Iqtidarın əsas ideoloq və məntiqlilərindən olan Əli Həsənovun mətbuata verdiyi son açıqlamasındakı bəzi məqamlara toxunmaq istəyirdim. Çünki Əli müəllim ABŞ dövlət katibinin müavini Tomas Melianın Bakı səfəri və bu səfər çərçivəsində həbslər, demokratiya və insan azadlıqları ilə bağlı narahatlıq ifadə etməsinə dərhal reaksiya verib; deyib ki, Azərbaycanda heç bir dinc nümayişçi həbs olunmayıb, yalnız sabitliyi pozmaq, vətəndaşlar arasında qarşıdurma yaratmaq istəyənlər, zorakılığa yol verənlər və polisə müqavimət göstərənlər saxlanılıb.
Azərbaycanda aksiyalar keçirmək üçün edilən müraciətlərə müsbət cavab verilirmi ki, dinc nümayişlər və orada həbs edilənlər də olsun? Bu ölkədə artıq uzun müddətdir ki, etiraz aksiyalarına şərait yaradılmır, vətəndaşların Konstitusiya ilə nəzərdə tutulan kütləvi etiraz nümayişləri hüququ qanunsuz olaraq qadağan edilib. Əlbəttə ki, belə məqamda “izacə verilməyən” piket-mitinqə çıxmaqdan başqa çarə qalmır. Insanları zorla “qeyri-qanuni” adı verdiyiniz aksiyaya təhrik edib, sonra onu həbs etmək hüquq və azadlıqların qorunmasıdır?
Digər tərəfdən, necə olur ki, “konkret əməllərinə görə saxlanılan” siyasi fəalların əksəriyyətinin cibindən narkotik maddə tapılır? Nə təhər olur ki, bütün dünyada xəstə, öz varlıqlarını belə unudan narkomanlar Azərbaycanda insan haqlarını tələb edir, sosial şəbəkədə aktiv vətəndaş mövqeyi göstərir, ictimai-siyasi proseslərə qatılırlar? Əgər bizim “narkotik maddələr” insanların şüurunu qurutmaq əvəzinə, ona öz bəşəri kimliyini xatırladırsa, sizi and verirəm Yaradana, fəalların cibindən çıxan “narkotikləri” Avropaya ixrac edin, qoyun ordakı narkomanlar bar dibində çürüməkdən, göylərdə uçmaqdan, məhv olmaqdan qurtulub, öz ölkələrinin gələcəyi üçün çalışsınlar!
Çox hörmətli Əli müəllim daha bir ciddi məsələyə – Azad Fikir Universitetinin bağlanmasına toxunur və bu qurumun araşdırmalardan sonra qanun çərçivəsində fəaliyyət göstərdiyinin təsdiqlənəcəyi təqdirdə, onun fəaliyyətini davam etdirəcəyini açıqlayır.
Ay əzizim, canım-gözüm, harda görünüb ki, əvvəl bir qurumu bağlayırlar, fəaliyyətini dayandırıb qapısına qıfıl vururlar, sonra araşdırmağa başlayırlar ki, görək bura qanunla işləyib, ya qanunsuz? Elə araşdırardınız, təhqiqat aparardınız, fakt ortaya qoyandan sonra addım atardınız da; lətifəsi AFU-dan uzaq, əgər sizə “üç qulaqlı heyvan” lazımdırsa, dövşanın qulaqlarını – kəsəndən sonra niyə sayırsınız ki?
Bu və daha bir çox mətləbləri yazacaqdım ki… hakimiyyətin DANƏsi, hörmətli Siyavuş Novruzov imkan vermədi. Dünən parlamentdəki açıqlamasında fahişəxanaların leqallaşması təklifini səsləndirən bu əzəmətli deputat ITV-yə irad tutdu. Ki, bu kanal aşıqlara ayrılan efir vaxtından kəsib, yol hərəkəti qaydalarına verməlidir!
ITV-yə yüzlərlə, minlərlə irad tutmaq olar – təkcə aşıq sənətinə göstərdiyi diqqətdən başqa! Başa düşmürəm, özlərini dəhşətli dərəcədə patriot, millətçi, xalqçı göstərən hakimiyyət təmsilçiləri niyə saza düşmən kəsilib? Bu xaraba məmləkətin əhalisinin 90 faizindən çoxu türk deyilmi? Saz – türklərin varlığının simvolu sayılmırmı, mübahisəsiz olaraq bütün dünyada qəbul edilən milli alətlərimiz sırasında birinci yeri tutmurmu? Bəs, niyə saz vaxtaşırı olaraq kimlərinsə gözünə girir? Bütün kanalları başına alan şou verilişlər, diringilər, kiminsə alt paltarına həsr olunan biabırçı müzakirələr, mənasız musiqilər yox, aşıq sənətinin təbliği “vətənpərvərləri” narahat edir?
Bir də, ITV nə vaxtdan ciddi surətdə aşıq sənətini təbliğ edən olub? Bu qədim sənətə həftədə cəmi bircə saat efir vaxtının verilməsini Siyavuş niyə çox görür? Onun nəyi və harası kəsilib, yol qaydalarına verilməlidir?
Milli hökumət zamanı da beləydi, Məmməd Ismayıl AzTV-yə sədr gələndən sonra bu gözəl şairin xalqın milli varlığı sayılan aşıq sənətinə azacıq diqqət göstərməsi kimlərinsə başına daş saldı, sistemli olaraq ona qarşı anti-təbliğat başlandı. Hətta xatirimdədir, M.Ismayılın şəklini kollaj etmişdilər, başını saza söykəmiş formada dərc edirdilər; guya bununla şairi aşağılayırdılar… Təfəkkürlərinə bax ki, saza, sözə baş qoymağı ayıb, amma korrupsiya və rüşvətlə, yalan və haqsızlıqla baş saxlamağı kişilik sayırlar!
Tam bir 37-ci il repressiyası yaşayırıq: necə ki həmin illərdə bütün ictimai-siyasi, milli azadlıqlar “Oxuma, tar” misalı zindanlarda buxovlanırdı, indi də insan haqq və azadlıqları “Oxuma, saz” timsalında yasaqla ümumiləşir.