Dünən məktub gətirən poçtolyon fikirlərimi xeyli qarışdırdı və çoxdan yazdığım yazıya yenidən göz atıb bitməkdə olan uğursuz köşə yaradıcılığıma ciddi bir əlavə etmək istədim…
Yaxın tariximizdə bu poçtolyon Qəbələdə ən mühüm şəxslərindən biri kimi tanınırdı. Dursun Süleymanov o zaman rayonda cəmi iki bankdan birincisinin – Aqrar Sənaye Bankının müdiri idi. Kabinetinin qapısındakı növbə o qədər sıx olardı ki, bəzən səhərdən növbə gözləyən vətəndaş günün sonunda ancaq ona yaxınlaşa bilirdi. Bir məmur nə qədər mülayim ola bilərdisə, Dursun Süleymanov bəlkə bir az artığına cəhd edirdi. Amma buna sadəcə səhd edə bilərdi. Çünki Süleymanovun vəzifəsi yalnız yuxarıların istək və tələblərini yerinə yetirmək idi. Məmur özfəaliyyəti indiki kimi onda da yolverilməzdi.
Ötən əsrin sonunda qəfil eşitdik ki, Dursun müəllimin bankında milyardlarla pul yeyintisi “aşkarlanıb”. Ölkə gündəmində güclü səs-səda doğuran bu əhvalata görə bir-iki istisnadan savayı bankın bütün kollektivi güdaza getdi. Bu ifadə ilə əlbəttə ki, ölkəmizin ədalət simvolu olan hüquq-mühafizə orqanlarının işini şübhə altına almaq niyyətində deyilik. Yəni həmişəki kimi bu məsələdə də qanun şah rolunu oynadı. Yəni miyonlar mənimsəmək üstündə məhkum olunan adi əməliyyatçının yaxınları məhkəmə hələ bitməmiş kənddə qapı-qapı düşüb borc axtarırdılar. Ailənin vəziyyəti o qədər şəffaf idi ki, hər kəs oğlunu ziyarət etmək üçün kasıb traktorçuya könüllü əl tuturdu. Digər sıravilər də eləcə.ÿ
Dursun müəllimin həyat tərzi isə üzdə olan hər hansı məmurdan fərqlənmirdi. Yəni görünən və ehtimal olunan tərəflər bunlardı. Qalanını allah bilər, o zamandan Qəbələyə xüsusi yiyəlik edən heydərovlar, əliyevlər bilər…
Uzun sürən məhkəmə proseslərində hər kəsin təxmin etdiyi kimi cinayətin səbəbkarı olan əsas simaların adları açıqlanmadı. Ittiham edənlər və olunanlar “yuxarıya sədaqət” prinsipini əldə rəhbər tutaraq parlaq nəticəyə nail oldular. Bankçılar cinayətlərini “boyunlarına aldılar”. Eynən “Kapital”ı mən yazmışam” kimi…ÿ
Beləliklə, hər şey “gün kimi” aydın oldu. Ocaqqulunun sualına oxşamasın, bu əhvalatın bircə yeri türkəsaya adamlara hələ də çatmadı: Həcmi kisələrlə sığmayan nəhəng məbləği bütün məişət şəraiti və həyat tərzi göz önündə olan bu adamlar kimə, necə və hara xərcləyə bilərdilər?ÿ
Yeni əsrin təxminən birinci on illiyini həbsxanada keçirənlər və onların dustaq həyatını canları-qanları hesabına yüngülləşdirməyə çalışan çöldəkilər bu illəri kimə və nəyə borclu olduqlarını yaxşı bilirlər. Xalq da onlar qədər olmasa da, özünə görə çox şey bilir. Amma bütün bunlar nəyə yarayar ki? Neçə-neçə ailənin həyatını faciəyə çevirən bu qorxulu Azərbaycan nağılı da başqa əhvalatlar kimi tarixin qıfıllı arxivində unuduldu. Ömrünün mühüm hissəsini “fədakarcasına” barmaqlar arxasında keçirən o boyda bankın sabiq rəhbəri balaca bir kağız parçasını bizə gətirməsəydi heç bu yazı da olmayacaqdı.ÿ
Qəbələdə şəhərin “Kəndbaşı” adlanan hissəsində müdirdən savayı cəmi iki nəfər ştatı olan xırda poçtun poçtolyonu işləyirmiş Dursun Süleymanov… On illik həbsdən sonra azadlıqda darıxırmı? Ehtiyac üzündənmi? Hər bir əmək növü insanı şərəfləndirir. Poçtolyonluq beş də artıq. Ilk baxışda bu peşə internet texnologiyalarına görə bir az köhnəlmiş görünür. Əslində isə poçtolyonun gəlişi hər birimiz üçün ən maraqlı və vacib anlardan biridir.
Madam ki, bankir Dursun müəllim on bir ildən sonra xalqın qarşısına belə gözəl və sadə peşə ilə çıxdı, onu poçtolyon edənlər nədən özlərinə vaxt varkən bu cür xeyirxah iş yerləri gözaltı etməsinlər? Namuslu əmək insanın daxilən saflaşması üçün çox yaxşı müalicədir. Nümunə də var. Məşğulluq idarəsi də axır ki, ömründə bir işə yarasın! Məsələn, maddi-mənəvi cəhətdən sakitləşmək arzusunda olanlar üçün yeni əmək yarmarkalarının təşkilinə nə deyirsiniz? Kütləvi istefalardan sonra boşalan mühüm vəzifələrə korlanmamış istedadlı gəncliyi yönəltmək olar.ÿ
Prezident, nazir, deputat, başçı və sairə işsizləri məşğulluqçular xeyirxah, təvazökar sahələrdə yerləşdirərlər. Çoban, sürücü, qapıçı, dayə, aşpaz, montyor, təmizlikçi, həvəskar incəsənətçi, kitabxanaçı, bələdçi, bağban və sairə qədər hansı çeşiddə desən yerlər ağzıgünə durur. Belədə hər kəsin işi düzələr. Işsizlərin də, bekarçılıqdan əziyyət çəkən məşğulluq idarəsinin də. Məsələn, akademik məmurlardan biri Axundov kitabxanasının uşaq şöbəsində işə düzəlib balacalara dövlətçiliyimizin əsasları barədə ədəbiyyat tapmağa yardım edər. Başqa bir xanım bağçada körpələri parlament laylası ilə yatızdırar. Yüzlərlə belə fərəhli misallar çəkmək olar. Yetər ki, hər kəs işinin başında olsun.
Axırda Pənahovsuz seçkilər keçirərik. Ağlabatan deyil? Onda fantaziyanızı işə salın…