«Binə» ticarət mərkəzinin sahibkarları «haqq» verməkdən bezib
Biz, aşağıda imza edənlər, Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzinin sahibkarları kimi sizə mərkəz rəhbərliyinin (Kəbirə Məmmədova) özbaşınalığı və s. qeyri-insani rəftarından şikayətçiyik. Bazar fəaliyyət göstərəndən burda işləyirik. Indiyə qədər bazar rəhbərliyinin çoxsaylı şəxsi “layihə”lərinin qurbanı olmuşuq. Lakin hazırdakı vəziyyətimiz acınacaqlı və dözülməzdir. Son ümidimiz sizin əlaqədar məsələ haqqında tədbir görməyinizədir. Sizi belə “layihə”lərin qısa xronikası ilə tanış etmək istəyirik.
İşləməyən kassaya 300 manat vermək
Biz ticarət mərkəzi açılanda 40 kv. metrlik sahəli dükan üçün bazar rəhbərliyinə 800 manat, dükan sahibkarlarına isə 500-600 manat pul ödəyirik. Bir ay işlədikdən sonra bizdən daha 800 manat deyil, 850 mant pul tələb olundu. Daha 4 ay sonra bizə müdiriyyətdən bildirildi ki, bazara vergilər nazirliyinin nümayəndələri gəlib, sahibkarların fəaliyyətinə uyğun vergi tələb olunur. Çıxış yolunu, ödədiyimiz icarə haqqının 850 manatdan, 1050 manata qaldırılmasında gördülər. Guya artırılan 200 manatı vergi kimi nazirliyə verəcəklər. Baxmayaraq ki, bu pul bizdən zorla alınır, vergi ödəməyimiz haqda heç bir qəbz ala bilmirik. Bir il əvvəl Vergilər Nazirliyinin nümayəndələri sahibkarları vergi uçotuna almaq məqsədilə bizə müraciət etdilər və fiziki şəxs kimi bizi uçota aldılar. Bu ərəfədə bazar rəhbərliyi hər sahibkara 300 manat müqabilində kassa aparatı satdı. Baxmayaraq ki, kassanın real qiyməti 50-60 manat arasındadır. Qeyd edək ki, həmin kassa aparatları indiyə qədər işlədilmir. Yəni vergi haqda müdiriyyətin öz mexanizmi var. Işləməyən kassaya görə hər ay bizdən 6 manat servis pulu alırlar.
Üzünü görmədiyimiz siqnalizasiyaya görə 3500-5000 manat pulumuzu aldılar
Indiki şəraitimiz yeni vergi adı ilə tətbiq olunmuş əlavə icarə haqqı barəsindədir. Baxmayaraq ki, bizdən vergi adıyla 200 manat alınır, yəni eyni adla daha 240 manat tələb edilir. Bundan başqa, hər dükanın qarşısında Fövqəladə Hallar Nazirliyinin xüsusi siqnalizasiya sisteminin quraşdırılması məqsədilə 3500-5000 manat pulu zorla alıblar. Bu qədər əlavə pulu ödəməyimizə baxmayaraq, bizim dükanlara hələ də siqnalizasiya quraşdırılmayıb. Əlavə 10 manat da “polis pulu” yığırlar. Elektrik enerjisi ilə problem ilk dəfə bizə sayğac qəbzsiz, 120 manata satılanda başladı. Sayğac qoyulanda sayğacın göstəricisinə uyğun olaraq hər sahibkar 5-6 manat ödəyirdi. Sonra sayğacın göstəricisini nəzərə almadan hər dükana standart qiymət, 30 manat tətbiq olundu. Daha sonra elektrik enerjisini tez-tez kəsməklə sahibkarlara məqsədli təzyiq göstərdilər. Bunun da nəticəsi olaraq bizə bildirildi ki, əgər daimi elektrik enerjisi ilə təmin olunmaq istəyirsinizsə, ayda 50 manat ödəyin. Burda da əlavə şərtlər irəli sürülür. Sahibkar bazarın müəyyən etdiyi standartlardan kənara çıxarsa, əlavə hər lampa üçün 3 manat pul ödəməlidir. 2012-ci il sentyabrın 16-da Binə ticarət Mərkəzində bəlli faciə baş verdi. Bazarın müvafiq havalanma sistemi olmadığından, kütləvi zəhərlənmə baş verdi, 5 nəfər həlak oldu.
Kondisioner üçün 300 manat məcbur ödəməlisən
Baxmayaraq ki, hər ay elektrik enerjisi üçün pul ödəyirik, yenə də işığımız kəsilir. “Maxinasiya”lar bununla bitmir. Sahibkarlara yeni vergi sistemi tətbiq olunub. Sahibkar dükana kondisioner qoymaq istəyirsə, 300 manat rüşvət, daha sonra hər ay üçün istifadə müqabilində 40 manat əlavə pul zorla ödəməlidir. Çox maraqlıdır ki, bu qədər elektrik enerjisi haqqı ödənilsə də əvəzində heç bir qəbz verilmir. Bazarın işçiləri çoxstatuslu işlər görürlər. Elektrik enerjisi ilə bağlı məsələlərə təyinatı üzrə “Bakıelektrikşəbəkə”nin işçilərinin baxmalı olduğu halda onları nə görə, nə də dərdimizi söyləyə bilirik. Bütün bu haqsızlıqlara qarşı çıxan sahibkar bazardan qovulmaqla və elektrik enerjisinin kəsilməsilə hədələnir.
Kəbirə Məmmədovanın iştirakı ilə sahibkarlar döyülür
Bəzən haqsızlığa etiraz edənləri bazar sahibi Kəbirə Məmmədovanın iştirakı ilə zorba cangüdənləri döyür. Bütün bunların nəticəsi idi ki, 19 yanvar 2013-ci il tarixdə Binə Ticarət Mərkəzinin sahibkarları çarəsiz halda Bakı-Astara magistral yolunu bağlamış və dərdlərini bu yolla ölkə rəhbərliyinə çatdırmaq istəmişlər. Buna bizi vadar edən Kəbirə Məmmədovanın “kimə və hara şikayət edirsizsə edin, məndən haqq tələb edirlər və mən də sizdən bu pulu almalıyam. Başqa çarəniz yoxdur” deməsi oldu. Əslində həmin aksiya dövlətə qarşı deyil, dövlətdən kömək istəmək məqsədilə keçirilmişdi. Aksiyada iştirak etmiş çarəsiz sahibkarlar, daha sonra rəhbərlik tərəfindən qanunsuz cəzalandırılmışdır. Ümumi olaraq normal halda hər icarəçi bazar rəhbərliyinə 40 kv. metr sahəli dükan üçün 1450 manat pul ödəyir. Ən maraq doğuran amil odur ki, ödənilən vəsait dövlət uçotuna salınmır. Çünki indiyə qədər bizə ödədiyimiz pul müqabilində heç bir qəbz təqdim olunmayıb. Biz müəyyənləşdirə bilmirik ki, “Bakıelektrikşəbəkə”, Vergilər Nazirliyi və ya Fövqəladə Hallar Nazirliyinin səlahiyyətində olan işləri niyə məhz bazar işçiləri görür. Onlar haradadırlar? Əmək məcəlləsində belə multisəlahiyyətli iş ştatı nəzərdə tutulubmu?
Sizdən kömək istəyirik. Kəbirə Məmmədovaya dur deyin!
İlham Hüseyn