«O hadisələrin şəklini çəkməyə görə də adamı həbs edərdilər»
Sahib Musayev – şahid (həbs cəzası da alıb)
– Boru-Prokat Zavodunun transparatları ilə Stalinin şəklini çıxartdılar, ara qarışdı, milislər müdaxilə etdi, camaat daha da qızışdı… Sonra nümayişçilər tribunaya tərəf getdi. Orada Kamal Axundova bir sillə də vurdular. Sonra qayıtdılar klubun qabağına, orada Xruşşovun şəkli asılmışdı, onu cırıq-cırıq etdilər. Sumqayıtın qabaqcıl işçilərinin şəkli olan şərəf lövhəsini də dağıtdılar. Maşınlara od vurdular. Bu vaxt kimsə qışqırdı ki, ordu gəlir qırmağa, camaat geri qayıtdı, qaçmağa başladılar. Bu zaman məni tutdular. Axşamçağı Bakıya apardılar, burada böyük bir zala saldılar, bir general oturmuşdu, biz 3-4 nəfər idik. Dedi ki, bu cavanları niyə gətirmisiniz? O, əsas iştirakçıları gətirməyi əmr etdi. Onda da milli ruhlu insanlar vardı, bu iğtişaşda istifadə edirdilər, onların da rolu vardı.
***
David Kildaşvili: (polis rəisi)
– Bakıdan, Ictimai Asayişin Mühafizə Nazirliyindən kömək istənildi. Nazir Məmməd Xasməmmədovun rəhbərliyilə böyük bir qrup gəldi və iğtişaşların təşkilatçılarının müəyyənləşdirilib məsuliyyətə cəlb olunması üçün ciddi köməklik göstərildi. Sonra DTK-nın istintaq idarəsində kütləvi iğtişaşla bağlı cinayət işi qaldırıldı.
Ibtidai təhsilli təşkilatçılar…
DTK istintaq idarəsinin böyük müstəntiqi Ernest Arutyunovun çıxardığı qərardan: “Azərbaycan SSR DTK-ya daxil olmuş materialları nəzərdən keçirərək müəyyən etdim: 7 noyabr 1963-cü il tarixdə Sumqayıt şəhərinin Lenin meydanında ayrı-ayrı xuliqan şəxslər iğtişaş törədib. Nəticədə Kommunist Partiyası və sovet hökumətinin bəzi rəhbərlərinin portretləri cırılıb, hakimiyyət orqanlarının nümayəndələri döyülüb. Azərbaycan SSR Cinayət Prosessual Məcəlləsinin 104, 109 və 131-ci maddələrini rəhbər tutaraq qərar verdim:
1. Azərbaycan SSR CM-nin 72-ci maddəsində nəzərdə tutulmuş cinayət əlamətləri üzrə cinayət işi başlansın;
2. Işi öz icraatıma götürürəm.
***
David Kildaşvili:
– Mən müalicə olunandan sonra yenidən işə çıxdım. Bu vaxt artıq hardasa 20-25 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdi. Amma tutulanlar arasında məni vuran adam yox idi, çünki mən onun sifətini yaxşı yadımda saxlamışdım. Bir dəfə gecə saat 2 radələrində işdən evə qayıdanda Səməd Vurğun küçəsində həmin adamla rastlaşdım, məni görcək qaçmaq istədi. Onu yaxaladım. Səhəri gün müvafiq sənədlərlə mən onu DTK-nın Sumqayıt şəhər şöbəsinə təhvil verdim. Sonra onu da cinayət məsuliyyətinə cəlb etdilər.
67 saylı cinayət işi ilə əlaqədar müxtəlif vaxtlarda 6 nəfər həbs edilib:
Asif Humay oğlu Bayramov – 1927-ci ildə anadan olub, 5-ci sinif təhsillidir, ailəlidir, 4 övladı olub. Boru-Prokat Zavodunda çilingər işləyib;
Yaşar Müseyib oğlu Mahmudov – 1941-ci ildə anadan olub, orta təhsilli, subay olub, 19 saylı Tikinti Idarəsində sürücü işləyib;
Səməndər Adil oğlu Ibrahimov- 1940-cı ildə anadan olub, orta təhsilli, subay, 2 saylı Xüsusiləşdirilmiş Mexanizasiya Idarəsində ekskavatorçu işləyib. (Səməndər Ibrahimovun 1 yanvar 1964-cü il ildə istintaqa verdiyi ərizədən: “Mən istintaqda özümü yaxşı aparmamışam. Indi hökumət və ailəm qarşısında günahımı yumaq istəyirəm. Mən kənd məktəbində oxuyarkən Stalinə məhəbbət bəsləyirdim, özümü Stalinçi hesab edirdim. Meydanda Stalinin şəklini qaldırmağa icazə verməyəndə mən qəzəbləndim və milisə hücum edənlərə qoşuldum. Ancaq indi dərk edirəm ki, səhv etmişəm”);
Nikolay Şevçenko Ivanoviç – 1938-ci ildə anadan olub, 7-ci sinif təhsilli, subay, Kimyəvi Təhlükəsizlik Qurğularının Montajı Idarəsində çilingər işləyib;
Ənvər Məhərrəm oğlu Mahmudov – 1940-cı il təvəllüdlü, 7-ci sinif təhsilli, subay, 72 saylı Tikinti Idarəsində daşyonan işləyib;
Miriş Bulud oğlu Əlimirzəyev – 1938-ci ildə anadan olub, orta təhsilli, ailəli, 2 övladı olub, Su-Kanal Kontorunda çilingər işləyib.
Siyasi qiymət, yoxsa düşmən axtarışı…
Baş vermiş hadisələr Azərbaycan KP MK-nın Bürosunun qapalı iclasında müzakirə olunur. Birinci katib Vəli Axundovun çıxışından: “Yoldaşlar, hər şeydən əvvəl məsələyə siyasi qiymət vermək lazımdır. 22-ci qurultay şəxsiyyətə pərəstişi tamamilə ifşa etdi. Bundan sonra Sumqayıt küçələrində Stalinin portreti ortaya çıxır. Bu faktdan yan keçmək, onu cinayətkar elementlərə bağlamaq səhv olardı. Bir var, insanlar tox olur, əhval-ruhiyyəsi yaxşı olur, bir də var ki, insanlar çörək ala bilmirlər”.
“O vaxt kütləvi iğtişaşlara görə cəmi 6 nəfər həbs olunub cəzalandırıldı. Amma kütləvi iğtişaşlarda daha çox adam iştirak etmişdi. Cinayət işilə tanış olanda belə təəssürat yaranır ki, sanki üstündən ötmək istəyiblər…” sualına cavab verən David Kildaşvili deyir: “Siz haqlısınız. Məsələ ondadır ki, ilk mərhələdə kimlərə qarşı cinayət işi qaldırılması məsələsi müzakirə olunurdu. Xuliqanlıq faktına görə cinayət işi qaldırıldı. Çünki o vaxt kütləvi iğtişaş ifadəsi bir qədər yüksək səslənirdi. Məhz bu amil əsas rol oynayırdı. Kütləvi iğtişaşa görə də cinayət işi qaldırılmasına cəhd edənlər vardı. Amma Ictimai Asayişin Mühafizə Nazirliyi rəhbərliyinin təkidi ilə cinayət işi DTK-nın istintaq idarəsinə verildi. Siz haqlısınız ki, hadisəyə görə çox adama qarşı cinayət işi qaldırıla bilərdi. Bəli, həmin gün bütün Sumqayıt ayağa qalxmışdı. Mən heç də onu iddia etmirəm ki, hamı hansısa cinayəti törədib. Amma iğtişaşda iştirakçı olanların çoxu əvvəl məhkum olunanlar və xuliqanlar idi. Məhz onlar əhalini belə xoşagəlməz hadisəyə təhrik etmişdilər”.
– Amma saxlanılan 6 nəfərdən heç biri əvvəl məsuliyyətə cəlb olunmamışdı. Onların təsadüfən iğtişaşda iştirak etdiyi də istintaq materiallarında var…
David Kilidaşvili:
– Mən cinayət-axtarış işçisi kimi, sizin nə demək istədiyinizi bilirəm. Iş burasındadır ki, əvvəl məhkum olunanlar nə etdiklərini və necə aradan çıxmaq lazım olduğunu yaxşı bilirdilər. Dinc nümayişdə iştirak etməyə gələn sadə fəhlə isə ələ keçib və məsuliyyətə cəlb olunub. Qeyd edim ki, əsas günahkarlar müəyyənləşdirilməmişdi. DTK-da aparılan istintaq isə səbəbi yox, nəticəni araşdırır.
***
– O vaxt bu hadisələr barədə mətbuatda yazılar gedib?
Məqsəd Quliyev:
– Nə danışırsan, elə şeyi yazmaq olardı? Heç bir məlumat ola bilməzdi. Mən o vaxtdan fotoçəkiliş həvəskarı olmuşam. Bizim mitinq olan yerdə studiyamız vardı. Biz tez aparatları gizlətdik, əgər bir nəfər şəkil çəksəydi, onun aqibəti pis olardı. O saat başının üstünü kəsdirib soruşacaqdılar ki, nə üçün, hara üçün çəkirsən? Mən bir dəfə işlədiyim zavodda havaya qaz buraxılmasını çəkmişdim, hətta buna görə də danlanmışdım.
Cavad kişi, iştirakçı:
– Stalinin portretini milislər alandan sonra bir nəfər gəlib dedi ki, bu saat karandaşla çəkərəm. Görünür ki, rəssamlıq qabiliyyəti vardı. O, elə oradaca Stalinin böyük portretini çəkdi və verdi uşaqlara. Onlar tribunaya yaxınlaşanda ara qarışdı. Bu vaxt Kamal Axundov tribunadan camaatın qarşısına endi, nə qədər yalvar-yaxar etdi, alınmadı…
Sovet dövrü üçün görünməmiş bu hadisə noyabrın 10-da Azərbaycan KP MK-nın Rəyasət Heyətində müzakirə edilir və qərar qəbul olunur: “DTK-nın sədri Sviqun və ictimai asayişi mühafizə naziri Məmmədov yoldaşa tapşırılsın ki, baş vermiş iğtişaşla əlaqədar hərtərəfli istintaq aparılmasını və qarışıqlıq salanların müəyyən edilib qanunun bütün ciddiliyi ilə məsuliyyətə cəlb olunmasını təmin etsinlər”.
Partiyanın tapşırığı yerinə yetirilir. Dərhal onlarla gənc həbs olunur…
(ardı var)
Surxay Hüseynli,
Azər Hüseynbala