(Xoşbəxt adamın gündəliyindən…)
Müstəqil Azərbaycan qadınına “xanım” deyə müraciət edirlər. Bir xanım var. Minlərlə xanımlardan biri. Ömrünün otuz ilini neft və milyonlar səltənətində ehtiyacla çarpışaraq özünə yuva qurmağa həsr edib. Ali təhsilli özü, fəhlə əri və körpəlikdən zəhmətə alışmış iki övladı axır ki, darısqal sığınacaqdan çıxıb, bir damın altında üç otağa yığışıblar. Qara suvaqlı otaqlardan biri valideynlərin yataq otağı sayılır. Amma, yorulmuş, sınmış, erkən qocalmış cütlük xəyallarının gecikmiş gerçəyi olan bu yataq otağına gözlərinin ucuyla da baxmadılar. Onlar taqətsiz canlarını, borc-xərc hesablamaqdan şişmiş başlarını hara gəldi atıb yatacaqlar. Hara gəldi?
Xanımın cehiz sandığında güvəyə yem olmuş naftalin qoxulu qırmızı taxt örtüyü milli tariximizin zədəli, yanıq səhifəsinə bənzəyir. Əlini vursan, ovxalanıb dağılacaq.
“Səfillər” və səfillər
Ayağımın işləmədiyi vaxtlarda mənə yalnız yanacaq puluna sürücülük etmiş “xalturşik” “sizə bir işim düşüb” deyəndə dalağım sancdı. O qədər təmənnasız yaxşılığın qarşısında nəsə eləməyə gücüm çatmasa, adamın yanında ayıb olardı. Amma, sağ olsun, mümkün olanı istədi. Rusiyadan qonaq gəlmiş qohumu üçün Hüqonun “Səfillər”ni. “Özün oxumusanmı” deyə soruşanda “yox”, dedi.
“Yox” dedi də, amma əslində bu, “hə”yə daha çox oxşayırdı. Yəni “hə”si budur ki, gəncliyində həbsxanaya düşüb on illik cəza müddəti çəkdiyi zaman böyük oyunların ömürlük qurbanı qoca bir mühasib əsərdən dustaqlara o qədər danışıbmış ki, mənim sürücü qonağım “Səfillər”i az qala əzbər bilir.
Ömürlük “oturan”lardan əsəri oxumamış lal-dinməz bir dustaq isə taxtadan Qavroşun şəklini yonubmuş. “Elə gözəl çıxmışdı ki, elə bil uşağın özüydü!(??!)”. Bunu söyləyən adamın baxışlarındakı sonsuz fərəhi, şəfqəti görəydiniz! Adam öldürməyə qədər qədər bezdirilmiş qatil qəlbinin gizli sevgisini taxta parçasına köçürərək Qavroşu necə yaradıbmışsa, özü daxil hər kəs bu xəyali obraza təkrarsız məhəbbət bəsləyirmiş. Doğmalarından bəlkə də həmişəlik ayrı düşən həsrətlilər uşaqlarını Qavroşun taxtadakı simasında sevib oxşayırmışlar.
Sadə bir adamın yaddaşına tükənməz sevgi ilə möhürlənmiş özəl xatirədəki dustaqlar sanki “Səfillər”dən gəliblər. Hüqonun misilsiz qələmi yüz illərin o tayından belə, yenə möcüzə yaratmaqdadır: Naşı əllərlə taxta parçasını “öldürərək” bəşəriyyətin sevimli Qavroşuna can verən qatili sevməmək mümkün deyil… Işığa qapanmış qazamat divarlarına Hüqonun qüdrətindən mənəvi nəfəslik açan qoca mühasibi də… Milyonlarla hüqosevərlərin dəqiq sayını öyrənmək kimi, bunlar da mümkünsüzdür.
Həyatın hikməti bəlkə elə bundadır: Hər tərəfdən qamarlanmış dünyanın bütün sərvəti öz tiranlarıyla birgə “Səfillər”in bircə vərəqinə dəyməz…
Kişi xəstəliyi
Əlimə yerli qəzetləri alan kimi bir-birindən maraqlı yazılar ürəyimə yağ kimi yayılıb bütün dərdlərimi unutdurur. Və hərəsi bir tədqiqat obyekti olan yazılar barədə qabiliyyətim daxilində yazmaq həvəsinə düşürəm. Məsələn, kollektiv yaradıcılıq nümunəsi olan bir minnətdarlıq məqaləsini götürək. Başından-ayağınacan, nöqtəsindən-vergülünəcən elə bil milli mentalitetimizin doğum şəhadətnaməsidir.
Təsəvvür edirsinizmi, ağır əməliyyatdan çıxaraq normal həyatına davam edən bir qadının həyat yoldaşı ailə üzvləri adından həkimə necə minnətdarlıq edir? Yəni etdirilir.
Yazıdan məlum olur ki, “Qadın xəstəliyi”ndən əziyyət çəkən Dəstəgül bacını Dioqnostika Mərkəzinin təvazökar baş həkimi özü əməliyyat edib. Istənilən cərrahiyyə əməliyyatının həkim üçün nə qədər çətin olduğunu bıçaq altına düşmüş hər kəs bilir. Şübhəsiz ki, bu ölüm-dirim işini uğurla başa çatdıran hər hansı həkim doğrudan da hədsiz minnətdarlığa layiqdir. Və minnətdarlıq məqaləsinin ən təsirli yerinə çatıb oxuyuruq ki, əməliyyatdan salamat çıxan Dəstəgül bacının külfəti buna görə əvvəla ölkə prezidenti Ilham Əliyevə, Neft Fondunun prezidenti Mehriban Əliyevaya, sonra neft prezidenti Rövnəq Abdullayevə, daha sonra Qəbələ rayon icra hakimiyyətinin başçısına, lap axırda isə… əməliyyatçı həkimə minnətdarlıq edir.
Böyük-kiçik yeri bilən YAP-çı həkimin bu siyahıdakı axırıncı yerindən qürur duyacağına əminik. Amma bəs, ölkəmizin dünyada güclü dövlət kimi tanınmasına dəstək verən Obama, Putin? Onların bu işdə heç əməyi olmayıbmı? BMT, AŞ PA, NATO kimi təşkilatların adları da məqalədə çəkilməyib. Hələ Qəbələnin ömürlük deputatını demirik…