Təqib və təzyiqlərə baxmayaraq, cəbhəçilər bütün ölkə boyu səfərbər olur
“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ekstremal şəraitdə də olsa, siyasi fəaliyyətini və təşkilatlanma işini dayandırmır”. Bunu “Azadlıq”a açıqlamasında AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirib.
Həsən Kərimov deyir ki, partiyanın siyasi fəaliyyətinə hakimiyyətin yaratdığı əngəllər Sovet dövründə Xalq Cəhbəsinə yaradılan problemlərdən də xeyli ağırdır. Partiyanın əyalətlərdə keçirilən müşavirələrinə törədilən əngəllər də bunu sübut edir.
Həsən Kərimovun sözlərinə görə, aprelin 20-də AXCP sədrinin müavini Gözəl Bayramlı, partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov və AXCP Ali Məclisinin üzvü Nüşabə Atakişiyeva ilə birlikdə səhər saatlarında Sabirabadda, günortadan sonra isə Yevlaxda müşavirə keçirməyi planlaşdırıblar: “Sabirabadda baş verənlər haqda artıq hər kəs məlumatlıdır. Bu, Azərbaycan hakimiyyətinin sivil dəyərlərdən, insani düşüncədən nə qədər uzaq olmasının sübutu idi. Hakimiyyət hər üsulla bizi zor müstəvisinə çəkmək istəyir. Biz bu təxribata getməyib, maksimum dinc yolla sözümüzü deməkdə qərarlıyıq”.
AXCP yetkilisi bildirir ki, Sabirabaddakı qalmaqallı müşavirədən sonra da hakimiyyət orqanları tərəfindən onların təqib olunması bir neçə saat davam edib: “Şirvan, Hacıqabul ərazisində bizi hər tərəfdən polislə əhatələdilər. Bizi səbəbsiz yerə izləyirdilər. Hətta bizim avtomobilə bir neçə dəfə qəza şəraiti yaratdılar. Sabirabad ərazisində isə qabağımızı kəsib maşınımıza hücum çəkmək istəyirdilər. Ani manevrlə bu çirkin təxribatdan uzaqlaşa bildik”.
Həsən Kərimov deyir ki, onlar polislərin iştirakı ilə davam edən təqib və təxribatlardan xilas olmaq üçün Bakıya gəlmək məcburiyyətində qalıblar. Bakıya qədər onları bir neçə yerdə Dövlət Yol Polisinin əməkdaşları saxlasa da, “ilişməyə” heç bir səbəb tapa bilməyib.
Partiya rəhbərliyi Bakıya qayıtsa da, prinsipiallıqdan geri çəkilməyiblər. Avtomobili dəyişərək, dərhal Yevlaxa qayıdıb, müşavirə keçiriblər.
Yevlaxdakı müşavirə barədə “Azadlıq”a məlumat verən Gözəl Bayramlının sözlərinə görə, tədbir gizli şəraitdə baş tutub. Çünki Yevlaxda da yerli icra hakimiyyəti partiyanın qanuni fəaliyyətinə şərait yaratmır, əksinə, əlindən gələn pisliyi edir, əngəl yaradılır.
Müşavirədə veteran cəbhəçilərlə yanaşı, gənc üzvlər, xanımlar da iştirak edib. Tədbirdə AXCP rəhbərliyi partiyanın seçki ilində görəcəyi işlər barədə məlumat verib.
Müşavirədə “Azadlıq” qəzetinin düşdüyü böhranlı vəziyyətə də diqqət yetirilib, fəallar vəziyyətin dəyişməsi üçün real təklifləri dəstəklədiklərini bildiriblər.
Tədbir iştirakçıları rayondakı vəziyyət barədə müzakirə aparıblar. Bildirilib ki, bütün rayonlar kimi, Yevlaxda da ağır sosial problemlər var, işsizlik və korrupsiya burada da insanları əzir. Müsbət tendensiya isə ondan ibarətdir ki, insanlar artıq hakimiyyətin mahiyyətini dərk ediblər. Buna görə də AXCP sıralarını seçirlər.
Informasiya şöbəsi