşıdan gələn seçkini də udmaq üçün 2018-ci il yalanına əl atılır. Əliyevlər klanı üçün bu yalanı işə keçirmək olduqca önəmlidir: uzmanların bildirdiyinə görə, 2018-ci ildən sonra Azərbaycanda neft çıxarılması kəskin azalma dönəminə girəcək. Bunlara qarşıdakı beş ili də ələ keçirmək gərəkdir. Buna görə də içdə-dışda gərgin iş aparır, bir daha Azərbaycana yiyələnmək, soyub-yağmalamaq üçün dəridən-qabıqdan çıxırlar. Ancaq olduqca çətin bir durumla üzləşiblər: ABŞ-la Avropa bir yana, bunlara ən doğma, ən yaxın rejimlərdən – Iranla Rusiyadan da istədikləri güvəni ala bilmirlər; görün çoxsaylı yalanları, çoxillik aldadıb-atma siyasətləri ilə özlərini nə günə qoyublar. Quran ölkəsi sayılan Iran da rejimin ağsaqqalı olaraq tanınan Ramiz Mehdiyevin ikilikdə söylədiklərini tez-tələsik dünyaya yayıb ağsaqqalı pis vəziyyətə qoyursa, demək, bunların ələyi ələnib… Bu yerdə birləşmiş müxalifət gərək!
R.Mehdiyevin adını çəkdim, yadıma Rəbiyyət Aslanova düşdü. Daha doğrusu, onun bugünlərdə dediyi. R.Aslanova əliyevçi rejimin necə dışlandığını, gözəlim Yer üzündə YERSIZ duruma düşdüyünü bütün müxalifətçilərdən sanballı-tutarlı sərgiləyib: “Başqa ölkələri unudub, ancaq Azərbaycanla məşğul olurlar”. Adamı ağlamaq tutur: bir klana illərlə danışıqsız ağalıq hüququ qazandıran “uğurlu neft-qaz siyasəti” şişmiş şar kimi partlayır, 20 illik ardıcıl uğurlara özül olan kürü, dollar diplomatiyası daha effektsiz olur. Bütün bunların yerinə ortaya bir-birinin ardınca 20 illik oğurluq faktları çıxarılır – Dubaydan Panamaya, Panamadan Çexiyayadək! Fatma-Tükəzbanların klan televiziyalarında illərlə sevə-sevə öydükləri “uğurlu xarici və daxili siyasətin” arxasından DƏHŞƏTLI dərəcədə böyük, 48-100 milyard dollarlıq oğurluq faktları çıxır.
Beləliklə, “informasiya texnologiyaları ilinə” tüpürüb Internet üzərində hərbi-polis rejiminin prinsiplərinə uyğun məhkəmə ağalığı oluşdurmaq gərəyi yaranır. Bu isə gerilikçi, korrupsiyaçı düşüncə adamlarının görə biləcəyi, gedə biləcəyi, sevə biləcəyi ən ƏLVERIŞLI yoldur!