Təhqir və böhtana görə məsuliyyətin Internetə şamil olunmasına haqq qazandırmağa çalışanların arqumentlərindən biri də “siyasi mədəniyyət” məsələsidir; guya azərbaycanlıların siyasi mədəniyyəti aşağıdır və Internet mediada, xüsusilə sosial şəbəkələrdə siyasi əxlaqa zidd statusların cinayət məsuliyyəti yaratmaqla aradan qaldırılması ən optimal yol kimi demokratiya naminə diktatura quran iqtidarımızın götürdüyü ölçüdür.
Doğrudur, Azərbaycanda siyasi mədəniyyətin heç də yüksək olduğunu iddia etmirəm; ancaq gəlin görək, bunun səbəbləri nədir?
Əvvəla, siyasi mədəniyyətin formalaşması və yetkinləşməsi üçün demokratik siyasi mühit lazımdır. Əgər vətəndaşın səsi oğurlanırsa, seçmədiyi şəxs onun bələdiyyə başqanı, deputatı, prezidenti ola bilirsə, insan öz “siyasi mədəniyyətini” necə büruzə verməlidir? Hər yerdə rüşvət və korrupsiya ilə üzləşən, halal haqqı, qalaq-qalaq kağız parçasına çevrilən qanunlarla qorunan hüququ addımbaşı tapdanan və dövlət aparatı təkərinin altında can verən vətəndaşdan hansı siyasi mədəniyyət gözlənilməlidir? Səsi, haqqı, hüququ əlindən alınan, evi başına uçurulan vətəndaş əzrayılına “canım-ciyərim” deməlidir?
Ikincisi, siyasi mədəniyyət anlayışını cəmiyyətə kim aşılamalıdır? Əlbəttə ki, səlahiyyət sahibləri, dövlət yönəticiləri, siyasi mübarizə aparan tərəflər… Bir ölkənin ki prezidenti dövlətin inzibati-siyasi gücündən istifadə etməklə rəqib siyasi partiyanı qərargahından çıxarandan sonra, “özlərinə bir ofis də tapa bilmirlər” deyə rişxənd edirsə; etirazçı kəsimi “ünsürlər” adlandırmaqdan zövq alırsa, hansı siyasi mədəniyyətin formalaşmasından söhbət gedə bilər?
Son on ildə Azərbaycan siyasi məkanındakı əxlaqi dəyərlərə diqqət edin: tənqidçi media təmsilçilərinin döyülməsi, şikəst edilməsindən tutmuş, müxalifətə qarşı qeyri-etik, ağlagəlməz rüsvayçı kadrların efirdə göstərilməsinə qədər, Azərbaycan iqtidarını mənimsəmiş kəslər “siyasi mədəniyyət” nümayiş etdiriblər. Ən müxtəlif üsullarla gənc fəalları şərləmə, cibinə narkotik atma… hansı siyasi əxlaqa sığır ki, iqtidar mənsubları xalqdan sosial şəbəkələrdə “əxlaqlı cavab” gözləyirlər?
Təsəvvür etmək belə, çətindir ki, partiya üzvlərinin öz şəxsi mənzillərində tərəfdarları ilə görüş keçirməsinə Azərbaycan polisi müdaxilə edir, adamın həyətinə soxulub, görüşü pozur, stol-stulu sındırır, həbslər aparır. Sərbəst toplaşmaq azadlığını faktiki olaraq qadağan edən hakimiyyət təmsilçiləri bunu “sakinlərin istirahət hüququnun pozulması” ilə əlaqələndirir. Qəbul etməsək də, eşitdik; bəs, öz evində 20-30 nəfər qonaq qarşılayan insan kimin istirahətini pozur? Niyə o evə müdaxilə olunmalıdır? Insanı evinə qədər qovandan sonra da ona siyasi mübarizə imkanı verməmək hansı siyasi əxlaqa sığır?
Cəbhəçilərin bir müddət əvvəl şəxsi həyətdə təşkil etdikləri görüşü dağıdan və bunu “evin bazarın yanında olması və bazar əhlinin (məntiqə baxın: guya bazar əhli elmi konfrans keçirirmiş və səs-küy salmaq olmazmış) istirahətini pozması” kimi düşük arqumentlə əlaqələndirən hakimiyyət Şəki qanunsuzluğuna heç izah verməyi də lazım bilmir.
Hakimiyyətin qorxduğu, çəkindiyi üçün insanların, hətta evdə yığışmasına qadağa qoyduğu, faşist təfəkkürü ilə, vətəndaşlarına “cüt-cüt gəzməyi” qadağan etdiyi iddiasını irəli sürmürəm, heç bunun səbəbləri sırasında Əliyev iqtidarının zəifliyini də əsas kimi göstərmirəm. Sadəcə, soruşuram: belə siyasi əxlaq, siyasi mədəniyyət olarmı?
Iran xüsusi xidmət orqanlarının Azərbaycan vətəndaşının da qonaq olduğu bir evə basqın etməsi və Xalidə Xalidi türməyə soxması ilə Azərbaycan polisinin Şəkidə, fərdi evdə keçirilən görüşə müdaxiləsi və heç bir günahı olmayan insanları “araşdırma üçün” şöbəyə aparması arasında hansı fərq var? Avropa Şurasının üzvü olan, demokratiya və Qərbə inteqrasiya yolu seçən Azərbaycanı Iran siyasi əxlaqına uyğunlaşdırandan sonra, Avropa dəyəri səviyyəsində siyasi mədəniyyət gözləmək hardan ağlınıza gəlir?
Ilham Əliyevin dilindən nə vaxt siyasi rəqibləri haqqında “hörmətli” sözü çıxdı ki, Azərbaycanın elitası da bu siyasi mədəniyyəti tətbiq etmədi? YAP iqtidarı ölkə vətəndaşlarını qul kimi almaqdan, sındırmaqdan, siyasi rəqiblərini Siyavuş Novruzov ağzı ilə söyməkdən başqa bu cəmiyyətə hansı siyasi mədəniyyət öyrədir?
Hələ utanmadan, xalqın siyasi mədəniyyətinin aşağılığından danışmağı siyasi əxlaqlarına da sığışdırırlar…