Klonlaşdırmanın tibbi mahiyyətini açıb sizləri çətinə salmaq istəmirəm. Sadə dillə desək, klonlaşdırma insanın və ya heyvanın kopyasını (surətini) yaratmaqdır.
Dünya tibbinin qarşısında dayanan ən aktual problemlərdən biri sayılan klonlaşdırma üzərində alimlər 50 ildən artıqdır baş sındırırlar. 1952-ci ildə gizli şəkildə çömçəquyruq klonlaşdırıldı, 1975-ci ildə ingilis alimi Cohn Gordon qurbağanın klonunu yaratmağa nail oldu. 1986-cı ildə ilk məməli heyvanlar, qoyun və inək klonlaşdırıldı.
1997-ci ildə isə Edinburqdakı Roslin institutunda alimlər DOLLI adlı qoyun klonlaşdırıldığını dünyaya xəbər verdilər.
Sonra ABŞ və Böyük Britaniya alimləri meymun, pişik, donuz, inək klonlarını yaratdıqlarını bəyan etdilər.
Bütün bu proseslərdən sonra insanın klonlaşdırılması üçün tədqiqatlara start verildi. Xristian və Islam dininin klonlaşdırılma əleyhinə çıxmasına baxmayaraq, bu gün də dünyanın bir sıra inkişaf etmiş ölkələrində tədqiqatçılar insanın klonunu dünyaya gətirmək üçün ciddi araşdırmalar aparırlar.
Klonlaşdırmanın tərəfdarları və əleyhdarları mövcuddur. Əleyhdarlar ən birinci arqument olaraq klonlaşdırma əməliyyatını Allahın işinə müdaxilə kimi vurğulayır.
Məhz elə bu fikri əsas gətirən Vatikan kilsəsi bütün xristian aləmini təcrübələrə son qoymağa çağırır. Ikinci şərt kimi doğulan klonun böyük ehtimalla anormal olacağı iddia edilir.
Bəziləri bu əməliyyat nəticəsində canilərin, manyakların, qəddar diktatorların, avtoritarların öz klonlarını yaradacaqlarından ehtiyat edirlər.
Tərəfdarlar bəzi şəxsiyyətlərin klonlaşdırılmasının vacibliyini də qeyd edirlər. Məsələn, Amerikada aparılan bir sorğuda respondentlər məşhur Hollivud ulduzlarından Klint Istvudun, Sofi Lorenin, basketbolçu Mayk Cordonun, idmançılardan Vilt Çemberlenin, Ted Vilyamsın klonlarını görmək istədiklərini arzulayıblar.
Sorğuda dahi alimlərin, Nobel mükafatçılarının, böyük siyasət adamlarının da klonlaşdırılmasını istəyənlər üstünlük təşkil edib. Bu gün alimlər basqılara baxmayaraq klonlaşdırma əməliyyatının gerçəkləşməsindən yana böyük enerji sərf edirlər. Yaxın zamanlarda klonlaşdırma əməliyyatının kütləvi xarakter alacağını təxmin edənlər çoxdur.
Gün gələcək Azərbaycanda da, klonlaşdırma əməliyyatı aparılacaq. Gerçəkdən bizdə elə canlılar var ki, onların klonlarını yaratmağa dəyər. Gələcək nəsillər bəziləri haqqında arxivlərdən öyrənmək əvəzinə onların klonlarına baxmaqla kifayətlənəcək.
Cəmiyyət olaraq biz indidən kimlərin klonlarının yaradılmasını aydınlaşdırmalıyıq. Unikal məddahların, yer üzündə tayı-bərabəri olmayan saxtakarların, super korrupsioner və rüşvətxorların, peşəkar işverənlərin, mənəviyyatsız siyasətçilərin klonlarını yaratmaq lazımdır.
Bizim cəmiyyət belələri olmadan yaşaya bilmir. Ötən əsrin 30-cu illərində milləti Stalin repressiyalarına məruz qoymuş Mircəfər Bağırovun, qaniçən Şaumyanın köməkçisi olmuş Məşədi Əzizbəyovun, bəylərin, xanların mal-mülkünü yağmalamış Qatır Məmmədin, “Koroğlu” dastanındakı Keçəl Həmzənin, “Dədə Qorqud”dakı Yalıncığın klonlarını yaratmağın nəyi pisdir ki?
Sinəsi orden-medallı “xalq şairi”, “xalq yazıçısı”, “xalq artisti” titullu milli mənəviyyatdan uzaq ziyalılarımızın klonları yaradılsa necə olar?
Gedin bir sorğu keçirin, cəmiyyət, tayfa üzvləri bir yana, Hafiz Hacıyev, Mübariz Qurbanlı, Məzahir Pənahov, Ilhamə Quliyeva, Zəlimxan Yaqub, Əhəd Abıyev və sairlərinin klonlarını istəməsələr, etirazınızı bildirin.
Müxalifətin özündə belə bəzi “hərşeyşünasların” klonlarının yaradılmasını istəyənlər çox olacaq.
Deyirlər ki, Azərbaycan səhiyyəsi yüksək inkişafdadır. Həkim olmasaydım, bəlkə də bu yalanı həqiqət kimi qəbul edərdim. Azərbaycan səhiyyəsinin klonlaşdırma əməliyyatının gerçəkləşdirmək gücündə olmadığını rejimin yetkililəri də çox gözəl bilir.
Odur ki, klonlaşdırmanı rejimin özü həyata keçirir. Bir dönün yaxın tariximizə nəzər yetirin. Bu gün iqtidarın qapısında yallananların, züytutanların, titulluların, millətə, dövlətə və vətənə biganə qalanların əksəriyyəti Müşfiqi, Hüseyn Cavidi, Əhməd Cavadı satanların, Sumbatyanların, Şaumyanların, Əzizbəyovların, Mircəfərlərin, Keçəl Həmzələrin, Yalıncıqların klonlarıdır ki, var…