Ilqar Ibrahimov: «Xəstələrinin ölümünə səbəb olan həkimi cəzalandırmaq əvəzinə Sərhəd Qoşunlarının hospitalına rəis təyin ediblər»
Dünən hüquq müdafiəçiləri ilə birgə mətbuat konfransı keçirən Ilqar Ibrahimov 2009-cu ildə öd kisəsindən əməliyyat olunan anası Şura xanımın Neftçilər Xəstəxanasının şöbə müdiri işləmiş Kənan Yusifzadənin səriştəsizliyi ucbatından dünyasını dəyişdiyini bildirib. Onun sözlərinə görə, 70 yaşlı Ş.Ibrahimova 2009-cu ilin noyabr ayında əməliyyat olunub, bir aydan sonra isə dünyasını dəyişib: “Kənan Yusifzadə öd kisəsinin yerinə anamın öd yollarını kəsib. Nəticədə anam rəhmətə gedib”.
Məsələ ilə bağlı Respublika və Bakı şəhər prokurorluqlarına müraciət edən I.Ibrahimov bugünə qədər heç bir nəticə əldə edə bilmədiyini deyir: “Nəticə ona görə yoxdur ki, həmin həkimi himayə edən şəxs baş prokuror Zakir Qaralovun özüdür. Əvvəlcə Kənan Yusifzadə özü Qaralovun qəbuluna düşmək istəyib. Lakin baş prokuror onu qəbul etməyib. Vəziyyətin gərgin olduğunu görəndə Arzu adlı dostunu Qaralovun yanına göndərib. Həmin şəxs Gürcüstanda və Israildə biznesi olan iş adamıdır və Zakir Qaralovla çoxdan münasibətləri var. Kənan bu adamla birlikdə Qaralovun yanında olub. Hətta bizdə olan məlumata görə, orada ağlayaraq Zakir Qaralovu inandırıb ki, o, heç kimi öldürmək istəməyib, sadəcə bir qəza olub. O vaxtdan bəri Zakir Qaralov imkan vermir ki, Kənan Yusifzadəyə qarşı cinayət işi başladılsın. Heç kimin işini qara qaşına görə ört-basdır etmirlər. Burada maddi maraq var. Korrupsiyaya qarşı mübarizədən danışırlar, elə birinci özlərindən başlasınlar. Mən bu məsələdə Bakı şəhər prokuroru Əziz Seyidovu da günahlandırıram. Çünki Əziz Seyidov Zakir Qaralovun təlimatları ilə işləyir, obyektiv araşdırma aparmır. Baş prokuror bu günə qədər məni qəbul etmək istəmir. Müavini Rüstəm Usubov isə mənə kişi sözü vermişdi ki, bu işi araşdıracaq. Amma heç bir nəticə olmadı”.
Məsələnin ən maraqlı tərəfi isə bütün bunlardan sonra K.Yusifzadənin Dövlət Sərhəd Xidmətinin mərkəzi hospitalına rəis təyin olunmasıdır. I.Ibrahimov hesab edir ki, belə bir həkimə bu vəzifənin həvalə edilməsi əsgərlərin taleyi ilə oynamaqdır: “Öz səriştəsizliyinə görə insan ölümünə səbəb olan bir şəxsin əsgərlərin üzərində rəhbər vəzifəyə təyin edilməsi yolverilməzdir. Əsgərlərimiz yazıqdır. Sərhəd Qoşunlarının rəisi bu adamı vəzifədən azad etməlidir. Mən bu barədə ona da müraciət etmişəm. Prezidentdən isə tələb edirəm ki, Zakir Qaralova belə bir həkimi himayə etməməsi barədə göstəriş versin.
Cənab prezident, əgər siz ölkədə ədalətin, haqqın tərəfdarısınızsa, baş prokurora bildirin ki, mənim anamın ölümündə günahkar olan şəxsləri himayə etməsin, onlar öz cəzalarına çatsınlar”.
I.Ibrahimov bildirir ki, Səhiyyə Nazirliyi tərəfindən verilən ölüm haqqında şəhadətnamədə anasının öd yollarının kəsilməsindən öldüyü göstərilir. Bu isə həkimə qarşı cinayət işi başladılmasına tam əsas yaradır: “Anamı əlavə iki dəfə əməliyyat etdirdi. Lazer üsulu ilə əməliyyata söz versə də, açıq üsulla etdi. Sonra da öz əməlini gizlətmək üçün, yaranı tikərək gün ərzində 5-6 litr maye vurdu. Bununla da anamın başqa bir xəstəlikdən ölümünə səbəb yaratmaq istədi. 5 saylı xəstəxananın cərrahları müayinə edəndən sonra dedilər ki, ananızın öd yolları kəsilib. Kənan Yusifzadə kanalların kəsilməsini bizdən gizlətmişdi. Söhbət, təkcə mənim anamdan getmir. Bu həkimin 37 yaşı var, amma artıq iki xəstəni öldürüb. Altı ay bundan əvvəl onun əlində başqa bir xəstə də ölüb. Bir neçə il əvvəl ona qarşı Xətai Prokurorluğunda iki dəfə cinayət işi qaldırılıb. Bu adam savadsız və səriştəsizdir, prokurorluq üçün də yad sima deyil”.
K.Yusifzadənin onlara 30-40 min manatlıq zərər vurduğunu deyən I.Ibrahimov pul yox, haqq-ədalət davası apardıqlarını deyir: “Bizə lazımsız iynə-dərman aldırıb, əlimizdə çeklər var. Sonradan xəbər göndərmişdi ki, çəkdikləri xərcin iki mislini verməyə hazırdır, təki, biz susaq. Təbii ki, razılaşmadıq. Kənanın yaxınları anamın hüzr məclisinə də gəlmişdi. Amma bu, onun günahını yumur. Bizim məqsədimiz odur ki, belə bir səriştəsiz həkim cəzasını alsın. Bunlar nəinki onu cəzalandırmırlar, üstəlik başqa bir vəzifəyə təyin edib nə qədər insanın taleyi ilə oynayırlar”.