“Rəqiblərini həbs etdirən, fəallara işgəncə verdirən, seçkiləri saxtalaşdıran, korrupsiyalaşmış rejimin başçıs…”
Britaniyalı deputatlar və hüquq müdafiəçiləri şahzadə Endryunun Əliyevlə görüşünə görə hökumətdən izahat tələb edir
Böyük Britaniya şahzadəsi Endryu bugünlərdə Bakıda keçirilən Ümumdünya Iqtisadi Forumunda iştiraka və xüsusən, Ilham Əliyevlə eyni masa arxasında şam etdiyinə görə ölkəsində tənqid atəşinə tutulub. Britaniyalı deputatlar, hüquq müdafiəçiləri “qəddar diktatorla görüşə görə” hökumətdən izahat tələb edir. Son bir neçə gündə Britaniyanın bir sıra media orqanları bu haqda suallarla Bukingem sarayına müraciət edib.
Əliyevlə görüşə görə şahzadənin kəskin tənqid olunduğu məqalələrdən biri də Britaniyanın nüfuzlu “Daily Mail” qəzetində yayımlanıb. Müəlliflər Hik Kreyvn və Uill Styuartın qələmə aldığı “Şahzadə Endryu despotun nahar masasına qayıtdı…” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
Korrupsiyalaşmış rejimin başçısı ilə eyni masa arxasında…
York Hersoqu öz addımı ilə yeni diplomatik qalmaqal yaratmağa risk edib. Hərçənd, qəddar diktatorun təşkil etdiyi zəngin şam süfrəsinə qonaq olmasıyla bağlı bundan əvvəl ittihamlar ortaya çıxanda o, iddia edirdi ki, həmin masa arxasında əyləşməklə sadəcə, Böyük Britaniyanı təmsil edib.
Britaniyanın rəsmi ticarət nümayəndəsi vəzifəsindən məcburi istefa verəndən təxminən iki il sonra şahzadə Endryu keçmiş sovet ölkəsi olan Azərbaycanda bir tədbirdə iştirak etdi. Həmin tədbirdə hökumət rəhbərləri, siyasətçilər, bankirlər və neft şirkətlərinin rəhbərləri də iştirak edirdi.
Ötən həftə keçirilən tədbirdə o, Mərkəzi Asiyanın iqtisadi perspektivilə bağlı fikirlərini bölüşdü. Baxmayaraq ki, onun belə bir açıqlama vermək üçün heç bir rəsmi səlahiyyəti yoxdur.
Siyasi rəqiblərini həbs elətdirən, ölkəsindəki fəal insanlara işgəncə verdirən, seçkiləri saxtalaşdıran, korrupsiyalaşmış rejimin başçısı Ilham Əliyevlə bir masa arxasında əyləşməsini deputatlar, hüquq müdafiəçiləri də kəskin tənqid etdilər.
Şam süfrəsindən sonra Endryu qısa çıxışıyla masa ətrafındakılara belə müraciət etdi: “Cənab prezident, xanımlar və cənablar! Sizlər bu gecədən zövq alırsınız. Mənim Böyük Britaniyadan başqa təmsil edəcəyim kimsə yoxdur”.
Şahzadənin istefa səbəblərindən biri də Əliyev olub…
Endryunun ünvanına səslənən ittihamlarla əlaqədar Bukingem sarayı şahzadənin müdafiəsinə qalxıb. Bildirilib ki, Endryu Bakıdakı tədbirdə iştirakla Britaniyanın ticarət, xüsusən neft sahəsilə bağlı maraqlarını təmsil edib.
Bu, şahzadə Endryunun son yeddi ildə Ilham Əliyevlə 10-cu görüşüdür. Yeri gəlmişkən, 2011-ci ildə açıqlanan rəqəmlər göstərdi ki, Endryunun ticarət səfiri kimi, on ildə 76 xarici ölkəyə etdiyi səfər vergi ödəyicilərinə (büdcəyə) 4 milyon funt-sterlinqə başa gəlib. Hələ, mühafizəçilərə verilən vəsait bu rəqəmə daxil deyil.
“Daily Mail” qəzeti Endryunun 2009-cu ildə Bakıya üç günlük səfər üçün şəxsi təyyarəyə dövlətin 60 min funt-sterlinqini xərcləməsindən yazmışdı.
Endryunun 2011-ci ilin iyulunda Böyük Britaniyanın ticarət səfiri postundan istefa vermək məcburiyyətində qalmasının səbəblərindən biri də onun Əliyevlə dostluq münasibətlərinin yaratdığı narahatlıq və bu mövzuda ünvanına səslənən ittihamlar idi. Digər bir səbəb isə onun ABŞ-dan olan maliyyəçi, seksual cinayətkar Ceffri Epşteynlə dostluğuyla bağlı qalmaqal idi.
Amma görünür, şahzadə istənilən halda, bu işi davam etdirir.
Bukingem sarayındakı mənbə deyir: “Şahzadə Endryunun Bakıya səfərindən hökumətin xəbəri vardı. Lakin o, orada Böyük Britaniyanı təmsil etməyib. Yox, əgər o, Britaniyanı təmsil etdiyini iddia edirsə, artıq bu barədə sual Bukingem sarayına ünvanlanmalıdır”.
Bukingem sarayı isə Endryunun ötən həftə Bakıda keçirilən Ümumdünya Iqtisadi Forumunda iştirakını və bu məqsədlə Bakıya iki günlük səfərinin şəxsi mənbələr hesabına maliyyələşdirildiyini desə də, səfər və otel xərclərinin Əliyev tərəfindən maliyyələşdirildiyini təsdiqləməkdən imtina edib.
Anti-demokratik, seçki saxtakarı Əliyev…
Beş ulduzlu “Four Season” otelində şahzadə Endryunun Ilham Əliyevlə şam masasında, onun qızı, 24 yaşlı Arzu Əliyeva və xanımı da iştirak edib.
Ilham Əliyev rəqiblərinə qarşı təzyiqləri artırmaqda ittiham olunduğu bir vaxtda Endryunun onunla görüşməsini deputatlar, hüquq müdafiəçiləri kəskin tənqid edir. Məsələn, “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatının Azərbaycan üzrə eksperti Maks Taker deyir: “Endryunun prezident Əliyevlə birlikdə şam etməsi inanılmaz dərəcədə yersiz, zamansız addımdır. Bu ölkədə oktyabrda keçiriləcək prezident seçkisi öncəsi Əliyev rejimi son aylarda söz azadlığının boğulmasına yönəlik addımları artırıb. Biz York Hersoquna çağırış edirik ki, o, Əliyevə bu cür həbslər dalğasının dayandırılması üçün açıq mesaj versin”.
Hələ ötən ilin noyabrında “şahzadə Endryu hansı səbəbdən adamı dəhşətə gətirən, anti-demokratik, seçki saxtakarı Əliyevi ziyarət edib?”, sualına cavab axtaran leyborist Pol Flinn bu dəfə əlavə edir: “Endryunun özünün şahzadə statusundan sui-istifadə edərək, xalqına zülm edən şəxsi dəstəkləməsi və bunu Böyük Britaniyanı təmsil etmək kimi qələmə verməsi özbaşınalıqdır”.
Endryu bu səfərlərlə Britaniyaya milyonlar qazandırıb
Şahzadəni müdafiə edən Bukingem sarayının digər bir arqumenti belədir: “Hersoq Britaniya biznesinin qayğısına qalır. BP-nin Azərbaycanda çox böyük investisiyaları var. Məhz bu səbəbdən ilk dəfə 2005-ci ildə hökumət ondan Azərbaycana səfər etməyi xahiş etmişdi. Onun Azərbaycanla bağlı şəxsi biznes maraqları yoxdur”.
Şahzadəyə yaxın bir mənbə isə əlavə edir: “Çox təəssüf ki, Endryu xarici səfərləri vasitəsilə Ingiltərəyə gətirdiyi faydadan danışmır. O, Britaniyaya milyonlar qazandırıb”.
Siyasət şöbəsi