Kamilə Əliyeva: «Bu gün bəzi nazirlik, komitə və idarə rəhbərləri özləri rüşvət alırlar»
“Bu gün ölkədə korrupsiya ilə geniş mübarizə işləri aparılır. Gizlətməli deyilik ki, bu gün bəzi nazirlik, komitə və idarə rəhbərləri özləri rüşvət alırlar. Bu da Azərbaycanın iqtisadi cəhətdən irəli getməsinə mane olur, həmçinin vətəndaşlarımızın hüquqlarının nazirlik, komitə və idarə rəhbərləri səviyyəsində pozulmasına gətirib çıxarır”.
Bunu Milli Məclisin iclasında deputat Kamilə Əliyeva deyib. O söyləyib ki, bəzi nazirlər mətbuat vasitəsilə rüşvətxorluq üstündə əməkdaşların işdən azad olunduğunu bəyan edirlər və bunu korrupsiyaya qarşı mübarizənin tərkib hissəsi kimi təqdim edirlər: “Hansı qanunvericilikdə göstərilib ki, rüşvət alan məmurun cəzası yalnız işdən azad olunmaqdır? Əvvəla Cinayət Məcəlləsində rüşvətə qarşı mübarizə maddələri daha kəskindir. Həm də təklif edərdim ki, nazirlər və komitə sədrləri Milli Məclisdə deputatlar qarşısında korrupsiya və rüşvətxorluğa qarşı mübarizə və gələcəkdə görüləcək işlərlə bağlı hesabat versinlər. Adi tədbirlər korrupsiyaya qarşı mübarizə demək deyil”.
Qeyd edək ki, K. Əliyeva YAP-ın üzvüdür.