«Hakimiyyətdə təmsil olunanlar korrupsiyanı özlərinin qanuni haqqı sayırlar»
Müzəffər Baxışov: «Zakir Qaralov yerində olmayan adamdır. O baş prokuror təyin olunandan sonra bu orqan məhv edilib»
“Azadlıq”ın bu dəfəki müsahibi tanınmış vəkil Müzəffər Baxışovdur. Onunla müsahibəmizə prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin imtahan vasitəsilə yoxlanılmasına dair səsləndirdiyi tənqidi fikirlərə prokurorluqdan gələn sərt reaksiyaya münasibət öyrənməklə başladıq:
– Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirir ki, Müzəffər Baxışov guya xidməti intizamı pozduğuna görə, prokurorluq orqanlarından xaric edilib, ona görə də prokurorluğa böhtan atır. Onun nəzarinə çatdırırıam ki, dedikləri tam yalandır. Azərbaycan ictimaiyyəti bilir ki, Müzəffər Baxışovun prokurorluq orqanından xaric edilməsinin yeganə səbəbi mənim 2002-ci ildə Saatlı rayonunun icra başçısı vəzifəsindən işləyən Gülhüseyn Əhmədovun özünün və yaxın qohumlarının qanunsuz hərəkətləri ilə bağlı sərt etirazımı bildirməyimlə bağlıdır. Bu etirazı mən icra başçısının təşkil etdiyi 500 nəfərlik iclasda söyləmişəm və ondan qanunsuz hərəkətlərin qarşısını almağını tələb etməyim olub. Hamıya bəllidir və bu barədə məhkəmə hökmü var ki, mən Saatlı rayonunda prokurorun böyük köməkçisi işlədiyim dövrdə Saatlı rayon icra başçısının qardaşı oğlu 9 yaşlı qız uşağının başına oyun gətirib, onu öldürüb, tualetə atmışdı. Bununla bağlı o bizə təzyiqlər göstərirdi ki, cinayət işi açılmasın. Biz isə öz vəzifə borcumuzu yerinə yetirərək cinayət işinin başlanmasına nail olduq və həmin şəxsin cinayət işinə cəlb edib, cəzalandırılmasına müvəffəq olduq. Mənim Saatlı rayonunun icra başçısı ilə ilk insidentim həmin məsələ üzərində başlayıb. Mən prokurorun böyük köməkçisi təyin olunanda Saatlı rayon icra başçısının qanunsuz hərəkətlərinə artıq dözə bilmədim. Çünki Saatlıda çoxlu sayda cinayət işləri var idi. Narkotiklə bağlı bütün cinayət işləri Saatlı rayon icra başçısına və onun yaxın qohumlarına çıxırdı. Gülhüseyn Əhmədov Saatlı rayonunun icra başçısı olduğu dövrdə Cəlal Əliyevin mövqeyi çox güclü olduğundan icra başçısı bütün qanunsuzluqlara yol verirdi. Bu hərəkətlərə qarşı çıxdığımdan icra başçısının himayədarları vasitəsilə fəaliyyətim yoxlanıb. Amma bircə nöqsan tapmayıblar. Əgər baş prokurorun cürəti varsa, mənim prokurorluq orqanlarımdan xaric edilməyim haqqında əmri KIV-lərdə dərc eləsin və əmrdə göstərilənləri bir-bir araşdıraq. Bunu bütün prokurorluq işçiləri birir. Bu faktı istənilən prokurorluq işçisindən soruşa bilərsiniz, əgər onun vicdanı varsa təsdiq edər. Ümumiyyətlə Eldar Sultanovun mənim haqqımda fikir yürütməyə mənəvi haqqı yoxdur. Mən 1989-cu ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişəm və təyinatla prokurorluq orqanlarına keçmişəm. Prokurorluq orqanlarında yeganə şəxs olmuşam ki, mənim attestasiyama 4 il qalmış – 27 fevral 2002-ci ildə Attestasiya Komissiyasına müraciət etmişəm ki, məni könüllü atestasiyadan keçirsinlər. Və həmin tarixdən prokuror vəzifəsinə təyin olunmuşam. Prokurorun cəsarəti varsa, bu barədəki tövsiyə qərarını KIV-lərdə dərc etsin. Mənim prokurorluq orqanları ilə heç bir qərəzçiliyim yoxdur. Onlara mənim böyük hörmətim var. Tam məsuliyyətimlə bildirirəm ki, 26 aprel 2000-ci ildə Zakir Qaralov baş prokuror təyin olunandan sonra bu orqan məhv edilib.
Mən bunu hər yerdə sübut etməyə hazıram.
6-cı gün işə görə baş prokuror məhkəməyə verilib
– Belə məlumatlar da var ki, prokurorluqda bir sıra yazılmamış qanunlar var. Məsələn, polis işçisi barədə prokurorluqda cinayət işi qaldırmaq üçün DIN-dəki müvafiq idarənin razılığı olmalıdır. Bundan başqa Əmək Məcəlləsinə zidd olaraq prokurorluq orqanlarının işçiləri 6-cı günlər də işləyirlər?
– Bu tam qanunsuzdur. Yaxın bir dostumuz var, onun hüquqlarını qoruyuram. Amma adını çəkə bilməyəcəm. Çünki o mənə elə səlahiyyət verməyib. O həmin 6-cı günə görə baş prokuroru məhkəməyə verib ki, sən məni 6-cı günlər işlətmisən mənim pulumu ver. Bizdə müstəqil məhkəmələr olmadığına görə həmin iddia ərizəsi qəbul olunmadı. Amma çox haqlı iddia ərizəsidir. Milli Məclisdə də bu məsələ bir dəfə qaldırılmışdı. Avropa ölkələrində kimsə iş vaxtından əvvəl işdə qalarsa, tədqiqat aparılır ki, nəyə görə o işdə qalır və dövlətin elektrik enerjisindən istifadə edir. Amma çox əfsuslar olsun ki, bu nəzərə alınmır. Mən özüm də prokurorluq orqanlarında işləyəndə bizi saat 10-a qədər işləməyə məcbur edirdilər. Əgər baş prokurorun 6-cı günü iş günü elan etməsiylə bağlı əmri varsa, onu cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Bu vəzifə səlahiyyətlərini aşmadır. Prokurorluq orqanlarının işçilərinə beş günlük iş müddəti müəyyən olunub. Əgər hadisə baş verərsə, onlar növbəçiliklə vəzifələrini icra edirlər.
O cümlədən də DIN əməkdaşları haqqında cinayət işinin qaldırılmasının razılıqla olması da faktdır. Mən işlədiyim dövrdə də olub. Əvvəllər belə məsələlər az idi prokurorluqda. Amma Zakir Qaralov baş prokuror təyin olunandan sonra polislərin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün qanuni tədbirlərin görülməsi həddindən artıq çətinləşdi. Bunun da səbəbi odur ki, Zakir Qaralov yerində olmayan adamdır və o daxili işlər nazirini özünün ağsaqallı hesab edir.
– Siyasi məhbusların çoxu qondarma ittihamlarla həbsə atılırlar. Gələcəkdə ölkədə normal dövlət qurulacağı təqdirdə üzədurmaqda, narkotiklə şərləmədə iştirak etmiş şəxsləri hansı məsuliyyət gözləyir?
– Hakimiyyət dəyişikliyi olsa, məhz həmin məsələlərdən başlamaq lazımdır. Bir dəfə bir hakimə sual verdim ki, siz qorxmursuz bu qədər cinayətlər edirsiz, qanunsuzluqlara yol verirsiniz? O maraqlı cavab verdi. Indiyə qədər neçə hakimiyyət dəyişib. Bütün hakimiyyətlər bizimlə işləməyə səy göstərir. Bizim kimi şərəfsiz, ləyaqətsiz insanlarla işləməyə cəhd edirlər ki, onların iqtidarların müdafiə edək. Həqiqətən də bu Azərbaycan üçün böyük problemdir. Mən dəfələrlə bu məqamları qaldırmışam. Görürsən ki, hakimin törətdiklərinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Amma heç kim onu məsuliyyətə cəlb etmir. Eyni zamanda yalançı şahidliyə görə məsuliyyət nəzərdə tutulub. Amma buna da əhəmiyyət verən yoxdur. Əgər hakimiyyət dəyişikliyi olsa həmin iqtidar özünü qorumaq barədə deyil, ölkədə hüquqi dövlətin qurulması barədə fikirləşməlidir. Hər bir şəxs törətdiyi cinayətə görə cavab verməlidir.
Siyasi hakimiyyət vəkillərdən qorxur
– Əsgər ölümləri davam edir. Beş günün əsgəri bir neçə gün əvvəl özünə qəsd edib. Ordudakı itkilər dövlət başçısının yanındakı müşavirədə qaldırılanda Ilham Əliyev günahkarları cəzalandırmaq əvəzinə informasiyanı yayanları ittiham etdi. Həmin tarixdən bu günə kimi 10 yaxın əsgərimizi itirmişik. Vaxtı ilə düzgün qiymət verilsəydi, bu itkilərdən qaçmaq olardımı?
– Ordu elə bir qurumdur ki, orada itkinin olması təbii haldır. Təmas xəttində müəyyən problemlər ortaya çıxır. Amma bir var itki təbii proseslər nəticəsində olsun, bir də var səhlənkarlıq nəticəsində yaranan şəraitlə bağlı baş versin. Bu qanusuz şəritin yaradılmasından irəli gələrək itkilərin sayı çoxdur. Siyasi hakimiyyət ordudakı bu itkilərə görə birbaşa məsuliyyət daşıyır. Hamının orduda baş verənlərdən xəbəri var. Hamının bildyi bu faktları mətbuatda yayanda ordu rəhbərliyi sərt reaksiya verir. Axı onlar da gözəl bilir ki, bu həqiqətdir. Bu həqiqəti aradan qaldırmaq əvəzinə deyirsiz ki, yazılanlar böhtandır. Bu itkilərin sayı artdıqca ordu zəifləyəcək, ona inam azalacaq.
Zeynəb xanım yaxşı bilir ki, onu ucaldan xalqıdır
– Hazırda cəmiyyətdə baş verənlərə görə fikirlərini açıq söylədiklərinə görə Zeynab Xanlarova, Rüstəm Ibrahimbəyov iqtidar mətbuatının təzyiqinə məruz qalırlar bu nə dərəcədə düzgün yanaşmadır?
– Zeynəb Xanlarovaya deyirlər ki, biz səni deputat etmişik bizi təfirləməlisən. Amma Zeynəb xanımda bir vicdan var. Zeynəb xanım Azərbaycanı sevən, ədalətli bir sənətkardır. Baş verənlər Zeynəb xanımı məcbur edir ki, bu haqsızlığa dözməsin. Axı nə qədər dözmək olar? Bu haqsızlığa yalnız şərəfi, ləyaqəti olmayanlar dözə bilər. Amma Zeynəb xanım yaxşı bilir ki, onu ucaldan xalqıdır və o xalq zülm içində yaşayır. Axı heç kim inanmır ki, ilahiyyatçı Tale Bağırzadənin üzərindən narkotik maddə tapılsın.
– Müstəqil şəkildə fikirlərini söylədiklərinə görə vəkillər Aslan Ismayılov, Qurban Məmmədov elə sizin özünüzə qarşı da təzyiqlər var. Nəyə görə hüquqşünas sözündən çəkinirlər?
– Siyasi hakimiyyətin ən çox qorxduğu insanlardan biri vəkillərdir. Çünki vəkillər qanunun dili ilə danışır, fikirlərini əsaslandırır. Bu isə irticaya söykənən hakimiyyətin belini qırır. Bir var siyasi adam fikir söyləsin, bir də var hüquqşünas sanballı məsələni ortaya qoysun. Təsadüfi deyil ki, Aslan Ismayılov inhisarçılıqla bağlı ciddi məsələləri ortaya qoyur. Hamıya bəllidir ki, Azərbaycana kimin icazəsi olmadan yumurta gətirmək olmaz, Çünki Azərbaycan balaca yerdir. Hüquqşünasların dedikləri faktlara söykənir. Onlar tələb edirlər ki, hansı yol ilə sən bu qədər sərvət toplaya bilmisən.
Hakimiyyət istefa vermək niyyətində deyil
– Dövlət başçısının ailəsinin Offşor zonalardakı vəsaitləri barədə məlumatlardan yaylından sonra hakimiyyət nümayəndələrinin bu istiqamətdəki arqumentlərini nə dərəcədə əsaslı saymaq olar?
– Hakimiyyət heç bir izahat verməyəcək. Nə qədər imkanları var hakimiyyəti idarə etməyə çalışacaqlar. Heç kim istefa verməyəcək. Çünki onları birləşdirən vahid məqsəd korrupsiyadır. Hakimiyyətdə təmsil olunan şəxslər korrupsiya faktlarını özlərinin qanuni haqqı sayır. Nazir deyir ki, mən rüşvət almalıyam, sərvətim çox olmalıdır. Amma bu nə Islam dinin, nə də qanunların tələblərinə uyğundur. Dinə görə haram sərvət əldə edən şəxs ondan heç zaman bəhrələnə bilməyəcək.
– ABŞ-da korrupsiyaya uğramış, insan hüquqlarının pozulmasında adları halanan məmurlara qarşı sanksiyaların tətbiqini nəzərdə tutan Maqnitski qanunu qəbul olundu. Ekspertlər vurğulayırlar ki, oxşar sanksiyaların Azərbaycan məmurlarına qarşı da tətbiq olunması üçün hüquq müdafiəçilərinin, QHT təmsilçilərinin, hüquqşünasların insan haqlarını pozan məmurların vahid siyahısını hazırlaması gərəkdir. Belə bir təşəbbüs mümkündürmü?
– Bu qanunun Azərbaycana da tətbiq olunması zəruridir. Çünki buda da proseslər o Rusiyadakı istiqamətində gedir.
Yaxşı olardı ki, bu qanunu tətbiq edənlər Azərbaycanla bağlı da bir “Qaralov siyahısı” hazırlasınlar.
Xəyal