Əhməd Oruc deyib ki, Mirmahmud Mirəlioğlu hakimiyyətin təzyiqləri qarşısında DUI-nin dağıldığını bəyan edib
Ədalət Yusifov: «Əhməd Orucun açıqlamaları özünün təfəkkürünə uyğundur»
“Ötən gün Demokratiya Uğrunda Ittifaqın parçalanması haqqında məlumat vermişdik. Xəbərdə Böyük Azərbaycan Partiyası və Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının DUI-dən ayrıldığına görə təşkilatın fəaliyyətinə xitam verildiyi deyilirdi. Lakin Azadlıq Partiyasının sədri Əhməd Oruc DUI-nin parçalanması xəbərini inkar etmişdi:”Mirmahmud Mirəlioğlu yalan deyir, DUI dağılmayıb. DUI-də Azadlıq və Milli Qurtuluş partiyaları öz fəaliyyətini davam etdirir. KXCP DUI-nin qərarının əksinə olaraq Ictimai Palatada təmsil olunmaq barədə qərar verib. Mirəlioğlu DUI-nin qərarını pozduqlarına görə KXCP-nin DUI-dən çıxarılacağından ehtiyatlandığından bu açıqlamanı verib”.
Ötən gün “Yeni Müsavat” qəzetinə açıqlamasında Əhməd Oruc daha da irəli gedərək, KXCP sədrini qorxaqlıqda ittiham edib: “Fevralın 14-də DUI-nin təşkilatçılığı ilə keçirilən tədbirdə xalq hərəkatının yaradılması barədə qərar verildi və orada Ilham Əliyevin istefası tələbi qoyuldu. Bundan sonra DUI-nin sədri Mirmahmud Mirəlioğluna təzyiqlər başladı. Təzyiqə duruş gətirmək üçün prosesin önündə gedən adam gərək sərbəst qərar verə bilsin və sair.
Qənaətim budur ki, Mirmahmud ağa təzyiqlər qarşısında DUI-nin dağıldığını bəyan etdi. Elşad Musayevin DUI-dən çıxmasını bəhanə edərək qurumun fəaliyyətinə xitam verildiyini elan etdi. Bu, məşhur lətifədəki inəyin quyruğundan tutub getmək bəhanəsinə bənzəyir. Təəssüf ki, hakimiyyət çoxlarını korşalda və sıradan çıxarda bilir”
KXCP Idarə Heyətinin üzvü Ədalət Yusifov “Azadlıq” qəzetinə açıqlamasında Əhməd Oruca cavab verib: “DUI- adından da göründüyü kimi demokratiya uğrunda mübarizə aparan partiyaların ittifaqı idi. Əhməd Orucun açıqlamaları isə özünün təfəkkürünə uyğundur. Ittifaqın əsasnaməsinin ilkin olaraq pozulması Əhməd Oruc tərəfindən olub. Noyabrın 11-də seçkilərdən dərhal sonra AXCP və Müsavatın təşkil etdiyi tədbirdə iştirak etməklə və oradakı bəyanata imza atmaqla DUI-nin mövqeyindən kənara çıxmışdı. DUI-dəki axırıncı tədbir ərəb ölkələrindəki hadisələrlə bağlı olub. Orada hansısa xalq hərəkatının yaradılması ilə bağlı təkliflər olub.
Ancaq DUI xalq hərəkatının yaradılması ilə bağlı hər hansısa bir qərar verməyib. Bunu da Əhməd Oruc özündən çıxarıb.
Düzdür, orada hakimiyyətin istefası tələbi qoyulub.
Bu istefanı isə DUI-dəki fəaliyyətlə təmin etmək mümkün deyil. Ona görə, biz daha geniş fəaliyyət göstərmək, sözümüzü daha kəskin demək üçün Ictimai Palatada fəaliyyətimizi davam etdirmək istəyirik”.
Elmin Həsənli