Dünən yaptokratiyanın əsl üzü olan Siyavuş Novruzovun Azərbaycanda fahişəliyin leqallaşmasını təklif etdiyini eşidincə ağlıma ilk gələn bu oldu: “Buna da şükür! Necə də olsa, artıq bu ölkədə leqallaşdırmağa bir yerdən başlamalıdılar, ya yox?”
Çətini ilk addımı atanacandır, bəlkə ardınca yalan da leqallaşar, yaltaqlıq da.
Rüşvət də leqallaşar, mandat alveri də.
Işgəncə də leqallaşar, oğurluq da, talançılıq da.
Ölkədəki hər pisliyin üstünü örtməkdən, hər ayıbı xalça altına süpürməkdən, küçələrə bahalı çilçıraqlar quraşdırıb məmləkətin gömüldüyü qaranlığı gizlətməyə çalışmaqdansa, hamısı leqal olsa, yaxşıdır. Hamı işini bilər.
Beləcə, bu adamlarla aydın sabahlara ümid etməyin puçluğunu…
Bunlarla Azərbaycanın çağdaş, mədəni, demokratik bir dünya ölkəsinə çevrilməsinin mümkünsüzlüyünü anlayar da hamı, bizim eyni şeyləri dönüb-dönüb anlatmağımıza, adamların da özlərini anlamaq istəyirmiş kimi göstərib heç cür anlamaq istəməməsinə ehtiyac qalmaz.
Sizi idarə edən zehniyyətdir bu: ölkədə azad fikri düşmən elan edib, cəmiyyəti ciddi şəkildə maraqlandıran mövzularda açıq mühazirə və müzakirələr təşkil edən Azad Fikir Universitetini bağlayırlar, amma fahişəliyi leqallaşdırmağı təklif edirlər.
Keçənlərdə informasiya haqqında qanuna barmaq elədilər, bilirsiniz, məmur şirkətləri haqqında bilgilər gizli qalsın deyə… Amma fahişəliyin leqallaşmasını təklif edirlər.
Həm də Avropanı nümunə göstərərək!
Fahişəliyin hansısa Avropa ölkəsində leqallaşdığını əsas gətirərək!
Düşündürücü mənzərədir:
Avropanın bütün mütərəqqi dəyərlərini rədd edib…
Avropanı sadəcə, bir coğrafiya olmaqdan çıxaran, onu həyat və düşüncə tərzinə çevirən bütün azadlıqlara nifrət edib…
Avropanın gücünü hüquqdan, həqiqətdən, ədalətdən alan idarəetmə təfəkkürünə sırtını dönüb ondan sadəcə, fahişəliyin leqallaşdırılmasını nümunə götürmək!
***
Yaptokratların sevimli sözüdür bu: “Avropanın pis tərəflərini atıb, yaxşı tərəflərini götürməliyik”.
Dünən yaptokratiyanın əsl siması olan adamın dilindən bu sözlərin açmasını da eşidib-öyrənmiş olduq:
Demək ki, söz azadlığı Avropanın pis tərəfidir.
Toplaşmaq özgürlüyü, adil seçki, ədalətli məhkəmə, hüququn üstünlüyü, qanunun aliliyi, şəffaflıq, hesabatlılıq – bunlar hamısı Avropanın pis tərəfidir.
Fahişəliyin leqallaşması isə – Avropanın yaxşı tərəfi!
***
Mən indi soruşmayacam ki, nə baş verdi, miqyas birdən-birə niyə, necə bu qədər böyüdü ki, artıq fahişəliyin önünə keçilməsi üçün ölkədə onun leqallaşdırılması istənilir?
Bu, Azərbaycanda sosial ədalətsizliyin, səfalətin nə qədər dərinləşdiyinin, qorxunc hal aldığının görsənişidir, ya yox?
Soruşmayacam, qoy buna o təklif müəllifi də, başqaları da vicdanlarını sorğulayaraq, əllərini ürəklərinin üstünə apararaq cavab versinlər.
Mən başqa şey soruşacam:
O təklifi, deyil bir yaptokrat deputat, bir müxalifətçi ekspert, bir tənqidçi qələm səsləndirsə, indi nə deyir, nə yazıb-pozurdu rejim yandaşları?
Axşam biz onun haqqında “Lider”də hansı süjeti izləyirdik?
Milli-mənəvi dəyər xəstəsi, mentalitet ölüsü olan əli təsbehli, dalı aftafalı, başı kəlağayılı, dili bayatılı ağsaqqal, ağbirçək, bakir və bakirə ziyalılar necə asıb-kəsir, “din, millət, namus, qeyrət, Vətən əldən gedir…” janrında necə ağzı köpüklənə-köpüklənə danışırdılar?
O təklifin içində mason barmağı axtaranlar baltalamaq, linç etmək üçün dərhal növbəyə düzülmüşdülər, ya yox?
Bu sualların da cavabını hər kəsin öz vicdanına buraxıram. Baxmayaraq ki, onlar mənimçün cavabı özündə olan suallardır.
Təklif müəllifi olan Siyavuşun yerində bir müxalifətçi olsa, Əli Həsənovların, Əli Əhmədovların, Mübariz Qurbanlıların, hətta elə Siyavuş Novruzovun özünün hansı qiyamətlər qopardığını təsəvvür edə bilirəm.
***
Mən buracan bir təklifin doğru, yoxsa yanlış olmasını deyil, o təklifi fürsət bilərək onu irəli sürən zehniyyətin iç üzünü, mahiyyətini növbəti dəfə açmağa çalışdım.
Bəs fahişəlik leqallaşsınmı, leqallaşmasınmı?
Şəxsi fikirlərim var, amma yazmayacam.
Azadlıqlara nifrət edənlərin söylədiklərini fikir polemikasına çevirməyi yanlış, qeyri-ciddi iş hesab etdiyim üçün.