Köklü dəyişikliklərin beş səbəbi barədə…
Ərəb dünyası yeni mədəni-siyasi xəritə yaradır. Hüsnü Mübarəksiz, Ben Əlisiz, az keçməz, Qəddafisiz, Kral Hüseynsiz… Azərbaycanlılar da uzun illərdir savaş verirlər – Əliyevlərsiz, Mehdiyevlərsiz, Heydərovlarsız bir Azərbaycan uğrunda… Gənclərimizin şərlənib tutulmadığı, iş adamlarının intihara məcbur edilmədiyi, adam kimi yaşamağın mümkün olduğu bir Azərbaycan uğrunda mübarizə gedir bizim ölkəmizdə…
Dünya əzilən xalqlara zalım şahların taxt-tacından salınmasında yenidən dəstək olmaq qərarı verib. Otuz illik, 40 illik Fironlar devrilir, Allahlıq iddiasında olan hökmdarlar taxtlarını itirəndən sonra yeni dünyaya gəlmiş körpə kimi əlacsız, bəşəriyyətdən öncə doğulmuş şeytan kimi günahkar görünürlər. Indi onlar üçün qiyamət günüdür. Sözün birbaşa mənasında tutduqları divanlara, kəsdikləri başlara görə hesab verəcəklər. Min baş kəsiblərsə, min dəfə başlarının kəsilməsi qorxusu ilə ölüb-diriləcəklər. Müqəddəs kitablardan biri belə deyir: “Aranızda elə dirilər var ki, sözsüz ölülər onlardan faydalıdır”.
On illərdir Azərbaycan xalqının sərvətlərini, mənəviyyatını, inancını, inamını qazanc mənbəyinə çevirmiş Əliyevlər hakimiyyətinə qarşı boy verən narazılıq sözün məcazi mənasında boğaza çatıb. Boğulmaqda olan toplum, çiynindəkini ayağının altına qoymağa məcburdur. Hələ onu daşımağa zorla məcbur edilirsə… Beləliklə, Azərbaycanda köklü siyasi dəyişikliklərin beş təməl əsası haqqında…
Çox zülm edən çox cəza alar…
Ilham Əliyev özünə saraylar, vətəndaşlara da fantanlar, mərmərli qaldırımlar, sarı taxtalı skamyalar, yağış suyundan süzgəc olan körpülər tikdirir. Idman kompleksləri, divar üzlükləri parıldayan gümüşü binalar inşa etdirir. Bu arada Dubayda da övladlarına dəyəri milyonlarla ölçülən saraylar, mülklər almaqdan qalmayıb. Amma bütün bunları edərkən Ilham Əliyevə bir izah edən olmayıb ki, ac millət estetika haqqında düşünmür. Parıltılı şəhər salan krallar isə, millətin gözünə aclıqdan qaranlıq çökdüyünü hakimiyyətləri çökəndə anlayırlar. Azərbaycanda hakimiyyət dəyişikliyinin birinci obyektiv əsası odur ki, xalqın ehtiyacları ilə hakimiyyətin icraatları 180 dərəcə əks istiqamətlərdədir. Bu hakimiyyət davam etdikcə, xalqla arasında olan uçurum dərinləşir və 40 ilə yaxındır ki, bu ölkədə Əliyevlər kabusu var. Öz xalqı ilə heç bir sahədə uzlaşmayan hökumətin sonu gözü çıxmış qardaşlarının aqibətindən bir halda fərqlənər – çox zülm edən çox cəza alar.
YAP-çılar da sıxışdırılırsa…
Bu ölkədə nəinki fərdlər, hətta qruplar, siyasi partiyalar da həyata göz yumur. Yarışmaq mücadiləsi bir yana, yaşamaq, var olmaq savaşı verir. Müxalifətçilər bir tərəfə, iqtidar partiyasının qabiliyyətli üzvləri də siyasi yarışlarda iştirak edə bilmir. Ilham Əliyev açıq-açığına əhalinin siyasiləşməsini istəmədiyini deyir. Bu hakimiyyətin dəyişməsini istəyənlər təkcə özünü reallaşdıra bilməyən müxalif siyasi intellektuallar və ya yoxsulluq içində yaşayan əhali deyil. Eyni zamanda, bu sistemin mövcudluğu ucbatından öz potensialını reallaşdıra bilməyən iqtidar partiyasının həqiqi siyasi qanadı da artıq bu status-kvonun davam edəcəyi təqdirdə, məhv olacağını anlayıb. Bu rejimin yaratdığı mühit böyük və ya kiçik anlamda siyasi ehtirasları boğaraq, böyük bir politik inpotensiya yaradır. Teleməkanda, hətta imitasiya ediləcək səviyyədə belə, debatlara yer verilmir. Küçə və meydan tədbirləri bir yana, adi mətbuat konfransı üçün məkan yoxdur. Hələ aparıcı siyasi partiyaların mərkəzi və regional qərargahlarının olmaması ayrıca mövzudur.
Cinayətkarlıq rəsmi siyasətdir…
Polis insanları döyüb öldürür. Cəzasızlıq mühiti cinayətkarlığın çiçəklənməsi üçün bütün şəraiti yaradıb. Irili-xırdalı heç bir ictimai əhəmiyyətli şəxsin qətlinin üstü açılmayıb. Hakimiyyətin opponentlərinə qarşı istifadə olunan bu metod indi iqtidarın daxili “təmizləmə” tərzi kimi diqqəti cəlb edir. Bu ölkədə güllələnmədən sığortalanan və beləliklə də, təhlükəsizliyinə təminat olan heç kim yoxdur. Hətta sistemin generalları bu vəziyyətin qurbanı olur. Müxtəlif cür qoşun növlərində “dedovşina”dan törəyən bir-birinə qəsdlər artıq kütləvi hal alıb. Məhkəmələr istisnasız siyasi və inzibati sifariş əsasında qərarlar çıxarırlar. Siyasi hakimiyyət heç bir qanunsuzluğa müdaxilə istəyində deyil. Əsas hakim məqsəd daha çox təşəbbüs boğmaq, daha çox qorxutmaq və daha çox qamarlamaqdır. Beləliklə, bu hakimiyyətin davam etməsini istisna edən növbəti faktor hər bir fərdin təhlükəsizliyi məsələsidir. Hüquqlarının tanınmamasıdır. Bu sıraya heç bir siyasi mənsubiyyət istisna ilə qoşulmur.
Dünya ilə düşmənçiliyin sonu
Ilham Əliyevin balanslı siyasəti dostluqda olduğu kimi, düşmənçilikdə də özünü göstərdi. Hamıyla eyni zamanda dost olmaq qurtardı, hamıyla eyni vaxtda düşmən olmaq başladı. Əsas odur ki, balanslı siyasət davam edir. Iran və Rusiya, ABŞ və Türkiyə eyni vaxtda dostumuz idilər, indi bizimlə düşmənçilik edirlər. Ilham Əliyevin ölkə xaricində ürəkdən salam verəcəyi bir nəfər də prezident qalmayıb. Lukaşenko və Çaves istisna olmaqla. Azərbaycan rəsmiləri televiziyalarda, mediada Gürcüstanla bağlı təbliğat materiallarının yer almasından narahat olurlar, qonşudakı müsbət nümunəyə görə Saakaşvili hökumətinə də nifrət edirlər.
Biz nəyə və niyə dözürük?
Biz onlarla, yüzlərlə müxalifətçi 10 ili aşan bir müddətdə bu hakimiyyətlə mübarizə aparmışıq. Heydər Əliyevi, Ilham Əliyevi, onların bütün əshabələrini tənqid etmişik. Qələmimizin yaba kimi iti dişindən keçirmişik bu hakimiyyəti. Həbs olunmuşuq, işgəncəyə məruz qalmışıq, ama davam etmişik. Düz anlaşılsın, ama biz etdiklərimizin cavabını almışıq. Xeyirlə şərin mübarizəsində şərlə qarşılaşanda bizə gülümsəməyəcəklərini bilirdik. Heç biz də şərə gülümsəmədik. Hər şey qarşılıqlı oldu. Amma 19 gün peşəkar siyasətlə məşğul olmayan 19 yaşlı Cabbar Savalanlının həbsi heç ədalətli deyil. Bu, nəinki toplumun, heç savaşın ədalətinə sığmır. Biz, lazım olduğundan artıq dözürük, fərqindəsinizsə…
Hər ilin başında “bu il dəyişikliklər ili olacaq” deyən adamlardan əlinizi üzün! Cümləsini dəyişə bilməyən adamlardan əl çəkin, ölkəmizi dəyişək!
Seymur Həzi