“Sıradan bir şagird olmaq istəmirəm”
Ölkə mediasına yeni sima daxil olur
236 saylı orta məktəb kənardan gözəl görünür. Məktəbə daxil olanda da bu təəssürat heç dəyişmir. Indiyə qədər bu proyekt çərçivəsində baş çəkdiyim məktəblərdən, bəlkə də birincisidir ki, məndə bu təəssüratı yaradır. Bu məktəbin 9-cu sinif şagirdi, 15 yaşlı Sevinc Hümbətova ilə görüşdük. Söhbətə çəkinmədən özü başlayır, mənimlə söhbətləşdiyi üçün öz məmnunluğunu bildirir. Məktəblərini təmsil etdiyi üçün şərəf duyduğunu dilə gətirir. Sevinc müxtəlif yarışmaların qalibi olub və diplomlarla mükafatlandırılıb:
– Mən bu məktəbdə təhsil aldığıma çox sevinirəm. Məktəbimiz rayon üzrə tanınmış və yüksək səviyyəli məktəblərdəndir. Burada bizi səmimi müəllim kollektivi və şagirdlər əhatə edir.
Maraq dairəm çox genişdir. Sırf bir sahə məni maraqlandırmır, həmişə istəyirəm ki, biliklərim çoxtərəfli və geniş olsun. Əslində, mən adi bir şagird kimi oxumaq istəmirəm, seçilmiş şagird kimi oxumaq istəyirəm. Özümü nəzərə çarpan, fərqli bir şagird obrazında görmək istəyirəm. Mən özümə güvənirəm və əminəm ki, bu məndə alınır. Çünki istədiyim mənə xeyir gətirəndir. Məni dərslər, dərslərdən əlavə məşğələlər, idman, musiqi, təbiət və s. maraqlandırır.
“Güclü tarixçilər çox böyük adamlardır”
Humanitar fənlərə xüsusi marağım var. Müzakirələr və debatlar aparmağı xoşlayıram. Bu marağım tarix və ədəbiyyat dərslərində özünü doğruldur. Hərdən fikirləşirəm ki, bəlkə də mən müəllimlərə, valideynlərimə çox suallar verirəm, onları təngə gətirirəm. Hər hansı mövzunu öyrənmək, daha dərindən və daha geniş öyrənməyə çalışıram. Müəllimə ilə danışarkən özümü böyük hesab edirəm. Hiss etmirəm ki, mən şagirdəm. Tarix dərsində siyasətlə bağlı, ədəbiyyatda şairlər və yazıçılar barəsində müzakirələr aparmaq mənə xoşdur.
Şeir yazmaq qabiliyyətim də var. Amma bunu mənim hobbim də hesab etmək olar. Hərdən mənə elə gəlir ki, tarixə aid bildiklərim çox azdır. Güclü tarixçilərə böyük hörmətim var. Azərbaycanın və dünyanın tarixini bilənləri çox güclü adamlar sayıram.
– Tarixdən söhbət düşmüşkən, zaman-zaman tariximiz saxtalaşdırılıb. Lap yaxın zamanlara qədər bizim torpaqlarımızın işğalı prosesi davam edib. Sən bu olaylarla bağlı nə düşünürsən?
– Doğrudur, bu hadisələr mənim yaşımdan əvvəl olub, nəticələri də hələ ortalıqdadır. Amma valideynlərimdən və müəllimlərimdən soruşmuşam, eşitmişəm, kitablarda oxumuşam. Münasibətim çox pisdir. Azərbaycanın tarixi çox zəngindir, amma tariximizdə belə qara səhifələr olmasaydı, yaxşı olardı. Bizim alnımız açıq, üzümüz ağdır. Tariximizdə qürurla xatırlanacaq və həmişə də yadda qalacaq hadisələr də çoxdur. 1918-ci ildə yaranan Demokratik Respublikamızda ilk dəfə olaraq qadına seçim hüququ verilmişdir. Mən qız olduğumdan, bu, məndə daha xoş təəssürat yaradır. Qadınlara olan güvən bizi digər ölkələrdən fərqləndirən xüsusiyyətdir. Bərabər hüquqluluq çox xoşuma gəlir. Bütün sahələrdə kişilər çoxluq təşkil etsə də, əslində, qadınlar onlardan geri qalmırlar.
“Jurnalist olmaqdan qorxmuram”
– Gələcəkdə hansı peşə ilə məşğul olmaq fikrindəsən?
– Mənim fikrim gələcəkdə jurnalist olmaqdır. Kiminsə fikirlərini öyrənmək xoşuma gəlir. Başqalarının problemlərini, maraq dünyasını araşdırmaq mənə maraqlıdır. Ümumiyyətlə, insanlar mənə çox maraqlı gəlir. Mən daha çox böyüklərlə danışmağı xoşlayıram. Amma indi daha çox yaşıdlarımla münasibətdəyəm.
Jurnalist olaramsa, çalışacağam fikirlərim elə səviyyədə olsun ki, hamı onu qəbul eləsin.
– Gələcəyin jurnalisti olacaq birisi kimi, cəmiyyətdə yaşıdlarının hansı problemlərini müşahidə edirsən?
– Cəmiyyətdə yaşıdlarımın həyat tərzinə baxanda, daha çox onların səhlənkar olduqlarını müşahidə edirəm. Fikirləşirəm ki, onların təhsilə, dərsə olan meylləri çox azdır. Böyüklər hərdən deyirlər ki, zəmanə korlanıb. Bu fikirlə mən heç razılaşmıram, qəbul edə bilmirəm. Əslində, keçən illərin gəncini indiki gəncliklə müqayisə edəndə, onlar bizim yanımızda geridə qalmış olurlar. Bizim əlimizdə o dövrə nisbətən daha yaxşı şəraitimiz var. Həm də indiki uşaqların psixologiyası fərqlidir.
– Siyasətlə maraqlanırsan?
– Hələ ki, marağım yüksək səviyyədə deyil, amma xəbərləri izləyirəm.
– Səni hansı informasiyalar maraqlandırır?
– Bir-birinə uyğun gəlməyən fərqli informasiyalar da məni maraqlandırır. Bura siyasət də, musiqi də daxil ola bilər. Təhsillə bağlı olan yeniliklər məni düşündürür. Hərdən razılaşmıram, hərdən dəstəkləyirəm. Hərdən düşünürəm ki, ali məktəblərə qəbul imtahanlarının sualları çox qarışıqdır. Ola bilər, bəlkə də mən səhv edim. Amma məncə, bu, daha da təkmilləşdirilməlidir, qarışıqlıq da hiss olunmamalıdır. Avropa ölkələrilə müqayisə edəndə, görürəm ki, onlarda təhsil fərqlidir. Avropa təhsilinə o qədər də maraqla baxmıram. Demək olar ki, xoşuma gəlmir. Onlarda uşaqlar çox açıq olurlar, hardasa onlarda çərçivə olmur. Mən sərbəstliyi o qədər də xoşlamıram, onlar daha azaddılar.
– Azad olmağın nəyi pisdir ki?
– Azad olmaq yaxşıdır. Biz Avropa gəncliyinə baxaraq deyirik ki, kaş bizdə də belə olardı. Avropa uşaqları bizdən çox fərqlənirlər. Onların savadı texniki baxımdan çox yüksəkdir, şəraitləri bizdən yaxşıdır. Bizim təhsil müəssisələrimiz haqqında çox sözlər deyilir, bu barədə məlumatlıyam. Bu mövzuda danışmaq istəmirəm, bunlar mənlik deyil. Sizinlə bu barədə danışmaq əslində, çox yaxşı oldu, artıq mən bir qədər düşünməyə başladım… (Sevinc dərin fikrə dalır)
Əslində, mən öz sözümü deməyi bacarıram. Konstitusiyamızda da ən xoşuma gələn maddə 7-ci maddədir, yəni fikir azadlığı. Mən jurnalist olmaq istəyirəm, ona görə də fikir azadlığı mənə daha yaxındır.
– Indiki cəmiyyətdə jurnalist peşəsi nə qədər şərəfli olsa da, o qədər də təhlükəli peşə sayılır. Çox təəssüflər olsun ki, qətlə yetirilən, həbsə atılan və bir çox təzyiqlərlə üzləşən jurnalistlərimiz var. Bu barədə nəsə eşitmisənmi? Səni bu qorxutmur ki?
– Bu hadisələr barədə dərindən məlumatım yoxdur, həm də bu məsələlər barədə danışmaq istəmirəm. Qorxmaq məsələsinə gəlincə, qorxmuram, mən öz fikrimi bildirməliyəm axı… Mən dayana bilmərəm axı…
“Azərbaycan televiziyalarına baxmıram”
– Sənin musiqi zövqünü bilmək istəyirəm. Hansı musiqiləri xoşlayırsan?
– Pianoda çalmağı bacarıram. Xalq musiqilərini, əsərləri çalmağı xoşlayıram. Indiki gənclik daha çox rok və popa qulaq asır. Əslində, insanda musiqi duyumu varsa, o, bütün musiqilərə qulaq asmağı bacarmalıdır. Məncə, Azərbaycanda muğama qulaq asmayan tapılmaz, bütün musiqilər muğamda köklənib. Sazı götürək, saz bizim ən gözəl musiqi alətimizdir. Bəzi uşaqlar buna ağız büzür, amma niyə ki?!
Saz bizim millətimizi təmsil eləyən bir alətdir. Mən bizim musiqilərimizi özününküləşdirmək istəyənlərə nifrət edirəm. Biz gənclər hər şeyi başa düşürük, yeri gələrsə, mübarizə aparmağa da hazırıq. Uşaqlar fərqlidirlər, onların fərqli dünyaları var. Hər biri öz gəncliyini yaşayır və onlar gəncliklərini bir cür görür. Şəxsən mən hər musiqidən zövq almağı bacarıram.
– Hansı televiziya kanallarını izləyirsən?
– Bəzi intellektual verilişlər istisna olmaqla, Azərbaycan televiziyalarına baxmıram. Məni hazırda maraqlandıran təhsildir. Düzdür, başqa məsələlərdən də danışdıq. Misir hadisələrini televiziyadan izləmişəm. Doğrusu, mənə pis təsir edib bu. Məncə bu məsələdə xalqın da günahı var.
– Niyə ki? Xalq demokratiya tələb edirdi, bu pisdir bəyəm?
– Düzdür, fikirləşirəm ki, niyə belə olur? Amma bu barədə danışmaq istəmirəm, ciddi şəkildə bu məsələnin üzərinə getməyək.